Şriftin ölçüsü :

Saytın rəngi :

Tarix

Azərbaycan ərazisində əlverişli təbii-coğrafi şəraitin olması 1,5 milyon il əvvəl ilk insan dəstələrinin meydana gəlməsinə  şərait yaratmışdır. Belə ki, Azərbaycan Respublikasının Qarabağ regionunda yerləşən Azıx mağarası dünyanın ən qədim insan məskənlərindən biridir. Bu mağara Azərbaycanda ən iri mağara olmaqla yanaşı Fizuli şəhərindən 14 km şimal-qərbdə, Xocavəndə yaxın ərazidə, Quruçayın sol sahilində, dəniz səviyyəsindən 900 m hündürlükdə yerləşir. Mağara arxeoloji cəhətdən XX əsrin 60-cı illərindən öyrənilməyə başlanılmış, buradan paleoloit (qədim daş) dövrünə aid çoxlu sayda maddi-mənbələr tapılmışdır. 1968-ci ildə Azıx mağarasında tarixçi-alim Məmmədəli Hüseynov tərəfindən Aşel dövründə yaşamış ibtidai insanın çənə sümüyünün bir hissəsi (18-22 yaşlı qadının alt çənə sümüyü üç dişi ilə birlikdə) tapılıması Azərbaycanın ən qədim insan məskənlərindən biri olduğunu sübut edir.

Bu mağara ilə yanaşı Qarabağda Tağlar, Kültəpə, Yedditəpə, Qaraköpəktəpə, Üzərliktəpə, Uzuntəpə, Sarıtəpə və digər abidələrin adlarını da qeyd etmək olar.

E.ə. II minilliyin sonu-e.ə. I minilliyin əvvəllərində dəmirin kəşf olunması, iri tayfa ittifaqlarının yaranması və cəmiyyətin siniflərə bölünməsi Azərbaycan ərazisində ibtidai icma quruluşunun dağılmasına gətirib çıxardı. Və beləliklə, Azərbaycanda ilk quldar dövlətlər yaranmağa başladı. E.ə. III-II minilliklərdə Şumer mixi yazılarına və Şumer dastanlarına istinad edərək qeyd edə bilərik ki, Azərbaycanın şimalında naxç, gərgər, cənubunda isə Urmiya gölü ətrafında lullubi, kuti, su və turukki tayfaları yaşamışlar. Mesopotomiya ilə qarşılıqlı əlaqələrin nəticəsidir ki, məhz ilk dövlət qurumu e.ə. III minilliyin birinci yarısında Azərbaycanın cənubunda, Urmiya gölünün cənub-şərqində meydana gəlmiş Aratta olmuşdur. Daha sonra e.ə. III minilliyin ikinci yarısında Urmiya gölünün cənubunda Lullubi, cənub-qərbində və qərbində isə Kuti dövlət qurumları yaranmışdır. Kuti dövlət qurumunun Mesopotomiyanı bir əsrə yaxın (e.ə. 2184-2104) hakimiyyəti altında saxlaması Azərbaycanda mövcud olmuş dövlət qurumlarının qüdrətindən xəbər verir.

Azərbaycanda yaranmış ilk dövlət ölkənin cənub hissəsində Urmiya gölü ətrafında e.ə. IX əsrin ikinci yarısında meydana gəlmiş Manna dövlətidir. Bu dövlətin paytaxtı İzurtu şəhəri olmuş, İranzu, Aza, Ullusunu, Ahşeri, Ualli kimi  hökmdarlar tərəfindən idarə olunmuşdur. Bu dövlət Assuriya və Urartu kimi şərqin qüdrətli dövlətlərinin maraq dairəsinə çevrilmiş və e.ə. 590-cı ildə Midya tərəfindən (indiki İran ərazisində mövcud olmuş) süquta uğradılmışdır. Bu hadisədən sonra Azərbaycan torpaqları e.ə. VI-e.ə IV əsrlərdə Midya, Əhəməni və İsgəndər imperiyasının tərkibində qalmışdır.

E.ə. 323-cü ildə Makedoniyalı İsgəndərin ölümündən sonra onun qurub yaratdığı imperiya parçalanmış, Azərbaycanın cənubunda e.ə. 321-ci ildə Atropatena, şimalında isə e.ə. IV əsrin sonu – e.ə.III əsrin əvvəllərində Albaniya dövləti yaranmışdır.

