Şriftin ölçüsü :

Saytın rəngi :

Tarixi

Azərbaycanın qədim, çoxəsrlik tarixə malik olan şəhərlərindən biri də Şəmkirdir. Şəmkir toponiminin mənası haqqında müxtəlif mülahizələr mövcuddur. Azərbaycan tarixçisi A.Bakıxanov Şəmkirin yaranmasını və etimologiyasını Təbəristan hökmdarı Şəmkir bin - Ziyadın adı ilə bağlı olmasını qeyd edərək,bu sülalənin altı hökmdarının 150 il müddətində İranın, o cümlədən Cənubi Qafqazın bir çox əyalətlərini fəth etdiyini, bu sülalənin ikinci hökmdarı olan və 935-967-ci illərdə şahlıq etmiş Şəmkir bin-Ziyadın Gəncə yaxınlığında şəhər saldırdığını və onu öz adı ilə adlandırdığı haqqında məlumat verir.Əslində bu mülahizə tarixi faktlarla uyğun gəlmir. Belə ki, qədim mənbələrin hamısında Şəmkirin adına X əsrdən xeyli əvvəlki dövrlərə aid mənbələrin hamısında rast gəlinir.Görünür A.Bakıxanov adların zahiri oxşarlığına əsaslanaraq belə bir nəticəyə gəlmişdir. Çünki əsərlərində VII əsr hadisələrini əks etdirən Ərəb müəllifləri Əl-Bəlazuri, İbn-əl-Fəqih və digərləri Şəmkür şəhərinin adını çəkmiş və onu qədim şəhər kimi xarakterizə etmişlər. Bütün bunlar göstərir ki, Şəmkir VII əsrdən əvvəl mövcud olmuşdur. Orta əsr ərəb və fars  mənbələrində Şamkür, türk  mənbələrində  isə  Şəmkür, Şəmkir kimi  göstərilmişdir. 

1924-cü  ildə İstanbulda  “Muxtəsər  Azərbaycan  tarixi”  kitabını  çap  etdirən C. Zeynaloğlu  bu  adı  aşağıdakı  kimi  izah  etmişdir:  “Şəmkir- Şəms-günəş  və  kir-tapınan  mənasındadır, günəşə tapınanlar  yurdu  deməkdir”. Dilçi  alim Cahangirov  isə bu  adı  Şəmkür, yəni  Kürqırağı  kimi  izah  etmişdir. Şəmkir şəhəri Kiçik Qafqazın şimal-şərq yamacında – Gəncə-Qazax düzənliyində yerləşir.Şəmkir bölgəsinin əverişli təbii-coğrafi şəraiti bu ərazidə insanların çox erkən məskunlaşmasını şərtləndirmiş, hələ eneolit dövründə bölgədə erkən əkinçi-maldar qəbilələr yurd salmış, burada tunc və dəmir dövrlərində, eləcə də sonrakı dövrlərdə intensiv həyat olmuşdur. Bütün bunlar  bölgənin çoxsaylı müxtəlif tipli arxeoloji abidələrində öz əksini tapmışdır. Belə abidələr sırasında eneolit dövrünə aid Keçili yaşayış yerini, tunc dövrünün müxtəlif mərhələlərinə aid qəbir abidələri (Osmanbozu, Qaracəmirli kurqanları), son tunc dövrünə aid Bitdili yaşayış yerini, alban dövrünə aid Alıqoca, II Keçili, Qanlıtəpə, Həsəntəpə, Tülkütəpə, Sarıtəpə, Saqqızlı, Üzümlütəpə yaşayış yerlərini, Bitdili və Daşbulaq qəbirlərini misal göstərmək olar.

Araşdırmalar göstərir ki, Şəmkir şəhəri Kür çayının sağ qolu olan Şəmkir çayının sahilində, çaydan 120 m aralıda salınmışdır. Şəhər  qala  yerinin  sahəsi  28 ha  olmuşdur. Şəhər  qala  yeri  çayın sağ  sahilində iki körpü vasitəsi ilə birləşdirilmişdir. Bu körpünün qalıqları da dövrümüzə qədər  qalmaqdadır. Buradan tapılmış maddi-mədəniyyət abidələri və yazılı qaynaqlar qədim dövrdə və orta əsrlərdə Şəmkir ərazisində şəhər mədəniyyətinin formalaşdığını da sübut edir. Bu şəhər Cənubi Qafqazda ticarət yollarının üzərində yaranmış, inkişaf etmiş, Azərbaycanın ictimai-siyasi və iqtisadi həyatında mühüm rol oynamışdır. Hələ ötən əsrin 70-ci illərindən Şəmkirdə arxeoloji araşdırmalar aparılmış, 2007-ci ildən isə Şəmkir arxeoloji ekspedisiyası qədim şəhərin yerində qazıntı işlərini genişləndirmiş və şəhərin qədim tarixini öyrənmək baxımından bir çox maddi-mədəniyyət materialları aşkar etmişdir. Aparılan tədqiqatlar sübut edir ki, Şəmkir şəhəri əsrlər boyu bölgələrin həyatında,ticarət və iqtisadi əlaqələrində mühüm rol oynamışdır. Lakin bütün bu sadalananlara baxmayaraq sovetlər dönəmində Azərbaycanın bir çox qədim və orta əsr şəhərləri kimi Şəmkir şəhərinin də arxeoloji baxımından tədqiqinə və yazılı qaynaqlar əsasında öyrənilməsinə lazımi diqqət yetirilməmişdir.

