AZƏRBAYCAN
Qarabağ
Azərbaycan Respublikasının Qarabağ regionu dünyanın ən
qədim insan məskənlərindən biridir.
Azərbaycanın tarixində, onun ayrılmaz tərkib hissəsi olan Qarabağ regionunun özünəməxsus rolu və yeri vardır. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Qarabağ tarixinin tədqiqinə xüsusi diqqət yetirilir. Qarabağ - türk mənşəli sözdür. Qarabağ ifadəsi türk dilində «qara» və «bağ»dan əmələ gəlmişdir. Qara - «böyük», «qalın», «sıx» mənalarında işlədilir. «Qarabağ» sözü mənbələrdə ilk dəfə VII əsrdə xatırlanır. XIV sonu – XV əsrin əvvəllərində «Arran» termini ilə yanaşı işlənmiş «Qarabağ» istilahı, bəzən onu əvəz etmiş və inzibati ərazi baxımından isə Azərbaycanın mərkəzi sahələrini əhatə etmişdir. Qarabağ coğrafi ərazi kimi dağlıq və dağətəyi yerləri birləşdirən vahid ərazidən ibarət olmuşdur.
Azərbaycan Respublikasının Qarabağ regionunda mövcud olan Azıx mağarası dünyanın ən qədim insan məskənlərindən biridir. Azıx mağarası (Azıx-qədim türk dillərində ayı deməkdir) Azərbaycan Respublikası ərazisində ən iri mağaradır. Mağara Füzuli şəhərindən 14 km şimal-qərbdə, Xocavəndə yaxın ərazidə, Quruçayın sol sahilində, dəniz səviyyəsindən 900 m hündürlükdə yerləşir. Mağara arxeoloji cəhətdən 1960-cı ildə öyrənilmişdir. Mağara Paleolit (qədim daş) dövrünə aid nadir abidələrdən biridir. 1968-ci ildə Azıx mağarasında tapılmış Aşel dövründə yaşamış ibtidai insanın çənə sümüyünün bir hissəsi (18-22 yaşlı qadının alt çənə sümüyü üç dişi ilə birlikdə) Azərbaycanm ən qədim insan məskənlərindən biri olduğunu söyləməyə etməyə imkan vermişdir.
Azərbaycanın Qarabağ regionu siyasi cəhətdən I-III əsrlərdə alban arşaklılarınin hakimiyyəti altında olmuşdur. Qarabağ regionunda ilkin tayfa ittifaqlarının yaranması prosesi geniş bir dövrü əhatə etmişdir. Ərazi sıx məskunlaşmışdır. Burada tarixə məlum olan və məşhur ənənələr yaratmış bir çox tayfalar yaşamışdır. Bunların sırasında qədim türk tayfaları - utilər, qarqarlar, sovdeylər və hurritlər daha çox tanınmışdır. Qarabağ regionunda yerli türk mənşəli oturaq əkinçi əhali ilə bərabər köçəri türk tayfaları da məskunlaşmışdır. E.ə I minillikdə onlar Kür və Araz hövzəsini tutmuşdular. Qaynaqlarda adları çəkilən bu sak, massaget tayfalan Azərbaycan ərazisinə, həmçinin Qarabağa e.ə.VII əsrdə gəlmiş, bu ərazilərdə məskunlaşmış, tədricən yerli türk tayfaları ilə qaynayıb qarışmışlar. Azərbaycanın digər əraziləri kimi Qarabağ regionu da qədim dövrlərdən etibarən intensiv olaraq yazılı mənbələrdə ilk dəfə e.ə.IV əsrin sonu-III əsrin əvvəllərində adı çəkilən Azərbaycan Albaniyasının tərkibində olmuşdur. Qarabağ ərazisində erkən antik dövrdə (e.ə.IV, I əsrlərdə) cəmiyyətin inkişafı, təsərrüfatın və ticarətin yüksəlişi baş vermişdir. Burada iri yaşayış məskənləri və şəhərlər yaranmış, ictimai münasibətlər xeyli inkişaf etmişdir. Yunan-Roma müəllifləri Azərbaycan Albaniyası ərazisində məskunlaşan tayfalar haqqında maraqlı məlumatlar vermişlər. Strabon bildirir ki, Albaniyada 26 tayfa var idi. E.ə.II əsrdə Albaniyanın tərkib hissəsi olan Qarabağın köklü sakinləri Azərbaycan türkləridir. Türklər Cənubi Qafqazın cənub-şərq əyalətlərinin, Kür və Araz çayları arasındakı ərazilərin - Qarabağ regionunun yerli əhalisidir.
Albaniya IV-VII əsrlərdə geniş əraziyə malik idi. O, şimaldan Böyük Qafqaz dağlarına, cənubdan Araz çayına, şərqdən Xəzər dənizinə, qərbdən İberiyaya,cənub-qərbdən Kiçik Asiyaya qədər torpaqları əhatə edirdi. Erkən orta əsrlərdə Albaniya dövlətində 11 tarixi vilayət yerləşirdi. Qarabağ ərazisi, başqa sözlə Kür və Araz çaylararası Uti, Arsak(Ər-sak)-Qarabağ, Paytakaran və Sisakan vilayətlərini, Albaniyanın paytaxtı - Bərdə şəhərini və hökmdarın yay iqamətgahı - Xalxal şəhərini əhatə edirdi. Bərdə şəhəri Mehranilər sülaləsinin dövründən Albaniyanın paytaxtı idi. Erkən orta əsrlərdə Qarabağda oturaq maldarlıq, əkinçilik və sənətkarlıq inkişaf etmişdir. Qarabağda müxtəlif növ sənət: dulusçuluq, metalişləmə, toxuculuq, o cümlədən ipəkçilik, şüşə sənətkarlığı, zərgərlik, əmək aləti və silah istehsalı, eləcə də daşyonma, ağac və sümükoyma sənətləri inkişaf etmişdir. Qarabağda ilk orta əsrlərdə ticarət də geniş inkişaf etmiş, qonşu ərazilərin ticarət mərkəzləri ilə əlaqələr genişlənmişdir. II-VII əsrlərdə Albaniya Sasani, Bizans imperiyaları və Xəzər Xaqanlığı arasında müharibə meydanına çevrilmişdi. Albaniya, o cümlədən onun mərkəzi hissəsi Qarabağ ərazisi (Uti, Arsak, Paytakaran, Sisakan) Sasani imperiyasının şimal canişinliyinin tərkibinə qatılmışdır. Bizim eranın ilk yüzilliklərindən Albaniyada xristianlıq yayılmağa başlamış, 313-cü ildə xristianlıq dövlət dini qismində qəbul edilmişdir. Lakin xristianlıq geniş yayılmamışdır. V əsrin əvvəllərində Albaniyanın paytaxtı Bərdədə alban çarı III Vaçaqanın əmri ilə xüsusi məktəblər açılmış, uşaqlara yazı və dini ehkamlar öyrədilmişdir. Bu zaman müxtəlif cinsli çoxsaylı səslərdən tərtib edilmiş xüsusi yazı qaydasından istifadə edilmişdir. Ərəblərin Albaniyaya ilk hücumları zamanı Albaniya hökmdarı Cavanşir ərəblərə qarşı mübarizə apardı, lakin müqavimətin davam etdirilməsinin anlamsız olduğunu anlayıb, mübarizəni dayandırdı.On ildən artıq davam edən müqavimətdən sonra ərəblər Azərbaycan ərazilərini zəbt etdilər. Bu hadisədən sonar Qarabağın tarixində VIII əsrdən etibarən dəyişikliklər baş verdi. Azərbaycanın hər yerində olduğu kimi Qarabağda da mütərəqqi din olan İslam bütün dinləri üstələdi. Albaniya əhalisinin böyük hissəsi İslamı qəbul etdi, müsəlman oldu, az bir hissəsi isə əvvəlki dinini (xristianlığı) saxladı.