 

Atropat tərəfindən yaradılan və paytaxtı Qazaka şəhəri olan Atropatena dövləti Selevkilər, Roma, Parfiya, Sasani və digər dövlətlərin xarici işğalçılıq siyasətinə qarşı inadla mübarizə aparmış və 227-ci ildə Sasanilər tərəfindən varlığına son qoyulmuşdur.

Azərbaycanın şimal torpaqlarında yaranmış ilk dövlət olan Albaniya, Azərbaycan tarixində ən uzun ömürlü dövlət kimi yadda qalmışdır. Bu dövləti müxtəlif zamanlarda Aranilər, Arşakilər və Mehranilər sülalələri idarə etmişlər. Müxtəlif dövrlərdə paytaxtı Qəbələ və Bərdə şəhərləri  olan bu dövlətin varlığına ərəblər tərəfindən 705-ci ildə son qoyulmuşdur.

III-VII əsrlərdə Azərbaycan torpaqları Sasani imperiyasının tərkibində olmuş və imperiyanın tərkibində olan digər xalqlarla əlaqələrin sayəsində  müəyyən dövrlərdə sosial-iqtisadi inkişafa nail olunmuşdur. Lakin III-VII əsrləri əhatə edən və Cənubi Qafqazda ağalıq uğrunda gedən Sasani-Bizans müharibəsi bu inkişafa mane olmuşdur.

İslama qədər Azərbayacn əhalisi müxtəlif dinlərə sitayiş etmiş və VII-IX əsrlərdə Ərəb əsarəti dövründə İslam dini əhali tərəfindən qəbul edilərək dövrümüzə qədər hakim dinə çevrilmişdir. Məhz VII əsrdə İslam dininin qəbul edilməsi, hələ e.ə. IV əsrdə AtropatenaAlbaniya dövlətlərinin yaranması ilə başlanan xalqın formalaşması prosesini sürətləndirmişdir.

IX əsrin ikinci yarısında baş vermiş milli azadlıq hərəkatları, əyalət hakimlərinin müstəqilliklərinin artması nıəticəsində Ərəb xilafəti dağıldı, xilafətin tərkibinə daxil edilmiş digər ərazilər kimi Azərbaycan da siyasi müstəqillik əldə etdi. Belə ki, IX-XI əsrlərdə  Azərbaycanın şimalında Şirvanşahlar (861-1538,paytaxtı Şirvan,Şamaxı,Bakı),Şəddadilər (971-1088,paytaxtı Gəncə),cənubunda isə Sacilər (879-941,paytaxtı Marağa,Ərdəbil), Salarilər (941-981,paytaxtı Ərdəbil), Rəvvadilər (981-1054,paytaxtı Təbriz) kimi feodal dövlətləri mövcud olmuşdur. Bu dövlətlərdən məhz Sacilər ilk dəfə olaraq Azərbaycan torpaqlarını vahid dövlət halında birləşdirmişlər. Xəzər dənizində ilk ticarət donanmasını  yaradan Salarilər də sonralar Azərbaycan torpaqlarını vahid dövlət şəklində birləşdirmişlər.

XI əsrin ortalarında Səlcuq türklərinin istilası ərəfəsində Azərbaycanda mövcud olan Şirvanşahlar, Şəddadilər və Rəvvadilər dövlətlərindən  1066-cı ildə Şirvanşahların tutulması ilə Azərbaycan torpaqlarının işğalı prosesi başa çatdı. Səlcuq işğalları nəticəsində Rəvvadilər və Şəddadilər dövlətlərinin varlığına son qoyuldu, Şirvanşahlar isə müəyyən məbləğdə bac verməklə özlərinin daxili müstəqilliklərini saxladılar.

Sonralar Azərbaycan torpaqları Səlcuq dövlətinin zəifləməsi gedişində yaradılmış İraq Səlcuq sultanlığının tərkibinə (1118-1194) qatıldı.Bu dövlətin zəifləməsindən istifadə edən Atabəy Şəmsəddin Eldəniz 1136-cı ildə paytaxtı Naxçıvan şəhəri olan Eldənizlər (Atabəylər 1136-1225) dövlətinin əsasını qoymuş və 1160-cı ildə Şirvanda I Axsitanın hakimiyyətə gətirilməsinə yardım etməklə Şirvanşahları asılı hala salmış və Azərbaycanı yenidən vahid halda birləşdirməyə müvəffəq olmuşdur. Məhəmməd Cahan Pəhləvanın dövründə isə paytaxt Həmədana köçürülmüş, 1225-ci ildə Xarəzmşah Cəlaləddin tərəfindən dövlətin varlığına son qoyulmuşdur.Həmçinin Cəlaləddin 1227-ci ildə Ağsunqurilər dövlətinin də hakimiyyətinə son qoymuş,Şirvanşahlar isə müəyyən məbləğdə bac verməklə yenidən özlərinin daxili müstəqilliklərini saxlaya bilmişdilər.

XIII əsrin əvvəllərində monqol yürüşləri ərəfəsində Azərbaycanda Atabəylər, Şirvanşahlar və Ağsunqurilər (1108-1224,paytaxtı Marağa) dövlətləri mövcud olmuşdu.Monqolların ilk yürüşü (1221-1222) kəşfiyyat xarakterli olmuş, lakin ikinci yürüş zamanı (1231-1239) Dərbənd şəhərinin tutulması ilə Azərbaycan torpaqlarının monqollar tərəfindən işğalı prosesini başa çatdı. Üçüncü yürüş zamanı (1256-1258) torpaqlarımız yeni yaradılmış Hülakular(1256-1357) dövlətinin tərkibinə daxil edildi.  Bu dövlətin paytaxtı müxtəlif vaxtlarda Marağa, Təbriz, Sultaniyyə və Təbriz şəhərləri olmuşdur. Hülakuların süqutundan sonra torpaqlarımız Qızıl Ordu dövlətinin (1357-1358), Cəlairilərin (1359-1410) tərkibində qalmışdır. XIV əsrin ikinci yarısında torpaqlarımızın bir hissəsi Teymurilər tərəfindən zəbt edilmiş və 1408-ci il Sərdrud döyüşündən sonra teymurilərin, 1410-cu il II Şənbi Qazan döyüşündən sonra isə Cəlairilərin Azərbaycanda hakimiyyətlərinə son qoyularaq yenidən siyasi müstəqillik qazanılmışdır.

1410-cu ildə Qara Yusif tərəfindən Azərbaycanın cənubunda mərkəzi Təbriz şəhəri olan Qaraqoyunlular dövlətinin yaradılması ölkənin siyasi, iqtisadi və mədəni  tərəqqisində mühüm rol oynadı. Qarabağ da daxil olmaqla Kürdən cənubda yerləşən Azərbaycan torpaqları Qaraqoyunluların hakimiyyəti altına salındı. Qaraqoyunlular da torpaqlarımızın vahid dövlət halında birləşdirilməsi siyasətinə yaxın olsalar da Şəki hakimliyinin (XIV əsrin 30-cu illərində yaradılmışdı) birləşdirilməməsi səbəbindən bu baş tutmamışdı.1468-ci ildə Uzun Həsən tərəfindən Qaraqoyunlu dövlətinə son qoyulmuş və həmin ildə cənub torpaqlarımızda paytaxtı Təbriz şəhəri olan Ağqoyunlular dövləti yaradılmışdı. 1500-cü ildə Azərbaycan Ağqoyunlu dövlətində daxili ziddiyyətlər daha da kəskinləşdi və Əbhər sazişinə əsasən dövlət Ağqoyunlu əmirləri arasında parçalandı. Cənubi Azərbaycan, Naxçıvan, Diyarbəkr və Qarabağ Sultan Əlvəndin əlində qaldı. Beləliklə, Qarabağ əhalisinin əsas hissəsini XV yüzillikdə Azərbaycan QaraqoyunluAğqoyunlu tayfa birliklərinə daxil olan Azərbaycan-türk tayfaları və onun oymaqları təşkil etmişdir.

XVI əsrin əvvəllərində Azərbaycanda vahid,qüdrətli dövlətin olmaması, feodal pərakəndəliyi,xarici hücumların dəf edilməsində yaranan çətinliklər vahid,mərkəzləşdirilmiş dövlətin yaradılmasını zəruri edirdi. Yaranmış şəraitdən istifadə edən Ərdəbil hakimləri (XIII əsrin birinci yarısında monqol işğalları dövründə yaranmışdı.) hakimiyyət uğrunda mübarizəyə qalxdılar və nəticədə 1501-ci il Şərur və 1503-cü illərdə baş vermiş Almaqulağı döyüşlərindən sonra Ağqoyunlu dövlətinin varlığına son qoyaraq Azərbaycanın cənub torpaqlarında paytaxtı Təbriz şəhəri olan mərkəzləşmiş Səfəvilər dövlətinin əsasını qoydular.Bu dövlətin qurucusu Şah I İsmayıl mərkəzi hakimiyyəti möhkəmləndirməyə müfəffəq olmuş,xarici siyasətdə də bir sıra uğurlar əldə edtmişdir.Onun oğlu Şah I Təhmasib 1538-ci ildə Şirvanşahlar dövlətinin, 1551-ci ildə isə Şəki hakimliyinin varlığına son qoymaqla Azərbaycan torpaqlarını yenidən vahid dövlət halında birləşdirdi.Bu dövlətin mərkəzi müxtəlif dövrlərdə Təbriz,Qəzvin və İsfahan şəhərləri olmuşdur.      

Azərbaycan ərazisi XVIII yüzilliyin əvvəllərində Rusiya və Osmanlı imperiyaları arasında gedən müharibələrin mərkəzində idi. Səfəvilər dövlətinin zəifləməsindən istifadə edən Rusiya ciddi «Qafqaz siyasəti» yeridirdi. I Pyotrun Azərbaycan neftinə və geostrateji mövqeyinə olan marağı Türkiyə ilə münaqişəyə gətirib çıxardı. Bu münaqişələr yerli xalqa ağır zülm və bəlalar verdi.Səfəvilərin hakimiyyətinə 1736-cı ildə Muğanda təşkil edilmiş qurultayda Nadir xan tərəfindən son qoyuldu və Azərbaycan torpaqları Əfşarlar imperiyasının hakimiyyəti altına düşdü.Bu vəziyyət 1747-ci ilə qədər davam etmişdir.Həmin ili Nadir şah sui-qəsd nəticəsində qətlə yetirilmiş və Azərbaycan torpaqları yenidən siyasi müstəqilliyinə qovuşmuşdur.Lakin təəssüf hissi ilə qeyd etmək lazımdır ki,torpaqlarımıza edilən xarici basqınlar, feodal dağınıqlığı,natural təsərrüfatın mövcudluğu şəraitində ölkədə iqtisadi əlaqələrin zəif olması torpaqlarımızı vahid halda birləşdirilməsinə mane oldu. Nəticədə Azərbaycan torpaqları xanlıqlara,sultanlıqlara(Qəbələ, Ərəş, İlisu, Qazax, Şəmşəddil, Borçalı),məlikliklərə (Vərəndə, Xaçın, Dizaq, Çiləbörd, Gülüstan) və bir camaatlığa (Car-Balakən) parçalandı.Odur ki, XVIII əsrin ikinci yarısı tariximizə siyasi pərakəndəlik dövrü kimi daxil oldu.Xanlıqlarımızdan Urmiya,Quba,Şəki,Qarabağ torpaqlarımızın vahid şəkildə birləşdirilməsi uğrunda mübarizə aparmışlar.1804-1813-cü illər(Gülüstan sülh müqaviləsi) və 1826-1828-ci illəri əhatə edən(Türkmənçay sülh müqaviləsi) Rus-İran müharibələri nəticəsində torpaqlarımız Rusiya ilə İran arasında Araz çayı sərhədd olmaqla iki yerə bölüşdürüldü.

Çar Rusiyasının işğalı altına düşən şimal torpaqlarımızda 1918-ci il 28 mayda AXC-nin qurulması ilə müstəqilliyimiz bərpa edildi. Bununla da AXC şərqdə müəslman şərqində  qurulmuş ilk demokratik respublika və ilk dəfə qadınlara seçki hüququ verən müsəlman dövləti kimi dünya tarixində də özünəməxsus yerini tutdu.Təəssüf hissi ilə qeyd etməliyik ki,cəmi 23 ay yaşayan AXC 1920-ci il 28 Aprel işğalından sonra Sovet Rusiyasının tərkibinə qatıldı. Azərbaycanda işğalçılıq siyasətini həyata keçirən bolşeviklər Bakıda Azərbaycan Sovet Sosialist Respublikasının yarandığını elan etdilər. Doğrudur, Azərbaycanı «müstəqil» Sovet Sosialist Respublikası elan etsələr də, əslində aprel çevrilişindən sonra Azərbaycan öz dövlət müstəqilliyini itirdi. Nəhayət,70 illik əsarətdən sonra şimal torpaqlarımızda 1991-ci il oktyabrın 18-də müstəqil Azərbaycan Respublikası yenidən dünyaya günəş kimi doğdu.

Müstəqilliyi elan edilmiş Azərbaycan Respublikası çox mürəkkəb tarixi şəraitdə fəaliyyət göstərməyə başladı. Onun müstəqilliyini dünya dövlətləri tanıdı. Azərbaycan Respublikası ilk olaraq 1991-ci il noyabrın 9-da Türkiyə Cümhuriyyəti, sonra Rumıniya (11 dekabr 1991), Pakistan (13 dekabr 1991), İsveçrə (23 dekabr 1991), İran (25 dekabr 1991), ABŞ (23 yanvar 1992), Rusiya (10 aprel 1992) və s. dövlətlər tanıdılar. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına üzv qəbul olunması (2 mart 1992) ilə onun beynəlxalq aləmdə de-fakto tanınmasına başlandı.

1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini elan etsə də, ozamankı rəhbərliyin yarıtmaz fəaliyyəti və səriştəsizliyi nəticəsində çox keçmədən ölkə nəinki istiqlalını, bütövlükdə, öz varlığını itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində geniş miqyas almış birinci Qarabağ müharibəsi, digər tərəfdən, dövlət rəhbərliyində olanların yeritdikləri uğursuz xarici siyasət, daxildə gedən siyasi çəkişmələr, separatçılar hərəkatı müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini artırırdı. Lakin böyük siyasi təcrübəyə malik olan Heydər Əliyevin 1993-cü ilin iyununda ölkədə siyasi hakimiyyətə qayıdışı ilə bu təhlükə sovuşdu, ölkə daxilində mövcud olan siyasi problemlərin, özbaşınalığın qısa bir dövr ərzində həll olunması təmin edildi.  Haqlı olaraq vurğulanır ki, Azərbaycanın 1991-ci ildə qovuşduğu müstəqilliyin ilkin bazası, zəruri təməli məhz ulu öndər Heydər Əliyevin respublikaya birinci rəhbərliyi(1969-1982) dövründə qoyulmuşdur.  Respublikamızı Şərqdə ilk demokratik cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edən Ümummilli lider Heydər Əliyev müstəqilliyi qorumaq onu əldə etməkdən qat-qat çətindir məntiqi ilə nəhəng dövlət quruculuğu işlərinə başladı.

1991- 1993-cü ilin birinci yarısında Azərbaycan Respublikasının xarici siyasətində, səriştəsizlikdən və laqeydlikdən, başlica istiqamətlər dürüst müəyyənləşdirilmədi. Azərbaycan Respublikasının xarici siyasətində 1993-cü ilə qədər yeridilən siyasi xətt nəinki özünü doğrultmadı, əksinə, yeni qurulmaqda olan dövlətin imicinə ağır zərbə vurdu.

1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni hərbi qüvvələri Rusiya Federasiyasının Stepanakertdə (Xankəndidə) yerləşən silahlı qüvvələrinin 366-cı alayının köməyi ilə Xocalı şəhərini yerlə yeksan etdilər. Dinc mülki əhaliyə qarşı xüsusi qəddarlıqla soyqırımı həyata keçirdilər. Bu faciə nəticəsində 613 dinc sakin qətlə yetirildi, 487 nəfər yaralandı, 1275 nəfər isə əsir götürüldü. 150 nəfər itkin düşmüş, 1165 nəfər girovluqdan azad edilmişdir. Xocalıda 63 nəfər uşaq, 106 nəfər qadın, 70 nəfər qoca öldürülmüşdür. 8 ailə tamamilə məhv edilmişdir. 56 nəfər insan qəddarlıqla öldürülmüşdür. 27 ailənin yalnız bir üzvü qalmışdır, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərdən birini, 230 ailə öz başçısını itirmişdir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev Xocalı soyqırımının 10-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində demişdir: «Bu amansız və qəddar soyqırımı aktı,insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu».

Yalnız 1993-cü ilin ortalarından - Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsindən sonra xarici siyasət sahəsində fəaliyyət müsbət məcraya yönəldi. Buraxılmış səhvlərin nəticələri tədricən və ardıcıl şəkildə aradan qaldırılmağa başlandı. 1992- ci ildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ATƏT-in (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) Minsk qrupu yaradılmışdır. Ən nüfuzlu beynəlxal təşkilatlardan biri olan BMT Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində addımlar atmışdır. BMT Təhlükəsizlik Şurası tərəfindən dörd qətnamə qəbul edilmişdir. Azərbaycanın Kəlbəcər rayonunun işğalından sonra BMT- nin Təhlükəsizlik Şurası 30 aprel 1993-cü il tarixində özünün 822 saylı qətnaməsini, Ağdam rayonunun işğalından sonra 29 iyul 1993-cü il tarixində 853 saylı qətnaməsini, Cəbrayıl, Füzuli və Qubadlı rayonlarının işğalından sonra 14 oktyabr 1993-cü il tarixində 874 saylı qətnaməsini, Zəngilan rayonunun işğalından sonra isə 12 noyabr 1993-cü il tarixində 884 saylı qətnaməsini qəbul etdi. Qətnamələrin hər birində Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı və ərazilərin zor gücünə zəbt edilməsinin yolverilməzliyi təsdiq olunur, erməni hərbi birləşmələrinin işğal etdikləri ərazilərdən qeyd-şərtsiz çıxmalan birmənalı şəkildə tələb olunurdu. 1994- cü il mayın 4-də Qırğızıstanın paytaxtı Bişkekdə MDB Parlamentlərarası Assambleyasının iclası çərçivəsində atəşkəslə bağlı danışıqlar başlandı 1994-cü ilin may ayında Minsk qrupunun fəaliyyəti nəticəsində Brüsseldə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən NATO-nun «Sülh naminə tərəfdaşlıq» çərçivə sənədi imzalandı və Rusiya Federasiyasının vasitəçiliyi ilə Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında atəşkəs barədə razılaşma əldə olundu. 1994-cü il mayın 12-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında müvəqqəti atəşkəs elan olundu və həmin gündən qüvvəyə mindi.Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq prinsiplər çərçivəsində həlli üçün ATƏT-in 1994-cü il Budapeşt, 1996-cı il Lissabon, 1999-cu il İstanbul sammitləri keçirilmişdir. Münaqişə başlanandan indiyədək keçən dövr ərzində münaqişənin həllinə səy göstərilsə də, Ermənistan Respublikasının qeyri-konstruktiv mövqeyi nəticəsində heç bir nəticə əldə edilməmişdir. Azərbaycan Respublikasının torpaqları hələ də Ermənistan Respublikasının işğalı altındadır.

1994-cü ildən başlayaraq aparılan ardıcıl və məqsədyönlü siyasət sayəsində ictimai-siyasi sabitliyin təmini, istehsalatda yaranmış geriləmə proseslərinin qarşısının alınması və digər tədbirlərdən sonra iqtisadiyyatda tənəzzül tədricən aradan qaldırıldı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu. Ulu öndər qarşıya çıxan bütün sərhədləri yardı və qısa vaxt ərzində Azərbaycanın səsi ən nüfuzlu beynəlxalq təşkilatların kürsüsündən gəldi. Müstəqilliyin əvəzsiz bir nemət olduğunu və xalqın tarixi taleyində çox önəmli rol oynadığını böyük qürur hissi ilə bəyan edən Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi. Əsl müstəqillik isə öz sərvətlərini tam sahibi olmaqdır. Bir sözlə əgər müstəqillik Azərbaycanın suveren dövlət kimi mövcud olması tarixi zərurətindən irəli gələn hadisə idisə Azərbaycanın müstəqilliyinin əbədiliyi və dönməzliyi ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olan müasir tariximizin danılmaz faktıdır. Məhz dövlət müstəqilliyi Heydər Əliyev faktı kimi yeni və qlobal dünyada Azərbaycanın dünyaya, dünyanın Azərbaycana gərəkli olduğunu sübut etdi. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanmasının Azərbaycanın sonrakı sabit və dayanıqlı inkişafı üçün müstəsna əhəmiyyəti bu gün də danılmaz fakt olaraq qalır. Əldə olunan makroiqtisadi sabitlik, sənayedə və digər sahələrdə iqtisadi göstəricilərin artımı, həyata keçirilən genişmiqyaslı iqtisadi islahatların və nəhəng işlərin ilkin nəticələri aparılan siyasətin düzgünlüyünü, Azərbaycanın bazar iqtisadiyyatı yolunda inamlı addımlarını təsdiq edirdi.

1994-cü ilin oktyabr və 1995-ci ilin mart dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, qanunsuz silahlı dəstələr ləğv olundu, mütəşəkkil ordu yaradıldı, dövlət müstəqilliyi qorunub saxlanıldı. Ölkə daxilində ictimai-siyasi şərait bərpa olunduqca müstəqil respublikanın dövlət təsisatları yaradılmağa, qurulmağa başladı.Belə ki, 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi ilə qəbul edilmiş ilk milli Konstitusiyamızda insan və vətəndaş hüquq və azadlıqlarının ölkə ərazisində birbaşa qüvvəyə malik olduğu, onların təmin edilməsi isə dövlətin ali məqsədi kimi təsbit edilmişdir. Bu baxımdan təsadüfi deyil ki, dövlət həyatının bütün sahələrinin təşkili və fəaliyyət əsaslarını müəyyən edən Konstitusiya normalarının böyük qismi insan və vətəndaş hüquq və azadlıqlarına həsr olunmuşdur.

Azərbaycanın Avropa Şurasına üzv olması ilə əlaqədar ölüm hökmünün 10 fevral 1998-ci il tarixində aradan qaldırılması da atılan humanist addımlar sırasına daxildir.Həmçinin həmin ildə Konstitusiya Məhkəməsinin yaradılması, Senzuranın ləğv edilməsi də ölkədə həyata keçirilən demokratik islahatların bariz sübutu idi. Azərbaycan Respublikası 2001-ci ildə yanvar ayının 25-də Avropa Şurasına qəbul edildikdən sonra dövlətimizin öz hüquq sistemini Avropa hüquq məkanına uyğunlaşdırılması prosesinə başlanmış və İnsan Haqları üzrə Müvəkkil (Ombudsman) təsisatının yaradılması zərurəti meydana gəlmişdir. Azərbaycanda Ombudsman təsisatı 2002-ci il iyul ayının 2-də yaradılmışdır.

2002 və 2009-cu illərdə, eləcə də 2016-cı il sentyabrın 26-da referendum yolu ilə Konstitusiyaya bir sıra mühüm əlavə və dəyişikliklərin edilməsi tam mütərəqqi xarakter daşımaqla insan və vətəndaş hüquqlarının və azadlıqlarının daha səmərəli qorunmasını, vətəndaşların layiqli həyat səviyyəsini, demokratiyanın inkişafını təmin etdi. Hüquq sistemi üçün vacib dəyişikliklərdən biri isə hər bir kəsə pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədilə Konstitusiya Məhkəməsinə fərdi şəkildə müraciət etmək hüququnun verilməsi oldu.

2003-cü ilin oktyabrında İlham Əliyev  Azərbaycan  Respublikasının  Prezidenti  seçilməsi ilə Ümummilli Liderin siyasi kursunun  uğurla  davam  etdirilməsinin qarantına çevrildi. Ölkə rəhbərinin yürütdüyü uğurlu daxili və xarici siyasətin nəticəsidir ki, respublikamız dünya olkələri sırasında  özünün dinamik  inkişafı  ilə seçilən, gündən-günə abadlaşan bir ölkəyə çevrilməkdədir.

Keçidlər