Şəmkir qalasının divarlarının bünövrəsi çay daşı ilə gil məhlulundan istifadə olunmaqla qoyulub. Tikilinin bu hissəsi təxminən 1-2 metrdir. Daha sonra seysmik qurşaq yaradılıb, yəni ağacdan lay təbəqə qoyulub ki, bu da zəlzələyə davamlılığı artırıb. Qala divarları çiy kərpicdən hörülüb. Binanın hündürlüyü 5 metrə çatır. Otaqların isə təyinatından asılı olaraq ölçüləri dəyişir. Hər üç otağın qapıları aşkar edilib. İki otağın qapısı sütunlu həyətə, bir otağın qapısı isə cənuba doğru dəhlizə açılır. Monumental binanın şimal divarı tam açılaraq tədqiq olunub. Müəyyən edilib ki, şərq və cənub divarları kimi, şimal divar da qəsr divarı kimi inşa edilib, yəni mərkəzdə, şərqdə və qərbdə dairəvi bürclərlə möhkəmləndirilib. Görünür ki, şimal-qərb bürcündə müəyyən uçqun olduğundan əlavə möhkəmləndirmə işləri aparılıb, divara dayaq inşa edilib. Bu, bina fəaliyyət göstərəndən təxminən yüz il sonra baş verib.

Orta əsr Şəmkir qalasının tarixi öyrənilməklə yanaşı, bu qədim memarlıq abidəsinin qorunub gələcək nəsillərə ötürülməsi üçün bərpa işləri də görülür. Söz yox ki, bu da gələcəkdə Şəmkir qalasının turizm marşrutuna daxil edilməsinə əsas verəcək.

Yuxarıda qeyd olunanlarla yanaşı 2006-2007-ci illərdə Azərbaycan-Almaniya-Gürcüstan Beynəlxalq arxeoloji ekspedisiyası tərəfindən Şəmkir rayonunun Qaracəmirli kəndi ərazisində yerləşən İdealtəpə abidəsində aparılan arxeoloji qazıntı işlərini də vurğulamaq yerinə düşərdi. Buradan İran Əhəmənilər dövləti (e.ə. 550-330) memarlığı üçün səciyyəvi olan monolit daş sütunaltlığı tapılmışdır. Burada aparılan ilkin tədqiqatlar göstərir ki, e.ə. I minilliyin ortalarında salınan yaşayış yeri Əhəməni və erkən ellinizm dövrünə aid maddi mədəniyyət qalıqlarını özündə əks etdirir.

Orta əsr Avropa və Şərq səyyahlarının qeydlərində Şəmkirin zəngin mədəniyyəti, təsərrüfatı və sənətkarlığı haqqında qiymətli məlumatlar verilmişdir. Həmin səyyahlar Arran şəhərindən danışarkən Şəmkirin də adını çəkmiş,onun təsvirini vermiş və şəhərin abad olduğunu göstərmişlər. Şəmkir şəhərinin tarixi müstəqillik dövründə ilk dəfə olaraq kompleks şəkildə tədqiq edilmiş,nəticədə Şəmkirin Azərbaycan tarixində oynadığı tarixi rol,tutduğu yer müəyyən edilmişdir. Beləliklə, maddi və yazılı mənbələr Şəmkir şəhər yerinin qədim yaşayış məskəni olduğunu, erkən orta əsrlərin əvvəllərində şəhər kimi meydana gəldiyini, onun hərbi-inzibati və iqtisadi mərkəzə çevrildiyini bir daha təsdiq edir. 

Şəmkirin strateji mövqeyi bütün tarixi dönəmlərdə, həmçinin orta əsrlərdə buranın xarici işğalçıların hücum, döyüş meydanına çevrilməsinə gətirib çıxarmışdır. Bu baxımdan türk-Bizans münasibətlərinin həlli zamanı,ərəb-monqol istilalarında bir çox tarixi mənbələrdə Şəmkirin nə qədər vacib bir məkan olduğu dəfələrlə xüsusi olaraq vurğulanmışdır. Digər tərəfdən bu yerlərin maddi nemətlərlə bolluğu, təbii gözəlləyi, memarlıq abidələri də bu diyara daim istilaçıların diqqətini çəkməsinə gətirib çıxarmışdır. Təsərrüfat yollarının kəsişdiyi yerdə yerləşən Şəmkir həm də ayrı-ayrı zamanlarda iqtisadi yüksəliş dövrünü yaşamışdır.Orta əsr mənbələrində Şəmkir adına ilk dəfə “Albaniya tarixi”ndə rast gəlinir. Hələ 588-ci ildə sabir tayfalarının böyük bir qismi Cənubi Qafqaza köç etmiş, Sasani hökmdarı Xosrov Ənuşirəvan onları Kür çayının sol sahilində, Şəmkirlə Ağstafa arasında yerləşdirmişdir.Burada məqsəd Gürcüstanla sərhəddin möhkəmləndirilməsinə xidmət etmişdir.Sasani imperiyasında mərkəzi hakimiyyətin zəifləməsi,əsarət altında olan xalqların müstəqillik meyllərinin güclənməsi Sasani imperiyasının zəifləməsinə və ərəb işğallarının genişlənməsinə gətirib çıxardı. Ərəblərin azərbaycana ilk hücumu 642-ci ildə baş verdi və özlərinin də etiraf etdikləri kimi Azərbaycanın işğalını bir əsrə yaxın müddətə başa vurdular. Digər Azərbaycan şəhərləri kimi Şəmkir də IX əsrin ortalarına qədər Ərəb Xilafətinin tərkibində qalmışdır.Tarixi faktlara görə Ərəb  xilafəti  Azərbaycanın  qərb  torpaqlarının  işğalı  prosesində  Şəmkirin  ələ keçirilməsinə  və  oradan  strateji  məqsədlər  üçün  istifadəsinə  xüsusi  əhəmiyyət  vermiş və VII əsrin ortalarında Ərəb  sərkərdəsi  Salman  İbn  Rəbiə tərəfindən şəhər zəpt edilmişdir. Bu  dövrdə  şəhərin  yüksəlişinə  ərəblərə  qarşı  çıxış  edən  savartilərin (siyavudilər)üsyanı mane olmuşdu.Onlar 752-ci ildə Şəmkiri dağıtmışdılar.Görünür ərəblər şəhərin strateji əhəmiyyətini yüksək  qiymətləndirərək  onun  bərpasına  xüsusi  fikir  verirdilər.Əslən  türk olan  sərkərdə  Buğa-Əl-Kəbr 854-cü ildə şəhəri azad edib,onu bərpa etdirdi və şəhəri Abbasi xəlifəsi Mütəfəkkiliyyənin şərəfinə Mütəfəkkiliyyə  adlandırdı.Ərəb  tarixçələrinin  də  etiraf  etdiyi  kimi  şəhərin adı  sonralar özünə  qaytarılmışdı. Bu, yerli  əhalinin  öz  keçmişinə  bağlılığı  ilə, digər  tərəfdən  Azərbaycanda  Ərəb  xilafəti  hakimiyyətinin zəifləməsi və müstəqil dövlətlərin meydana gəlməsi ilə  əlaqələndirilir. 

Xilafətin zəifləməsi nəticəsində ıx-xı əsrlərdə Azərbaycanda  başlanan siyasi və mədəni oyanış,müstəqil dövlətlərin yaranması Şəmkir şəhərinin də yüksəlişinə təkan  verdi.  Ümumiyyətlə  Şəmkir  haqqında  yazan  bütün  tədqiqatçıların yekdil  fikri belədir  ki,  şəhərin  çiçəklənmə  dövrü ıx -xı əsrlərə təsadüf  edir. Bu  dövrdə  Şəmkir  əvvəlcə  Sacilərin (879-941), Salarilərin (941-981), sonra  isə Şəddadilər (971-1088)  dövlətinin  tərkibinə  daxil  olmuşdur. Sacilər dövlətinin varlığı ərzində Şəmkir şəhəri əvvəlki şöhrətini saxlamış, ticarət və sənətkarlıq mərkəzi kimi inkişaf etmişdir.Həmin dövrdə Şəmkir şəhərində zərbxana da var idi. Ölkədə yaranmış nisbi sabitlik Şəmkirdə iqtisadi həyatın canlanmasına səbəb olmuşdur. Sacilər sülaləsinin süqutundan sonra Arranın idarəsi Salarilərin əlinə keçdi və Şəmkir şəhəri də Salarilərin hakimiyyəti altına düşdü. Tezliklə şəhər, onun ətrafı Şəddadilər sülaləsinin hakimiyyəti altına düşdü. Mənbələrə əsasən Şəmkir şəhərini Salarilərdən Şəddadi hökmdarı Ləşgəri alıb öz dövlətinin tərkibinə birləşdirmişdi.Şəmkirin tutulması Şəddadilər üçün çox vacib hadisə idi.Çünki Azərbaycanın qərb torpaqlarını daim təhlükədə saxlayan xristian blokuna qarşı Şəmkir əsl səngərə və qalaya çevrilmişdi.        

XI  əsrdə  Azərbaycana olan Səlcuq axınları nəticəsində Şəmkir də digər Azərbaycan şəhərləri kimi Səlcuqlar  tərəfindən  zəbt  olunmuşdur. Səlcuqlar  oğuz  türkləri  idilər. Səlcuq  türklərinin  axınları  Azərbaycanın  qərb  torpaqlarını  (Gəncə-Qazax) ələ  keçirməyə  çalışan  erməni  və  gürcü  feodallarının  qəsbkarlıq  planlarının  puça çıxmasında, xalqımızın formalaşmasının başa çatmasında, Azərbaycan xalqının Cənubi Qafqazda əsas etnik-siyasi amilə çevrilməsində əhəmiyyətli rol oynadı.

XII  əsrdə  Eldənizlərin  (1136-1225) hakimiyyəti  dövründə  Şəmkirin tərəqqisinə  xüsusi diqqət yetirilirdi.Bu dövrdə gürcülərin Azərbaycan torpaqlarına qarşı  təcavüzkarlıq  planları  genişlənmiş,  Atabəylərə  qarşı gürcü-şirvan  ittifaqı  yaranmışdı. 1194-cü  ildə  Şəmkir  yaxınlığında baş  vermiş  döyüşdə  Atabəy hökmdarı Əbu-Bəkr qardaşı Əmir Əmiran Ömərin və gürcülərin birləşmiş qoşunları tərəfindən məğlubiyyətə uğradıldı, Şəmkir şəhəri və ətrafındakı qalalar Əmir Əmiran Ömərin ixtiyarına keçdi.Onun ölümündən sonra 1195-ci ildə Şəmkir yaxınlığında baş vermiş döyüşdə Şirvanşahlar Atabəy Əbu Bəkri məğlub etdilər və bu hadisədən sonra Şirvanşahlar dövlətinin ərazisi qərbdə Gəncə, Şəmkir, Qax, Zaqatala və Şəkiyə qədər uzandı. Atabəylərin  süqutundan  sonra  Azərbaycanın digər  torpaqları  kimi  Şəmkir də Xarəzmşah  Cəlaləddinin  hakimiyyəti  altına  düşdü. Lakin  Cəlaləddinin Azərbaycanda  ağalığı  uzun  sürmədi. XII əsrin sonu XIII əsrin əvvəllərində siyasi pərakəndəliyin güclənməsi, Azərbaycan Atabəylər dövlətinin zəifləməsi ilə artmış xarici hücumlar, xüsusilə Gürcü hökmdarlarının və Xarəzmşah qoşunlarının basqınları adi hala çevrilmişdi. Həmin dövrdə azərbaycanda alınmazlığı ilə fərqlənmiş, xarici hücumların dəf olunmasında böyük rol oynamış bir çox qalalar var idi ki, onlardan biri də məhz Şəmkir qalası idi. Mənbələr və tədqiqat əsərləri siyasi pərakəndəlik dövründə belə Şəmkir şəhərinin mühüm bir şəhər olduğunu, onun sənətkarlıq və ticarət mərkəzi kimi fəaliyyət göstərdiyini təsdiq edir.   

XIII əsrdə monqol işğalları ilə Azərbaycan tarixində yeni bir dövr başlandı.

Monqol istilaları ərəfəsində Azərbaycanda Atabəylər (1136-1225),Şirvanşahlar(861-1538) və Ağsunqurilər(1108-1227) dövlətləri var idi.Monqol   işğalçılarına  qarşı  qanlı  döyüş  gedən  Azərbaycan  şəhərlərindən  biri  də o zaman Atəbəylər dövlətinin tərkibibndə olan  Şəmkir şəhəri olmuşdur. Monqollar Gəncəni tutduqdan sonra Şəmkirə doğru irəliləyərək şəhəri mühasirəyə almış və qazılmış müdafiə xəndəklərini qumla dolduraraq qala divarlarına qalxmışlar. Həmin vaxtı Şəmkir Bəhrama və onun oğlu Aqbuna məxsus idi. Bu zaman şəhər əhalisi samana od vurub yandırdı. Monqollar odu söndürüb şəhərə soxuldular.Şəhər  əhalisi  hakim Bəhramdan   işğalçılara  qarşı  ciddi müqavimət  göstərməyi tələb  etmişdi. Bəhram öz hərbi qüvvələrinin monqol qoşunları ilə müqayisədə zəif olduğunu görüb döyüşməkdən imtina etdi, hətta oğlu Aqbunun döyüşməsinə mane oldu. Nəticədə şəhər 1235-ci ildə ələ keçirilərək yandırıldı, əhali isə qılıncdan keçirildi. Bakı, Tovuz  şəhərlərində  də  qanlı  döyüşlər  oldu. 1239-cu  ildə Dərbənd şəhərinin tutulması ilə  Azərbaycanın  monqollar  tərəfindən  işğalı başa çatdırıldı. Bu  dövrdə  Şəmkir  şəhərinin  sosial-iqtisadi inkişafında geriləmə və tənəzzül dövrünü yaşandı. XIII əsrin əvvəllərində Azərbaycanda Monqol istilası nəticəsində abad şəhərlər, kəndlər, mədəniyyət abidələri, suvarma sistemləri, şəhərlər, təsərrüfat dağıdıldı. Buna baxmayaraq Şəmkir adı unudulmadı və sonrakı tarixi dövrdə coğrafi ərazi anlamında işlədilməyə başladı. Şəmkir bölgəsi adlandırılan bu ərazi Azərbaycan tarixində mühüm rol oynamışdır. Hülakular (1258-1357) dövlətinin mövcudluğu dövründə Şəmkir  digər şəhərlər kimi dövlətin, ölkənin iqtisadi, mədəni həyatında özünəməxsus yerini tapdı. Qeyd etdiyimiz kimi monqol yürüşləri zamanı Şəmkir şəhəri bərpa edilmədi. Keçmiş Şəmkir şəhəri ərazisi və ətrafı əvvəlcə Qaraqoyunlu dövlətinin (1410-1468),sonra isə Ağqoyunlu dövlətinin (1468-1503) tərkibində  olunmuşdur.

XVI  əsrdə  Azərbaycan  Səfəvi  dövləti (1501-1736) yaradıldıqdan  sonra  Şəmkir  və  Şəmkir  ətrafı  ərazilər mərkəzi Gəncə şəhəri olan Qarabağ bəylərbəyliyinin tərkibinə daxil edilmiş, Şəmkir  mahalı  Zülqədər  tayfa  başçılarının  irsi  hakimiyyətinə  keçmişdi. Səfəvi-Osmanlı müharibələrinin ikinci mərhələsi dövründə (1578-1590) Şəmkiri zəpt edən osmanlılar burada yeni qalanın tikilməsini məqsədəuyğun hesab edirlər. Bu fakt Şəmkirin Səfəvilər dövlətində əhəmiyyətsiz olduğu fikrini alt-üst edir və şəhərin bu dövrdə strateji bir ərazi olduğunu təsdiqləyir. Bu dövrdə Şəmkir mühafizə qalası rolunu oynamışdı.

Səfəvilərin  hakimiyyətlərinin  son  dövrlərində  (1736) yüksələn  Nadir xan Əfşar  Gəncə - Qarabağ  torpaqlarını  ələ keçirməyə  nail  oldu. O,1736-cı il Suqovuşanda Şah elan olduqdan sonra Ziyadoğluların onun şah seçilməsinə qarşı çıxan tayfalardan biri  olduğunu bəhanə edərək  bu tayfaya zərbə  vurmağı  qərara  aldı.Bu  məqsədlə Ziyadoğlular Xorasana və Əfqanıstana sürgün edildi, onlara məxsus Qazax, Şəmkir  və  Şəmşəddil  mahalları  isə Gürcüstan valisinə tabe edildi. Yenə də Şəmkir mahalı növbəti dəfə yadelli əsarəti altına düşdü. 

Nadir şahın ölümündən sonra XVIII əsrin ortalarından Azərbaycanda xanlıqlar dövrü  başlandı. Bu  dövrdə Şəmkir mahal olaraq Gəncə xanlığının tərkibində olmuşdur. Şəmkir şimali Azərbaycanın Qərb bölgəsində yerləşdiyi üçün dəfələrlə gürcü hakimlərinin hərbi yürüşlərinə  məruz qalmışdır.

XVIII  əsrin  sonu - XIX  əsrin  əvvəllərində  Cənubi  Qafqazda  Rusiya  işğalları  başlandı və 1803-cü il noyabrın 29-da rus qoşunları tərəfindən tutulan Şəmkir Çar Rusiyasına birləşdirildi. İşğal dövründə Şəmkirin bir daha xatırlanması İkinci Rus-İran müharibəsi (1826-1828) dövrünə təsadüf edir. Belə ki,1826-cı ilin 3 sentyabrında müasir Şəmkir şəhərinin yaxınlığında, Şəmkir çayın sahilində döyüş baş verdi. Azərbaycan valisi Abbas Mirzənin 60 minlik ordusunun 40 minlik əsas hissəsi rusların Təbriz - Tiflis yolu üstündəki dayaq məntəqəsi olan Şuşa qalasını mühasirəyə alır, qalan 20 minlik qoşunla Tiflisə tərəf hərəkət edir.Tiflis üzərinə yeriyən Abbas Mirzənin qoşunlarının avanqardı 10 min əsgər, 4 top, 20 falkonetlə, avqustun əvvəlində Şamxoru tutdu. Əlahiddə Rusiya Qafqaz korpusunun komandanı  general Yermolovun başçılığı altında olan 12 minlik nizami qoşun(2 draqun alayı, 150 kazak) və 2 minlik Qazax süvari yığması, Abbas Mirzəni məğlub etmək,onun Tiflisə yürüşünün qarşısını almaq və Şuşanın mühasirəsinin qaldırılması üçün hərəkət edir. Sentyabrın 3-də rus ordusunun 4300 nəfərlik əlahiddə dəstəsi 12 topla və 2 min Qazax süvarisi ilə Mədətovun komandanlığı altında,Tiflisdən hərəkət edərək,Şamxor yaxınlığındakı  döyüşdə Abbas Mirzənin avanqardını məğlub edir. Süvarilərin təqib etdiyi Abbas Mirzənin qoşunları Şəmkir çayın, Tiflisin üzərinə yeriyən əsas qüvvələrin cəmləşdiyi sağ tərəfinə keçdilər.Abbas Mirzənin qoşunları cinahlarında qeyri-nizami süvarilər (qulamlar) olmqala, düşmənə qarşı qabaran aypara formasında düzülmüşdü. Arxada toplar və falkonetlər düzülmüşdü. Ruslar, rəqibin say üstünlüyünə baxmayaraq, dayanmadan onun mövqelərinə hucum etdi. Topların dəstəyi ilə süvarilər cinahlarda döyüşə girişdilər, piyadalar isə süngü hucumu ilə Abbas Mirzənin qoşunlarının mərkəzini vurub keçdi. Süvarilər Abbas Mirzənin qoşunlarını təqib etməyə başladı. Abbas Mirzə 2 min əsgərini itirdi, rusların itkiləri dəfələrlə az idi. Şəmkir döyüşünün taleyini piyadaların, süvarilərin və topların hərəkətlərinin uzlaşması həll etdi. 5 sentyabrda Abbas Mirzə Şuşa qalasının mühasirəni götürdü.O,sentyabrın 13-də Gəncə (Yelizavetpol) yaxınlığında yenidən növbəti dəfə məğlub oldu və bu məğlubiyyət İkinci Rus-İran müharibəsinin taleyini həll etdi.

XIX əsrin əvvəllərində Rusiyanın Azərbaycan ərazisinə müdaxiləsindən sonra indiki Şəmkir rayonunun bir hissəsinin Şamxor mahalında, bir hissəsinin Dağ mahalında, bir hissəsinin isə Şəmşəddil bölgəsində olduğunun şahidi oluruq. 1840-cı ildən Şəmkir mahalı ləğv olundu və bu mahalın ərazisi Yelizavetpol (Gəncə) qəzasına qatıldı. Bu dövrdən  başlayaraq  bütün  rəsmi  sənədlərdə  Şəmkir  adı  əvəzinə  Şamxor adı  üstünlük  təşkil edir. 1930-cu ildə indiki Şəmkir rayonu inzibati rayon kimi təşkil olunmuş və  bu  hal  1991-ci  il  Şəmkir  adının  bərpasına  qədər  davam  etmişdir.


Çar Rusiyasının işğalı  dövründə  Şəmkirin  həyatında  daha  bir  mühüm  hadisə  baş  verdi. XIX əsrin əvvəllərində Napoleon müharibələrindən sonra Almaniyanın ağır siyasi-iqtisadi vəziyyətə düçar olması, əkin sahələrinin azalması, ölkənin xırda krallıqlara və hersoqluqlara parçalanması əhalinin vəziyyətini xeyli ağırlaşdırmışdı. Bu özünü xüsusilə Vürtenburq krallığında daha qabarıq göstərirdi. 1816-cı ildə burada baş verən aclıq, ağır mükəlləfiyyətlər, xalqın kütləvi surətdə ölkəni tərk etməsinə səbəb oldu. Kolonistlərin öz tarixi vətənlərindən köçməsinin bir səbəbi də dini motivlər idi. Həmin dövrdə Qafqazın Baş Hakimi olan Yermolovun təşəbbüsü ilə, yerli camaata əməksevərlik nümunəsi göstərmək, ən yaxşı əkinçilik və şərabçılıq üsullarını öyrətmək məqsədilə Cənubi  Qafqaza  köçürülən almanların  bir  hissəsi  Şəmkir  ərazisində  yerləşdirildi  və  orada  ikinci  alman  koloniyası-Annenfeld  (indiki  Şəmkir  şəhəri  ərazisi) salındı. Bununla bərabər onlar yeni məskunlaşdıqları torpaqlarda, azərbaycanlılar arasında xristian (protestant) dinini yaymağa cəhd göstərirdilər. İlk  Alman  koloniyası  Yelenendorfun (indiki  Göy Göl şəhəri)  əsası  isə 1819-cu  ildə qoyulmuşdu.


1888-ci  ildə  isə  Şəmkir  çayı  sahilində  yeni  bir  alman  məskəni  Georqsfeld  (indiki  Çinarlı qəsəbəsi) salınır.1906-cı ildə Gürcüstan ərazisində məskunlaşmış almanlar da Şəmkir yaxınlığında torpaq  sahəsi  alıb  Eygenfeld  (vaxtilə  Engelskənd  kimi  tanınan  indiki  İrmaşlı  kəndi) koloniyasını  təşkil  etdilər. Beləliklə  almanlar  indiki  Şəmkir  ərazisində  dinc  ömür  sürür, təsərrüfat  fəaliyyəti ilə  məşğul  olurdular. Lakin  ikinci  dünya  müharibəsi  bu  firəvan  həyata  son  qoydu.  Keçmiş SSRİ-də hökm sürən siyasi terror və deportasiya siyasəti almanlardan da yan keçmədi. Müdafiə Nazirliyinin 1941-ci il 8 oktyabr tarixli 744 saylı əmrinə əsasən, Azərbaycanda yaşayan 23 min alman ölkənin Şərq rayonlarına sürgün olundu. Həmin  fərman  SSRİ-nin  digər  ərazilərində  yaşayan  almanlara  da  şamil  edildi  və  Şəmkirdə  yaşayan  almanlar  1941-ci  ilin  sentyabr-oktyabr  aylarında  sürgün  olundular.

Zaqafqaziya Komissarlığının tələbi əsasında buraxılmış rus hərbi hissələri Cənubi Qafqazı tərk edərkən silahlarını təhvil verməli, həmin silahlar milli hissələrin təchiz olunmasına yönəldilməli idi. Lakin Rus qoşun hissələrinin çoxu silahları təhvil vermək istəmir, təxris olunmalarına baxmayaraq, hətta ağır silahları belə özləri ilə Rusiyaya aparmağa cəhd göstərirdilər. Gürcüstan və Azərbaycandan keçib, şimala gedən hərbi eşalonların bir qismi bolşeviklərin, digər qismi isə rus qoşunlarında olan erməni hərbçilərinin təhriki ilə silahlarını Bakıda Stepan Şaumyanın başçılıq etdiyi bolşevik-daşnak qüvvələrinə təhvil verirdilər. Daşnaklar rus eşalonlarından pulla da xeyli silah alırdılar. Hərbi eşelonların Şamxor yaxınlığında tərk-silah edilməsinə razılıq vermiş Zaqafqaziya Komissarlığının qərarı Millətlərarası Şura tərəfindən də bəyənilmiş və onun həyata keçirilməsi üçün 100 nəfərlik dəstə, həmçinin zirehli qatar göndərilmişdir.Tərk-silah və silahların toplanması əməliyyatınında yaxından iştirak edən Yelizavetpol Müsəlman Milli Komitəsinin fəalları bu işi dinc yolla həyata keçirməyə çalışdılar. Danışıqların aparılması üçün müəyyən adamlar da seçilmişdi. Silahlarını könüllü təhvil verəcəkləri halda hərbçilərin ərzaq və digər zəruri əşyalarla təmin edilib yola salınması nəzərdə tutulmuşdu. Lakin dinc danışıqlar nəticə vermədiyi üçün silahlı qarşıdurma yarandı və hər iki tərəfdən itkilər oldu. Qırğın 1918-ci il yanvarın 9-na kеçən gеcə baş vеrdi. Şamxor dəmiryol stansiyasına yaxın bir yеrdə dəmiryol xətlərinin hər iki tərəfində qazılmış xəndəklərdə gizlənmiş polkovnik Moqolovun komandanlıq еtdiyi 10 min nəfərlik əksinqilabi (ağqvardiyaçı) qüvvələr qəflətən vaqonlardakı rus ordu hissələrinə hücum еtdilər. Bu zaman müsavatçıların topçu dəstələrinə rəhbərliyi ağqvardiyaçı rus zabitləri еdirdilər. Qarşıdurma zamanı həm hərbi qatar, həm də əks xətt ilə gələn sərnişin qatarı tamamilə yandı. Döyüşdə və döyüş zamanı baş vermiş yanğın zamanı hər iki tərfdən minlərlə insan həlak oldu. Hərbi eşalonların tərk-silah olunmasında polkovnik Süleyman bəy Əfəndiyevin komandir olduğu 5-ci Yelizavetpol nişançı alayı da yaxından iştirak etmişdi. Şamxor hadisələri zamanı hərbi eşalonlardan 20 ədəd top, 70 ədəd pulemyot və 15000 tüfəng götürülmüşdür. 1918-ci ilin yanvarında  dəmir yolu vasitəsilə Qafqaz cəbhəsindən qayıdan rus ordusu məhz Şəmkir stansiyasında tərk-silah edilməsi erməni daşnakları və bolşeviklər qarşısında əliyalın qalmış dinc əhalinin silahlanmasında müstəsna rol oynamışdır. 1918-ci  il  mayın  28-də  Azərbaycan Xalq Cümhuriyyətinin  elan  edilməsi  bütün  ölkənin, o cümlədən  Şəmkirin  həyatında  mühum hadisə oldu. Əslən  Şəmkirdən  olan  məhşur  şair  Əhməd Cavadın  poeziyası  istiqlaliyyət  dövrünün simvoluna  çevrildi. AXC Şəmkirin  əhəmiyyətini  nəzərə  alaraq  xüsusi  Şəmkir  qəzası  təsis  etməyi  qərara  almışdı.  Lakin  bolşeviklər  tərəfindən 1920-ci il 28 Aprel işğalı ilə AXC – nin  süqut etməsi  buna  imkan vermədi.

Sovet  hakimiyyətinin  ilk  dövrlərində də Şəmkir  antisovet  çıxışların  mərkəzlərindən  biri  olmuşdur. 1930-cu  il  martın  17-18-də  Şəmkirin  Bitdili  kəndində  (hazırda  Yeniabad  kəndi) Sovet Rusiyasının zorakı kollektivləşdirmə siyasətinə qarşı Bitdili  imamı adı ilə  məlum  olan  çıxış  baş  verdi.  Bununla yanaşı  XX əsrin 30-cu  illərinin  repressiyası  da  Şəmkirdən  yan  keçməmiş, istiqlal şairimiz Əhməd Cavad da repressiyanın qurbanlarından olmuşdur.

 

 

 

 

 

 

 

 

 

 

kinci dünya müharibəsi illərində şəmkirlilər faşizmə qarşı mübarizədə böyük  qəhramanlıqlar  göstərmişlər. Məhz ilk dəfə Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüş azərbaycanlı İsrafil  Məmmədov  (1919-1946)  əslən  şəmkirli  idi.

Şəmkirin  geniş  sosial-iqtisadi  potensialına  baxmayaraq, müharibədən  sonrakı  dövrdə  ondan kifayət qədər istifadə olunmurdu.Bu sahədə əsaslı dönüş Ümummilli Lider Heydər  Əliyevin Azərbaycana  birinci  rəhbərliyi  dövründə  (1969-1982-ci  illər)  başladı.  Şəmkirdə  xalq   təsərrüfatının  bütün  sahələrində  canlama  baş verdi. Şəmkir  SES  silsiləsinə  daxil  olan  Şəmkir (1982) və Yenikənd (2000) SES-lərin tikilməsi və istifadəyə verilməsi Heydər Əliyevin  Azərbaycan strategiyasının mühüm tərkib hissələrindəndir. Şəmkirdəki böyük quruculuq  işlərində  burada  yaşayan  və  çalışan  insanların  əmək  hünəri  də  böyük  rola  malik  idi. Bu dövrdə  Maral  Quliyeva (1971-ci  il), Nəzixə  Zeynalova  (1981-ci  il)  Sosialist  Əməyi  Qəhrəmanı  adına  layiq  görülmüşdü.

1980-ci illərin sonlarında ermənilərin Qarabağı Azərbaycandan qoparmaq uğrunda  başladıqları separatizm hərəkatı genişlənməyə başladı.Bu zaman  Azərbaycanın  ərazi  bütövlüyü  və  suverenliyi  uğrunda  mübarizə  genişləndi. Bu  mübarizədə  Şəmkirdən   282  nəfər  şəhidlik zirvəsinə yüksəldi, 145  nəfər  isə  əlil  oldu.Şəmkirdən olan  Abdıyev  Taryel  1990-cı  il  20 Yanvar  hadisələrində  şəhid  oldu. Şəmkirdən   iki  nəfər  Aznaurov  İskəndər  (1995-ci  il  15  yanvar) və  Sarıyev  Zaur  (1995-ci il 4 aprel ) ən yüksək fəxri ada - Azərbaycanın  Milli  Qəhrəmanı  adına  layiq  görülmüşlər.

Heydər  Əliyevin  Azərbaycana  ikinci  rəhbərliyi  dövründə (1993-2003) bütün  ölkədə  olduğu  kimi  Şəmkirdə  də  torpaq  islahatı  uğurla  həyata  keçirildi,  kənd  təsərrüfatının  bütün  sahələri  üzrə  müsbət  göstəricilərə  nail  olundu.Özəlləşdirilmə  proqramının  reallaşdırılmasında  uğurlar  əldə  edildi. Sənaye  və  sosial  obyektlərin  tikintisində  ciddi  irəliləyişlər baş verdi. 2003-cü ilin oktyabrında İlham Əliyev  Azərbaycan  Respublikasının  Prezidenti  seçilməsi ilə Ümummilli Liderin siyasi kursunun  uğurla  davam  etdirilməsinin qarantına çevrildi. Ölkə rəhbərinin yürütdüyü uğurlu daxili siyasətin nəticəsidir ki, respublikamızın digər şəhər və rayonları kimi Şəmkir də dinamik  inkişafı  ilə seçilən, gündən-günə abadlaşan bir diyara çevrilməkdədir. 

2015-ci ilin 12-28 iyun tarixlərində Azərbaycanın paytaxtı Bakı şəhərində tarixdə ilk dəfə olaraq dünyanın 50 ölkəsindən olan idmançıların iştirak etdiyi I Avropa Oyunları keçirilmiş, oyunların rəmzi olan Məşəl 20.05.2015-ci il tarixində Şəmkir şəhərinə gətirilmişdir.

Azərbaycanın "Gənclər Paytaxtı"nın seçilməsi “Azərbaycan gəncliyi 2016-2020-ci illərdə" Dövlət Proqramına müvafiq olaraq müsabiqə yolu ilə həyata keçirilir və hər il ölkənin bir rayon və ya şəhəri Azərbaycanın "Gənclər Paytaxtı" elan edilir. 2016-cı ildə Şəmkir şəhəri Azərbaycanın Gənclər Paytaxtı seçilmiş və 03.02.2016-cı il tarixində  rəmzi  Açar Şəmkir şəhərinə gətirilmişdir.

2017-ci il 12-22 may tarixlərində Azərbaycanın paytaxtı Bakı şəhərində dünyanın 54 ölkəsindən olan idmançıların mübarizə apardığı IV İslam Həmrəyliyi Oyunları çərçivəsində oyunların rəmzi olan Su Səhəngi 21.04.2017-ci il tarixində Şəmkir şəhərinə gətirilmişdir.

Sadalananlarla yanaşı  Şəmkir rayonu ərazisində yerləşən  Azərbaycan  mədəniyyəti  və  tarixini  özündə  əks etdirən  mədəni-tarixi  abidələr  də mühüm əhəmiyyət  kəsb  edir. Bunlardan xüsusi  olaraq  Muxtariyyə  kəndində  VI-VII  əsrlərə  aid  Şəmkir  qalası, Şəmkir  körpüsü, xı  əsrə  aid  Şəmkir  minarəsi, Şəmkir  şəhər  xarabalığı, Səlcuq  axınları  ilə bağlı olan  (xı əsr)  Yuxarı Seyfəli, Tatarlı  kəndində “Qız  qalası”,Yeni Həyat  kəndində  xvıı əsrə  aid “Didvan” bürcü, Dağ-Daşbulaq  kəndində  yerləşən  Alban  abidəsi, Pir  daha  çox diqqət çəkir. Zəyəm  çayı  üzərindəki  körpü, Şəmkir  şəhərində  “Koroğlu”  qalası, 1909-cu ildə inşa edilmiş Alman kilsəsi (Şəmkir şəhəri) əsrlərə  sirdaş,tariximizin  zəngin  yaddaşıdır. Bir sözlə Şəmkir tarixlə müasirliyin vəhdətini özündə əks etdirən Vətənimizin dilbər guşəsidir desək, yanılmarıq...

 

 

Keçidlər