705-ci ildə Xilafət Albaniyanın paytaxtı Bərdəyə öz canişinlərini təyin edib, ölkənin idarəçiliyini ona tapşırdı. Bərdə Xilafətin şimaldakı mərkəzinə çevrildi. Albaniya görkəmli Azərbaycan sərkərdəsi, Albaniyanın dövlət başçısı Cavanşirin yürütdüyü uzaqgörən daxili və xarici siyasət nəticəsində dövlət müstəqilliyini qoruyub saxlamışdır. Xilafətə vergi verməklə VIII əsrin əvvəllərinədək Albaniya yerli hökmdarlar tərəfindən idarə olunmuşdur. Cavanşirin ölümündən sonra isə Albaniyada dövlətçilik və siyasi hakimiyyət zəifləmişdir.
IX əsrin ikinci yarısında Xilafətin şimal ərazilərində və digər ucqarlarında müstəqil feodal dövlətləri yaranmağa başladı. IX-X əsrin əvvəllərində ərəblərin etnik zəmində etdikləri təzyiqlər Qarabağ ərazisində də etiraz hərəkatlarının və çıxışların baş verməsinə səbəb olmuşdur. Bu zaman Qarabağ ərazisi türk sülaləsinin hökmranlıq etdiyi Sacilər dövlətinin tərkibində böyük bir regionu təşkil edirdi. X əsrin ortalarında (942-ci ildə) Deyləmilər Saciləri devirərək Salarilər dövlətinin əsasını qoydular. Salarilərin hakimiyyətinin ilk illərində mərkəzi bölgələrdən biri kimi Qarabağın iqtisadi, sosial və mədəni inkişafı yüksək səviyyəyə qalxdı. Salarilər dövlətinin yenicə yaranıb hakimiyyəti möhkəmləndirməyə başladığı zaman möhkəm silahlanmış rus dəstələri Xəzər dənizi ilə cənuba doğru hərəkət edərək 943/944-cü ildə Xəzər-Kür su yolu ilə Qarabağ ərazisinə hücum etdi. Ruslar Qarabağın mərkəzi şəhəri Bərdəni qarət etdilər, xalqın müqaviməti ilə şəhəri tərk etməyə məcbur olduqda şəhəri dağıtdılar və yandırdılar. XI əsrin ortalarında (1055-ci il) Azərbaycana gələn Səlcuqlar Şəddadiləri özlərindən asılı vəziyyətə salırlar. Qarabağ bölgəsi də bu zaman Səlcuqların hakimiyyəti altına düşdü. 1157-ci ildə Böyük Səlcuq imperatorluğu parçalandı. İraq, indiki İran, o cümlədən Güney Azərbaycan torpaqları və Cənubi Qafqazın bir hissəsi daxil olmaqla İraq Səlcuq Sultanlığı (1118-1194) yarandı.
Böyük Səlcuq imperatorluğunun tənəzzülü dövründə meydana gələn müstəqil Azərbaycan dövlətlərindən biri də Azərbaycan atabəylərinin idarə etdiyi Eldənizlər dövləti idi. XII əsrin ikinci rübündən etibarən Qarabağ ərazisi Atabəylər dövlətinin tərkibinə daxil oldu. Mərkəzi Asiyada güclü hərbi qüdrətə malik olan Monqol dövlətinin XIII əsrin əvvəllərində qonşu ərazilərə yürüşü başlandı. Qonşu ölkələrdə mövcud olan vəziyyətdən istifadə edən Çingiz xan 1219-cu ildən etibarən öz işğalçılıq yürüşlərini genişləndirdi. Bu dövrdə Azərbaycanda mövcud olan üç dövlətdən heç biri,o cümlədən Eldənizlər sülaləsi ölkəni xarici təhlükədən qorumaq iqtidarında deyildi. Dövlətin tərkibində feodallar arasında gedən müharibələr dövləti zəiflətmişdi. 1225-ci ildə Azərbaycan Xarəzmşah Cəlaləddinin hücumlarına məruz qaldı. Əmir Urxanın rəhbərliyi altında Azərbaycana gəlmiş qoşun Qarabağın iri şəhərləri Bərdəni, Beyləqanı, həmçinin Gəncəni və Şəmkiri istila etdilər. Müqavimət nəticəsində istilaçılar geri çəkildilər.
1231-ci ildə monqol qoşunları ikinci dəfə Azərbaycana soxuldular və 1239-cu ildə Azərbaycanın işğalı başa çatdırdılar.Üçüncü hücum zamanı Hülaku xan 1256-cı ildə Azərbaycanı istila etdi. 1295- ci ildə oğuz Qazan xan Hülakulər səltənətinə sahib oldu. O, Hülakulər dövlətini iqtisadi və siyasi böhrandan xilas etmək üçün islahatlar apardı. Azərbaycanın tərkib hissəsi kimi Qarabağ XII-XIV əsrlərdə baş vermiş ictimai-siyasi hadisələrin mərkəzlərindən biri idi. Elxani (Hülaku) hökmdarlarından üçü - Qazan xan, Arpa xan və Ənuşirəvan səltənət taxtına Qarabağda çıxmış, ikisi isə Arqun xan və Əbu Səid Qarabağda vəfat etmişlər. 1335-ci ildə Elxani hökmdarı sultan Əbu Səidin ölümündən sonra Elxanilər dövlətinin tənəzzülü, parçalanması və nəhayət süqutu Qarabağa da öz təsirini göstərdi. Qarabağ hakimləri Elxanilər dövlətində şiddətlənən feodal ara müharibələrinin fəal iştirakçılarına çevrildilər. 1386-cı ildən Teymurun Azərbaycan ərazisinə yürüşləri baş vermişdir. XIV əsrin sonlarında, Karsı, Tiflisi, Şəkini fəth etmiş Teymur Qarabağa daxil olmuşdur. Qaynaqların verdiyi məlumata görə Teymur Qarabağda xeyli abadlıq işləri gördürmüşdür.
1410-cu ildə Qara Yusif Təbriz yaxınlığında keçmiş müttəfiqi Sultan Əhmədi məğlub edərək Cəlairi dövlətinə son qoydu və mərkəzi Təbriz şəhəri olan Azərbaycan Qaraqoyunlu dövlətini yaratdı. Qarabağ da daxil olmaqla Kürdən cənubda yerləşən Azərbaycan torpaqları Qaraqoyunluların hakimiyyəti altına salındı. 1420-ci ildə Qara Yusifin ölümü Teymuri Sultan Şahruxun Azərbaycanı işğal etməsinə şərait yaratdı. 1421-ci ilin aprelində Sultan Şahruxun Qarabağı tərk etməsi ilə teymurilərə qarşı Gəncə və Bərdədə Yar Əhməd Qaramanlının üsyanı başladı. 1467-ci ildə Qaraqoyunlular və Ağqoyunlular arasında baş vermis Muş döyüşdən sonra Qaraqoyunlu dövləti süqut etdi və Ağqoyunlu dövlətinin əsası qoyuldu. 15-ci yüzilliyin 90-cı illərində Ağqoyunlu taxt-tacı uğrunda şiddətli mübarizədə Qarabağda yaşayan qacarlar yaxından iştirak edirdi. Şeyx Heydərin ətrafında toplanmış qızılbaş tayfaları arasında Qarabağ qacarları da xüsusi yer tuturdu. 1500-cü ildə Azərbaycan Ağqoyunlu dövlətində daxili ziddiyyətlər daha da kəskinləşdi və dövlət Ağqoyunlu əmirləri arasında parçalandı. Cənubi Azərbaycan, Naxçıvan, Diyarbəkr və Qarabağ Sultan Əlvəndin əlində qaldı. Beləliklə, Qarabağ əhalisinin əsas hissəsini XV yüzillikdə Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu tayfa birliklərinə daxil olan Azərbaycan-türk tayfaları və onun oymaqları təşkil etmişdir.
Azərbaycanda 1501-ci ildə Ağqoyunluların hakimiyyətinə son qoyuldu və I Şah İsmayıl tərəfindən Azərbaycan Səfəvilər dövləti yaradıldı. Səfəvilər dövlətinin formalaşmasında Qarabağ ərazisində yaşayan tayfalar da iştirak etmişdir. Qarabağ ərazisi XVI yüzilliyin başlanğıcında Azərbaycan Səfəvilər dövlətinin tərkibində mərkəzi Gəncə olan Qarabağ bəylərbəyliyinə daxil olmuşdur. Səfəvilər dövlətinin inzibati ərazi quruluşunda mühüm yer tutan Qarabağ bəylərbəyliyi geniş əraziyə malik idi. Həmin bəylərbəylik 300 ilə yaxın Ziyadoğlu sülaləsinin hakimiyyəti altında olmuşdur. İlk Qarabağ bəylərbəyi Kəmaləddin Şahverdi sultan Ziyadoğlu Qacar olmuşdur (1551-ci il). Qarabağ bəylərbəyliyinə - Bərdə, Beyləqan, Ağdam, Yevlax, Şəmkir, Zəyəm, Tovuz, Qazax və Borçalı daxil olmuşdur. XVI yüzilliyin sonlarında Osmanlı sultanı III Muradın (1574-1594) zamanında Fərhad paşa Gürcüstandan keçərək Qarabağa daxil olmuş, Osmanlı hərbi hissələrini burada yerləşdirmişdi. Qəzvində hakimiyyətə gələn Səfəvi şahı I Abbas Hüseyn xan Ziyadoğlu-Qacarı Qarabağı azad etməyə təhkim etdi. 1603- cü ildə Gəncə-Qarabağın bəylərbəyi Davud paşa Hüseyn xan Ziyadoğlu-Qacarı məğlub edərək geri çəkilməyə məcbur etmişdir. 1666-cı ildə Uğurlu xan Ziyadoğlu-Qacar vəfat etdikdən sonra Qarabağı oğlu Abbasqulu xan idarə etməyə başladı. Abbasqulu xan II Şah Səfinin yaxın adamlarından sayılırdı. O, bir müddət Bərdənin hakimi olmuş, atasının vəfatından sonra 1688-ci ildən 1694-cü ilədək Qarabağın və Kaxetiyanın hakimi olmuşdur. 1694-cü ildən 1702-ci ilədək, Şah Sultan Hüseyn Səfəvinin hakimiyyəti dövründə Gəncə-Qarabağın bəylərbəyi Uğurlu xanın ikinci oğlu Kəlbəli xan olmuşdur.
Azərbaycan tarixçisi İsgəndər bəy Münşi Osmanlı-Səfəvi müharibəsində Qarabağ süvarilərinin ön cərgədə getdiyini bildirir. Avropa dövlətlərinin yaratdığı və qızışdırdığı ədavət iki nəhəng türk dövlətinin bir-birinə qarşı düşmən mövqeyi tutmasına səbəb olmuşdur. XVI yüzillikdən başlayaraq Osmanlı-Səfəvi qarşıdurması nəticəsində Qarabağın türk əhalisinin xeyli hissəsi bu əyaləti tərk etmişdir. Bu səbəbdən də Qarabağda türk əhalisinin sayı aşağı düşmüşdür. Bu zaman hakimiyyət dəyişikliyindən istifadə edən alban-xristian məlikləri boşalmış türk kəndlərini və torpaqlarını rüşvət və hədiyyələrlə ələ keçirmişlər. 1593-cü ildə Osmanlıların tərtib etdiyi Gəncə-Qarabağ əyalətinin vergi dəftərində bu öz təsdiqini tapmışdır.
Azərbaycan ərazisi XVIII yüzilliyin əvvəllərində Rusiya və Osmanlı imperiyaları arasında gedən müharibələrin mərkəzində idi. Səfəvilər dövlətinin zəifləməsindən istifadə edən Rusiya ciddi «Qafqaz siyasəti» yeridirdi. I Pyotrun Azərbaycan neftinə və geostrateji mövqeyinə olan marağı Türkiyə ilə münaqişəyə gətirib çıxardı. Bu münaqişələr yerli xalqa ağır zülm və bəlalar verdi. Rusiya dövlətinin təhriki ilə 18-ci yüzilliyin əvvəllərində şimali qafqazlıların Qarabağa (Gəncə-Qarabağ əyalətinə) aramsız basqınları başlandı. 1712-ci il hücumu zamanı Qarabağın çox hissəsi, Bərdədən Qazağa qədər olan düzənlik yerlərdəki yaşayış məskənləri talandı, xeyli insan tələf oldu. Qarabağın dağlıq hissəsində yaşayan qeyri-müsəlmanlar (xristian albanlar) hədiyyələr verərək əsirləri xilas etdilər. Müsəlmanlar isə qırğına məruz qaldı, yaşayış məskənlərinin çoxu boşaldı. 1724-cü ildə Qarabağa girən çoxsaylı Osmanlı ordusu qarşısında Gəncə-Qarabağ bəylərbəyi azsaylı qoşunla sərhədi qoruya bilmədi. Osmanlılar bir-iki həmlə-hücumla Gəncəni alıb Qarabağa yiyələndilər. Qarabağ bir müddət Osmanlıların əlində qaldı. Bu zaman Qarabağın valisi İbrahim paşa, sonra Gəncə-Qarabağ valisi Əli paşa olmuşdur. 18-ci yüzillikdə Gəncə-Qarabağı növbə ilə Kəlbəli xanın oğulları, o cümlədən II Uğurlu xan idarə etmişdir. Qaynaqlarda bildirilir ki, 1730-cu ildə II Təhmasib II Uğurlu xanı 700 nəfərlik dəstə ilə Qarabağa qoşun toplamağa göndərmişdir. Uğurlu xan Bərdə və Bərgüşad qəzalarından 12 min nəfərlik qoşun yığmağa nail olmuşdur. İbrahim paşanın yanında olan Qarabağ qoşunu Qara bəyin başçılığı altında Uğurlu xanla birləşərək möhkəmlənmişdir. Bu zaman işğalçı əfqanlara qarşı mübarizəyə başlayan Səfəvi sərkərdəsi Nadir xan Əfşar qələbə qazanıb, tez bir zamanda İranı, Azərbaycanı istilaçılardan təmizlədi. 1734-cü ildə Qarabağa hücum edib bir hissəsini tutdu, Gəncəyə doğru irəlilədi. Şəhəri səkkiz ay yarımlıq mühasirədən sonra aldı. Nadir xan Səfəvi dövlətinin zəiflədiyini görüb onun gələcək taleyi ilə bağlı 1736-cı ildə Muğanda qurultay çağırdı. Bu qurultayda Nadir xan özünü şah elan etdi. Qarabağ feodallarından cavanşir, kəbirli, «otuzikilər», «iyirmi dördlər»,kolanı və s. tayfaların başçıları Nadir şahın namizədliyinin əleyhinə çıxdılar. Nadir xan şah olduqdan sonra dövlətində böyük islahatlar apardı, o cümlədən Səfəvilərdən miras qalmış bəylərbəylik inzibati bölgüsünü ləğv etdi. Bundan sonra Nadir şah qurultayda cəsarət edib onun namizədliyinin əleyhinə çıxan Qarabağ əhalisinin çoxunu Xorasan və Əfqanıstan sərhədlərinə sürgün etdi. Qarabağ tayfalarının sürgün olunmasına öz narazılığını bildirən Fəzləli bəy Nadir şahın qəzəbinin qurbanı oldu. Qarabağdan sürgün olunanların içərisində Pənahəli bəyin gənc arvadı və 3 uşağı da var idi (İbrahim Xəlil ağa, Mehrəli bəy və Talıbxan bəy). Nadir şah Ziyadoğlu nəslini zəiflətmək məqsədilə Qarabağın 5 məlikliyini və Mil- Qarabağ düzündəki tayfaları, eləcə də Zəngəzuru onun nəzarətindən çıxardı. Bütün bu torpaqlar Nadir şahın qardaşı Azərbaycan sipəhsaları İbrahim xana tabe edildi. Nadir şah 1747-ci ildə sui qəsd nəticəsində öldürüldü. Onun yaratmış olduğu nəhəng imperiya müstəqil feodal dövlətlərə parçalandı. Azərbaycan ərazisində 20 xanlıq, 6 sultanlıq, 1 camaatlıqdan ibarət feodal dövlət qurumları yarandı. Bu xanlıqlardan biri Kür və Araz çayları arasında böyük əraziyə malik olan Qarabağ xanlığı oldu.
XVIII əsrin ortalarında Azərbaycan ərazisində yaranmış xanlıqlardan biri Kür və Araz çayları arasında böyük əraziyə malik olan Qarabağ xanlığı idi. Qarabağ xanlığının əsasını Cavanşirlər sülaləsinin sancalı oymağından olan Pənahəli xan qoymuşdur. Mirzə Adıgözəl bəyin məlumatına görə, Nadir şahın sarayında qalmaqdan ehtiyat edən Pənahəli bəy 1738-ci ildə Qarabağa gələrək orada yerləşdi. Pənahəli bəy Nadir şahın Qarabağdan Kəbirli mahalında (indiki Ağcabədi rayonu ərazisində), Bayat qalasını(1748) tikdirib oranı öz iqamətgahına çevirdi.
Qarabağ xanlığının yaranmasında Qarabağ vilayətinin köklü elatlarından olan otuzikilər, iyirmidördlər, kəbirli və digər tayfaların mühüm rolu var idi. Bu tayfalar Nadir şah tərəfindən vaxtilə Xorasanın Sərəxs torpaqlarına sürgün olunmuşdular. Qarabağın güclü tayfalarından biri olan otuzikilər Qarabağda otuz iki oymaqda yerləşən tayfaların birləşməsi nəticəsində əmələ gəlmişdi. Həmin tayfa birləşməsi içərisində Cavanşir tayfası böyük nüfuza malik idi. Həmin tayfaya aid kəndlərin bir çoxu XVIII əsrin sonu – XX əsrin əvvəllərində hazırkı Bərdə, Ağdam, Kəlbəcər, Tərtər, Goranboy və Yevlax ərazilərində yerləşirdi. Pənahəli xan uzaq Səraxsdan qayıdıb gələn qarabağlıları öz ətrafına topladı. Qısa müddətdə xalq arasında onun şöhrəti artdı. Qarabağ xanlığının banisi Pənahəli xan Cavanşir yaratdığı xanlıq üçün mərkəz də təşkil etdi. Xan iqamətgah kimi əvvəl Bayat qalasını, sonra Şahbulaq qalasını(1751) tikdirdi. Bu zaman artıq Qarabağ xanlığı qüvvətlənmiş və siyasi arenada söz sahibi olmuşdu. Cənubda İran tərəfdən gələn qorxulu xəbərlər və Azərbaycanın özündə cərəyan edən hadisələr - qanlı feodal ara vuruşmaları göstərdi ki, Şahbulaq qalası da o qədər qüvvətli sığınacaq deyil, gec-tez nisbətən qüvvətli düşmənin qurbanı ola bilər.Pənahəli xan Şuşa-Pənahabad qalasını tikdirib xanlığın iqamətgahına çevirdi. Qarabağ xanlığının yeni paytaxtı Şuşa- Pənahabad şəhərinin siması ölkəmizin Bərdə, Beyləqan, Bakı, Gəncə, Şəki və Şamaxı kimi şəhərlərinin memarlıq üslublarını özündə əks etdirmişdir.
Qarabağ xanlığının mövcudluğu ərzində iqtisadi inkişaf sahəsində əvvəlki dövrlərə nisbətən irəliləyiş hiss olunurdu. Bu irəliləyişin ən mühüm amili əkinçilik mədəniyyətinin yüksəlişi ilə bağlıdır. Salnamələrdə deyilir ki, xanlıq ərazisindəki bütün torpaqlar xanın özü, ağalar, bəylər, rəiyyət və vəqflər üzrə bölünmüşdü. Bu bölgü Qurani- Kərimin məzmunundan irəli gələn şəriət ehkamlarına əsaslanırdı. Qarabağ xanlığının həm Pənahəli xan, həm də İbrahimxəlil xanın dövründə qonşu xanlıqlar və digər dövlətlərlə siyasi, iqtisadi və mədəni əlaqələri olmuşdur. “Qarabağnamələr”də bu barədə geniş məlumat verilir.
Çar Rusiyanın Cənubi Qafqazda apardığı işğalçılıq siyasətinin nəticəsi olaraq 1805-ci il mayın 5-də Qarabağ xanı ilə Rus imperatoru arasında Kürəkçay traktatı imzalandı. Traktatı Rusiyanın imperatoru adından Qafqaz qoşunlarının baş komandanı Sisianov və Qarabağ xanı İbrahimxəlil xan imzaladı. Traktat və ya müqavilə adlandırılmasına baxmayaraq mahiyyətcə təslimçilik aktı olan bu sənəd Qarabağın faciəli taleyinin başlanğıcını qoydu. 11 maddədən ibarət «Andlı öhdəlik» adlanan bu traktat ilə Qarabağ xanlığı Rusiya himayəsinə qəbul edildi. Rusiya ilə Azərbaycanın münasibətlərinə dair mühüm sənədlərdən biri sayılan bu sənəd təkcə Qarabağın deyil, bütünlükdə Azərbaycanın taleyində mühüm rol oynadı. Bu traktatın şərtlərinə görə Qarabağ xanlığı Rus imperiyasının vassalı, Rusiya çarına görə digər xarici dövlətlərlə münasibət saxlamaq hüququndan məhrum olurdu. Çar xəzinəsinə hər il 8 min çervon bac verməyi öhdəsinə götürürdü. Bundan əlavə Şuşa-Pənahabadda və xanlığın ərazisində Rusiya qoşununun yerləşdirilməsi barədə də razılıq verilirdi. Bunlarla yanaşı çar qoşunlarının general-leytenantı rütbəsi verilmiş İbrahimxəlil xan birbaşa Qafqazdakı rus qoşunlarının baş komandanına tabe idi. Eyni zamanda Rusiya hökuməti də xanın və onun varislərinin daxili idarəetmə hüquqlarına toxunmayacağını öhdəsinə götürdü.
Qarabağ xanlığı Rusiyaya birləşdirilən kimi P.Sisianov Qarabağda çarizmin mövqeyini möhkəmləndirmək məqsədilə Qafqazın digər bölgələrindən erməniləri buraya köçürməyə başladı. Rusiya ilə İran arasında bağlanan Gülüstan(1813) və Türkmənçay(1828) müqaviləsindən sonra Qarabağda erməniləşdirmə prosesi üçün münbit şərait yaradıldı. Rusiya dövləti Qarabağa ermənilərin köçürməsinə hər vasitə ilə səy göstərir, hər cür şərait yaradırdı. Rus hökuməti Qarabağ regionuna çoxlu sayda erməni əhalisi kütləsi köçürmüşdür. Rus ordusunun köməyi ilə Qarabağın türk-müsəlman kəndləri boşaldılır, boşaldılan kəndlərə erməni ailələri yerləşdirilirdi. Köçürülmüş ermənilərin hesabına Qarabağda demoqrafiq quruluş dəyişdirildi, süni surətdə ermənilərin yerli türk-müsəlman əhalisindən sayca üstünlüyü təmin edildi. İki il ərzində - 1828-1830-cu illərdə 130 min (İrandan 40 min, Türkiyədən isə 90 min) erməni Azərbaycan ərazilərinə köçürüldü. İran ərazisindən ermənilərin maneəsiz olaraq Rusiyanın tərkibindəki yeni ərazilərə, konkret olaraq Qarabağa köçürülməsi Türkmənçay müqaviləsinin XV maddəsinə əsasən həyata keçirilirdi.Bu maddənin müəllifləri Paskeviç və Qriboyedov olmuşdular.
Çar Rusiyasının apardığı 1846-cı il inzibati ərazi bölgüsü zamanı Şuşa qəzası yeni yaradılmış Şamaxı quberniyasına (1859-cu ildən Bakı) tabe edildi. Çar hökumətinə və onun müstəmləkəçilik siyasətinə xidmət edən ermənilərin bütün maneə və müqavimətinə baxmayaraq, Qarabağ Azərbaycanın bir regionu olaraq tanınırdı. Rusiya hökuməti tərəfindən köçürülüb gətirilən ermənilərin Yuxarı Qarabağda - onlarla eyni dindən (xristian) olan yerli əhalinin (qriqoriyanlaşmış və erməniləşmiş albanların) yaşadığı ərazidə məskunlaşdırılması xüsusi məqsədlə və uzaqgörən plan əsasında edilirdi. Burada gəlmə ermənilərin kompakt şəkildə yaşamasını təmin etməklə strateji niyyət güdülürdü. Ermənilərin köçürülmə yolu ilə saylarının süni surətdə artırılması və onların iqtisadi cəhətdən möhkəmləndirilməsi paralel surətdə həyata keçirilirdi. Beləliklə, ermənilər çarizmin hərtərəfli dəstəyi və yaratdığı əlverişli şərait nəticəsində Qarabağın iqtisadi həyatında da möhkəmlənə bildilər. Beləliklə, çar Rusiyası bütövlükdə Şimali Azərbaycanda, o cümlədən Qarabağda ermənilər üçün geniş imkanlar yaratdı. Kütləvi surətdə bu torpaqlara köçürülən ermənilər çox keçmədən Azərbaycan torpaqlarında «Böyük Ermənistan» ideyasının reallaşdırılması uğranda açıq mübarizəyə başladılar. Həmin ideyanın tərkib hissələrindən biri də Qarabağ, İrəvan, Naxçıvan və digər Azərbaycan torpaqlarını ələ keçirməkdən ibarət idi. Ermənilərin 1890-cı illərdən başlayaraq Osmanlı dövlətinə qarşı qaldırdıqları xəyanətkar qiyamlar uğursuzluğa düçar olduqdan sonra bu mübarizənin mərkəzi Şimali Azərbaycana keçdi. Ermənilərin Qafqazda yerləşdirilməsini təmin edən Rusiya dövlətinin məmur və canişinlərinin yazdıqlarından məlum olur ki, nəinki Şimali Azərbaycan ərazisində, hətta indiki Ermənistan ərazisində 100 minlərlə azərbaycanlı öz doğma yurdlarında yaşayır və əhalinin əksəriyyətini təşkil edirdi. İndiki Ermənistan adlanan ərazi Azərbaycanın qədim, əzəli torpağıdır - azərbaycanlıların doğma yurdudur. Bu, danılmaz tarixi faktdır.
XX yüzilliyin əvvəllərində Şimali Azərbaycanın Qarabağ regionu Yelizavetapol quberniyasının tərkibində idi (Çar Rusiyası dövründə Gəncənin adı dəyişdirilib rus çariçəsi Yelizavetanın şərəfinə Yelizavetapol adlandırılmışdı). XIX yüzilliyin sonlarında meydana çıxan erməni təşkilatları yarandığı andan azərbaycanlı-türk əhalinin dincliyini kəskin şəkildə pozurdular. Gəlmə ermənilərin Qarabağda möhkəmləndirilməsi üçün Azərbaycan xalqına qarşı həyata keçirilən etnik təmizləmə siyasəti XX yüzilliyin əvvəllərində daha geniş vüsət almışdı. Bu məqsədlə ermənilərin Azərbaycanda fəaliyyət göstərən terror təşkilatları 1905-ci ildə Bakıda, İrəvanda, Zəngəzurda, Qarabağda və digər yerlərdə kütləvi qırğınlar törətdilər. 1905-ci ilin fevralında Bakıda başlayan qırğınlar 1906-cı ilə qədər davam etdi. Bu qırğınlar nəticəsində 50 mindən artıq azərbaycanlı qətlə yetirildi, yüzlərlə yaşayış məntəqəsi dağıdıldı. Təkcə Qarabağ və Zəngəzurda 200-dən artıq kənd yandırılıb məhv edilmişdi. Bu kəndlərin yarıdan çoxu sonralar da dağılmış vəziyyətdə qaldı, az bir hissəsinə azərbaycanlılar qayıda bildilər, qalanlarında isə ermənilər məskunlaşdılar. Ermənilərin Dağlıq Qarabağ ərazisinə əsassız iddiaları 1905- 1906-ci illərdə silahlandırılmış ermənilər tərəfindən türk-azərbaycanlıların qırğını ilə nəticələndi. Həmin dövrdə silahlı erməni quldur dəstələri Qarabağda dinc azərbaycanlı əhaliyə divan tutmuş, yüzlərlə kəndi, qəsəbəni və şəhəri dağıtmış, yandırmışlar. «Böyük Ermənistan» yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1906-cı illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirən ermənilər İrəvan və Gəncə quberniyalarının 200, Şuşa-Pənahabad, Cəbrayıl və Zəngəzurun isə 75 kəndini talan etdilər. Rusiyanın geosiyasi maraqlarına uyğun olan bu proseslər ermənilər üçün çox məqsədəuyğun idi. Qanlı aksiyalarda məqsəd yerli əhalini - azərbacanlıları Şuşa-Pənahabadı və Qarabağın dağlıq hissəsinin digər ərazilərini tərk etməyə məcbur etmək idi. Lakin ermənilərin Azərbaycan torpaqlarına kütləvi şəkildə köçürülməsi belə, demoqrafik vəziyyəti dəyişə bilməmişdi. Beləliklə, ermənilər çar Rusiyasının hərtərəfli dəstəyi və yaratdığı əlverişli şərait nəticəsində Qarabağın siyasi və iqtisadi həyatında ciddi problemə çevrildilər. Ermənilər sonrakı dövrlərdə də - mühüm məqamlarda Azərbaycan dövlətçiliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş təxribatlar və açıq separatçılıq əməllərini davam etdirdilər.
Xalqımızın və milli dövlətçiliyimizin tarixində özünəməxsus yer tutan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) mürəkkəb bir dövrdə meydana gəldi və çox çətin şəraitdə fəaliyyət göstərdi. Azərbaycan Xalq Cümhuriyyətinin yaşadığı 23 ay müddətində gənc dövlət başqa sahələrdə olduğu kimi ölkənin ərazi bütövlüyünün qorunması sahəsində də əhəmiyyətli işlər gördü. Erməni millətçiləri AXC yarandıqdan sonra uydurma «Böyük Ermənistan» ideyasını həyata keçirmək üçün yenidən fəaliyyətə başladılar. 1918-ci ilin əvəllərində türk-müsəlman xalqına məxsus İrəvan torpaqlarında “Ararat” adlı dövlət yaradan ermənilər şirniklənərək Azərbaycan Xalq Cümhuriyyətinə qarşı ərazi iddiaları irəli sürdülər. Zəngəzurdan keçməklə Qarabağa girmək istəyən Andranikin dəstəsinə Sultan bəy ağır zərbə vurdu. Lakin daşnak qüvvələri müxtəlif yollarrla Qarabağa soxuldular. 1918-ci ildə ermənilər Qarabağda soyqırımı törətdilər. Daşnaklar Qarabağın qəzalarında kəndləri və şəhərləri dağıtdılar, yandırdılar. Minlərlə azərbaycanlını öz doğma yurdlarından qovdular. 1919-cu il yanvarın 13-də X.P.Sultanovun rəhbərliyi ilə Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzalarını əhatə edən ayrıca Qarabağ general-qubematorluğu yaradıldı. Yuxarı Qarabağda ermənilərin silahlı dəstələrinin hücumları X.P.Sultanovun gorduyu tədbirlər nəticəsində dəfələrlə dəf edildi.Onların məqsədi ilk növbədə Zəngəzur və Qarabağı ələ keçirmək idi. Ancaq Azərbaycan hökumətinin barışmaz mövqeyi onların planlarını pozdu. Şuşanın ermənilər tərəfindən işğal edilmiş qala hissəsi çətin bir mübarizədən sonra ələ keçirilərək, bu bölgədəki erməni hücumları təhlükəsinin qarşısı alındı. Azərbaycan hökuməti özünün ərazi bütövlüyünü və Yuxarı Qarabağda erməni separatizmini ləğv etmək üçün qətiyyətli fəaliyyət göstərmiş və buna nail olmuşdur. Azərbaycanda işğalçılıq siyasətini həyata keçirən bolşeviklər 1920-ci il aprelin 28-də Bakıda Azərbaycan Sovet Sosialist Respublikasının yarandığını elan etdilər. Xalqın narazı olacağından qorxan bolşeviklər öz işğalçılıq siyasətini pərdələmək üçün Azərbaycanı Sovet Sosialist Respublikası (Azərbaycan SSR) elan etsələr də, əslində aprel çevrilişindən sonra Azərbaycan öz dövlət müstəqilliyini itirdi.
1920-ci il mayın 3-də 11 -ci işğalçı ordunun silahlı dəstələri Azərbaycanın içərilərinə soxuldu. Ruslar Qarabağda yuva salmış erməni quldur dəstələrinin bilavasitə köməyi ilə AXC-nin yaratdığı Qarabağ general-qubematorluğunu ləğv etdi.Bununla yanaşı Qırmızı Ordu hissələrinin işğalçılıq niyyətləri, kütləvi qarətlər, əhalinin milli adət-ənənəsinə, dininə qarşı təhqiramiz tədbirlər və s. Qarabağda xalq üsyanına səbəb oldu. Lakin erməni-rus birləşmiş ordusu 1920-ci il iyunun 15-də hücum edib Qarabağın xalq üsyanını yatırdı. Cənubi Qafqazda çar Rusiyasının ənənəsini davam etdirən Sovet Rusiyası Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsini inzibati ərazi vahidinə çevirdi. DQMV yaratdı və xalqımızı tarixi problem qarşısında qoydu. Belə ki, 1923-cü il iyunun 30- da Rusiya Kommunist (bolşeviklər) Partiyası Cənubi Qafqaz Ölkə Komitəsinin plenumunda Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) yaradılması haqqında qərar qəbul etdi. 1923-cü il 7 iyulda Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi DQMV- nin yaradılması haqqında dekret verdi. Dekretdə Vilayətin mərkəzi Xankəndi göstərildi. DQMV-nin yaradılması Azərbaycanın ərazi bütövlüyünə qəsd idi. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bir fikri olduqca maraqlıdır: “Dağlıq Qarabağın mərkəzi Xankəndi şəhəri bu adla qurulmuşdur. Bir daha demək istəyirəm, uzağa getməyək, elə XX əsrin əvvəllərində tərtib edilmiş xəritələrə baxmaq kifayətdir görək ki, xəritələrdə bütün adlar əzəli adları ilə göstərilib. Stepanakert adlı şəhər yoxdur. Orada Xankəndi var. “Stepanakert” sözü bolşevik Stepan Şaumyanın adından götürülüb. O adamın ki, Azərbaycan xalqının, günahsız adamlann qanını axıtmışdır, azərbaycanlılara qarşı soyqınmı törətmişdir.”
Mərkəzin bilavasitə təhriki və təbliği ilə əvvəlki illərdə olduğu kimi 20-ci yüzilliyin 60-cı illərində də Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları davam etdirildi. Moskvanın köməyi ilə Qarabağda erməni millətçiliyi dərin kök saldı. Burada yaşayan yüzlərlə azərbaycanlının öz ata-baba torpaqlarından müxtəlif yollarla sıxışdınlaraq çıxarılması başlandı. Onlarla azərbaycanlı erməni terrorunun qurbanı oldu. Hətta azğınlaşmış erməni dəstələri qətllər törətməkdən belə çəkinmirdilər. DQMV ərazisində qədim tarixə malik türk mənşəli toponimlər erməni adlan ilə əvəzləndi. Belə bir şəraitdə Respublika rəhbərliyi seyrçi mövqe tutdu. Sovetlər dövründə ermənilər Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün gizli işlər aparıldığı 1960-1970-ci illərdə ulu öndər Heydər Əliyev bunun qarşısının alınması üçün bir sıra tədbirlərin görülməsinə nail oldu. Azərbaycan KP MK-nın Birinci Katibi seçildikdən sonra Heydər Əliyev erməni separatçılanın mənfur niyyətlərinin qarşısını almaq məqsədilə DQMV-nin iqtisadi inkişafı və əhalisinin sosial şəraitini yaxşılaşdırmaq üçün müəyyən tədbirlər həyata keçirdi. Onlara bəhanə yeri qoymadı. Bu da erməni ekstremistlərinin gizli planlarının və niyyətlərinin puça çıxmasına səbəb oldu. 1969-cu ildən etibarən idarəçilik möhkəmləndirildi, işdə qanunlar öz yerini tutdu. Qeyd etmək maraqlıdır ki, 1978 ildə Mardakertdə (Ağdərə) ermənilər Azərbaycanın bu ərazisinə köçürülüb gəlmələrinin 150 illiyi şərəfinə abidə ucaltmışdılar. Lakin ermənilər bu ərazilərə gəlmə olduqlarını gizlətmək, özlərini Qarabağın “yerli əhalisi” kimi qələmə vermək üçün həmin abidəni dağıtdılar.
SSRİ-də 1985-ci ildə ermənipərəst M.S.Qorbaçovun hakimiyyətə gəlməsi ilə erməni separatçıları yenidən fəallaşdılar. 1988-ci ildən etibarən erməni ideoloqları «dənizdən-dənizə böyük Ermənistan» uydurmasını yenidən ortaya atmaqla münaqişənin dərinləşməsinə zəmin yaratdılar. SSRİ rəhbərliyinin xeyir-duası ilə milli ədavətin qızışdırılması başlandı. Müxtəlif yollarla DQMV-də ictimai vəziyyəti gərginləşdirdilər. Daxili separatizm başlandı və Azərbaycanın Yuxarı (Dağlıq) Qarabağ regionu Ermənistanın dövlət separatizmi meydanına çevrildi. 1987- ci ilin əvvəllərindən erməni millətçilərinin təhriki ilə Yuxarı (Dağlıq) Qarabağda ermənilərin mitinq, nümayiş və küçə yürüşləri başladı. Bütün bunlar isə DQMV-nin siyasi, sosial- iqtisadi və mədəni həyatında böhranlı vəziyyət yaratdı. SSRİ rəhbərliyinin antiazərbaycan siyasəti nəticəsində münaqişə ocağı daha da alovlandı. 1988- ci il fevralın 20-də DQMV Xalq Deputatları Sovetinin 20-ci növbədənkənar sessiyasında «DQMV-nin Azərbaycan SSR tərkibindən Ermənistan SSR tərkibinə verilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali Sovetləri qarşısında vəsadət qaldırmaq barəsində» qərar qəbul edildi. Əslində bu qərar əsassız idi. Çünki Xalq Deputatları Sovetinin belə qərar qəbul etməyə ixtiyarı yox idi. Yuxarıda göstərilən faktlara baxmayaraq ermənilər qanunsuz hərəkətlərini davam etdirirdi. 1988-ci il iyun ayının 12-də DQMV Xalq Deputatları Soveti Muxtar Vilayətin Azərbaycan SSR tərkibindən Ermənistan SSR-ə verilməsi haqqında qərar qəbul etdi. 15 iyunda isə Ermənistan SSR Ali Soveti tərəfindən DQMV-nin Ermənistan SSR tərkibinə daxil olması haqqında müraciət qəbul olundu. Separatçı-terrorçu erməni vəhşiliklərinin baş alıb getdiyi bu dövrdə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi və Sovet hökuməti vəziyyəti real qiymətləndirmədi. «1988-1995-ci illərdə Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafını sürətləndirmək tədbirləri haqqında» 1988-ci il 24 mart tarixli qərar bilərəkdən məsələnin separatçılıq aktı olmasını ört-basdır etməyə yönəlmişdi. Belə bir dəstək erməni separatçılarını daha da ruhlandırdı və onların təcavüzkarlığını daha da artırdı. Moskva Dağlıq Qarabağ Muxtar Vilayətini Azərbaycan SSR-in tərkibindən çıxartmaq istiqamətində daha bir addım atdı: SSRİ Ali Soveti Rəyasət Heyəti 1989-cu il yanvarın 12-də «Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi idarəçilik formasının tətbiqi haqqında» qərar qəbul etdi. Məqsəd, Dağlıq Qarabağ Muxtar Vilayətində yaradılmış Xüsusi İdarə Komitəsi Muxtar Vilayətin Azərbaycandan alınıb Ermənistana verilməsini təmin etməli idi. Lakin bunu başa düşən Azərbaycan xalqının demokratik mübarizəsi nəticəsində noyabrın 28 də Xüsusi İdarə Komitəsi ləğv edildi. Ancaq bunun əvəzində yeni bir qurum - Təşkilat Komitəsi yaradıldı. Ermənistan SSR bu vəziyyətdən istifadə edərək dekabrın 1-də Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında antikonstitusion qərar qəbul etdi. Bu Ermənistan SSR tərəfindən Azərbaycan SSR-in ərazi bütövlüyünə qarşı açıq hüquqi müdaxilə aktı idi. Moskva, gözlənildiyi kimi, bu kobud müdaxilə faktına da göz yumdu. Bununla vəziyyət daha da kəskinləşdi. Bu dəfə M.Qorbaçov başda olmaqla SSRİ rəhbərliyi Azərbaycana qarşı daha dəhşətli bir cinayətə əl atdı. Əsas hədəf kimi Bakı seçildi. Sovet dövləti öz vətəndaşları qarşısındakı konstitusiya öhdəliyini pozaraq ən müasir texnika və silahlarla silahlanmış iri qoşun kontingenti yeritməklə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda qanlı qırğın törətdi. Lakin 20 Yanvar qırğını Azərbaycan xalqının iradəsini qıra bilmədi, əksinə, respublikanın istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizəni daha da gücləndirdi. Xalqımızın böyük oğlu Heydər Əliyev 20 Yanvar qırğınının səhəri günü Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlib Sovet rəhbərliyinin cinayət əməllərini qətiyyətlə ifşa etdi.
1991- ci il avqustun 30-da Azərbaycan SSR Ali Soveti dövlət müstəqilliyinin bərpa edilməsi haqqında bəyanat qəbul etdi, oktyabrın 18-də isə dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul olundu. Yuxan (Dağlıq) Qarabağın erməni separatçıları da yaranmış vəziyyətdən istifadə edərək siyasi təşkilatlanmanı davam etdirirdilər. Onlar 1991-ci ilin sentyabırında «Dağlıq Qarabağ Respublikası» adlanan qondarma qurumun yaradıldığını elan etdilər. 1992- ci ildə isə erməni silahlı qüvvələri Yuxarı Qarabağda irimiqyaslı hərbi əməliyyatlara başladı. Erməni cəlladları tarixdə misli görünməmiş vəhşiliklər törətdilər. 1992-ci ilin əvvəllərində Kərkicahan, Malıbəyli, Quşçular və Qaradağlı kəndlərini viran etdilər. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni hərbi qüvvələri Rusiya Federasiyasının Stepanakertdə (Xankəndidə) yerləşən silahlı qüvvələrinin 366-cı alayının köməyi ilə Xocalı şəhərini yerlə yeksan etdilər. Dinc mülki əhaliyə qarşı xüsusi qəddarlıqla soyqırımı həyata keçirdilər. Bu faciə nəticəsində 613 dinc sakin qətlə yetirildi, 487 nəfər yaralandı, 1275 nəfər isə əsir götürüldü. 150 nəfər itkin düşmüş, 1165 nəfər girovluqdan azad edilmişdir. Xocalıda 63 nəfər uşaq, 106 nəfər qadın, 70 nəfər qoca öldürülmüşdür. 8 ailə tamamilə məhv edilmişdir. 56 nəfər insan qəddarlıqla öldürülmüşdür. 27 ailənin yalnız bir üzvü qalmışdır, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərdən birini, 230 ailə öz başçısını itirmişdir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev Xocalı soyqırımının 10-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində demişdir: «Bu amansız və qəddar soyqırımı aktı,insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu». Ermənistan Respublikasının silahlı qüvvələri Azərbaycan Respublikasının 20%-dən artıq ərazisini işğal etdi.Dağlıq Qarabağ ərazisindəki yaşayış məntəqələri, o cümlədən Azərbaycan Respublikasmm Qarabağ regionunun digər 7 rayonu işğal edildi:
Ermənistan dövlətinin Azərbaycan Respublikasına təcavüzü nəticəsində 25 mindən artıq Azərbaycan vətəndaşı həlak olmuşdur. Bunların içərisində çoxlu sayda qadınlar, uşaqlar, qocalar vardı. Bir milyondan artıq insan qaçqın və məcburi köçkünə çevrilmişdir. Azərbaycan mədəniyyətinin nadir inciləri məhv edilmişdir.
Xankəndi (Stepanakert) 26.12.1991- ci il, Əsgəran 19.10.1991- ci il, Xocavənd (Hadrut) 19.11.1991- ci il, Xocalı 26.02.1992-ci il, Xocavənd (Martuni) 02.10.1992- ci il, Ağdərə (Mardakert) 07.07.1993- cü il, Şuşa-Pənahabad 08. 05.1992-ci il, Laçın - 18.05.1992-ci il Kəlbəcər - 02.04.1993-cü il, Ağdam - 23.07.1993-cü il, Füzuli - 23.08.1993-cü il, Cəbrayıl - 23.08.1993-cü il, Qubadlı - 31.08.1993-cü il, