Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Qəhrəmanlar

İsrafil Məhərrəm oğlu Məmmədov – 16 mart 1919-cu ildə Şəmkir rayonunun Qapanlı kəndində anadan olmuşur.

İyirmi yaşlı gənc İsrafil əsgərliyə gedəndə ölkədə əmin-amanlıq idi. Yüz minlərlə azərbaycanlı döyüşçü arasında ilk dəfə olaraq İsrafil Məmmədov doğma diyarının adını dünyaya tanıtdı.
1941-ci ilin dekabr ayında döyüşən ordudan Gəncəyə xoş bir xəbər gəldi: “bizim cəbhənin döyüşçüsü faşist işğalçılarına qarşı döyüşlərdə igidlik göstərdiyinə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür".

Faşistlərə sonsuz nifrətini yenidən dönə-dönə nümayiş etdirdi. Xeyli vuruşdu. Lakin üçüncü yara qəhrəmanın səhhətini tam sarsıtdı. Qəhrəman İsrafil Məmmədov 1946-cı il mayın 1-də Yalta hospitalında əbədiyyətə qovuşdu. Qəhrəmanın cənazəsi xüsusi təyyarə ilə doğma yurduna gətirildi və Gəncənin mərkəzində, indiki Xan bağında torpağa tapşırıldı.

Onun haqqında istər rus mətbuatında, istərsə də doğma Azərbaycanda çox əsərlər yazılıb.

******************************************************************************************************************

İsgəndər Aznaurov - 16 avqust 1956-cı ildə Özbəkistannın Buxara vilayətinin Qala-Asiya kəndində Ahısqa türkü ailəsində dünyaya gəlmişdir. 1963-cü ildə orda məktəbə getmiş və 1973-cü ildə məktəbi bitirmişdir. Ukraynanın Çerkessk şəhərində hərbi xidmətini başa vurduqdan sonra 1978-ci ildə Daşkənd İrriqasiya İnstituna daxil olmuş, 1983-cü ildə ali təhsilini başa vurmuşdur. Sonra bir müddət Daşkənd Vilayətinin Axanqaran rayonunda çalışıb.

1989-cu ildə Özbəkistanın Fərqanə vadisindəki qanlı olaylardan sonra yüzminlərlə ahısqa türkü kimi oranı tərk etməyə məcbur olmuş və 1990-cı ildə ailəsi ilə birlikdə Azərbaycana Şəmkir rayonunun Kür qəsəbəsinə köçmüşdür. O, burada cihazqayırma zavodunda işləyib.
Erməni işğalçılarının Azərbaycan torpaqlarına basqınları başlayanda İsgəndər Aznaurov 1992-ci ilin baharında könüllü olaraq yeni yaranmaqda olan Azərbaycan Silahlı Qüvvələrinin sıralarına daxil qoşulmuşdur. Şınıxda yerləşən və indi onun adını daşıyan qaladan düşmən üzərinə od ələyərək bir gündə onların 4 topunu sıradan çıxarıb, onlarla erməni işğalçısını məhv edib, düşmən mövqelərinə ciddi zərbələr vuraraq bir neçə silah-sursat anbarını dağıtmışdır. 1993-cü ilin yaz aylarında hücuma başlamazdan əvvəl Aznaurov top atəşi ilə düşmən postunu məhv etmiş və düşmən onun başı üçün pul mükafatı müəyyənləşdirmişdir.

Aznaurovu "N" saylı hərbi hissənin artilleriya üzrə komandir müavini təyin olunmuşdur. Başkəndin erməni quldurlarından təmizlənməsində, “Mutudərə”, “Ərdağı”, “Kaftar qayası”, “Ləzgi daşı” əməliyyatlarında xeyli düşmən texnikası, canlı qüvvəsini məhv etmişdir.
1993-cü il 18 apreldə Gədəbəyin "Örükdaş"da gedən döyüşdə qəhrəmancasına həlak olmuşdur. Bakının Şəhidlər xiyabanında dəfn edilmişdir.

Azərbaycan Respubliksı Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə baş leytenant Aznaurov İsgəndər Söhrab oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

******************************************************************************************************************

 

Zaur Sarıyev - 1974-cü il 28 iyun Şəmkir rayonunda anadan olmuşdur. 1981-1989-cu illərdə burada təhsil almışdır. 1993-cü il 6 iyul Zaur hərbi xidmətə çağırılır. Zaur "N" saylı hərbi hissədə qısa vaxt ərzində təlim alaraq cəbhəyə göndərildi.

Cəsur döyüşçü Füzuli, Ağdam, Kəlbəcər, Murovdağ cəbhələrində rəşadətlə vuruşaraq hər kəsi özünə heyran qoymuşdu. 1994-cü ilin sərt qışı idi. Zaur döyüşçü dostları ilə Murovdağ istiqamətində kəşfiyyat əmri alır. Döyüşçülər bu əməliyyat zamanı mühasirəyə düşürlər, 13 gün sonra xeyli erməni yaraqlısını məhv edən əsgərlər mühasirədən çıxdılar. Zaurun əl-ayağı donmuşdu, iki ay müalicə olunan cəsur düyüşçü yenidən səngərə dönür. Zaur çavuş rütbəsi alaraq qrup komandirliyi vəzifəsinə təyin edilir. Uzun və şərəfli döyüş yolu keçmiş Zaur ağlına belə gətirməzdi ki, qarşıda dövlətimiz, Vətənimiz üçün daha təhlükəli günlər var. 1995-ci il 13-17 mart hadisələri baş verdi. Silahlı dəstənin zərərsizləşdiriləməsində canlarından belə keçən döyüşçülərdən biridə Zaur idi. Zaur Sarıyev silahlı dəstənin zərərsizləşdirilməsi zamanı qəhrəmancasına həlak oldu.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Sarıyev Zaur Rəşid oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Qəhrəmanımız Şəmkir rayonunun Şəhidlər xiyabanında dəfn edilib.

Keçidlər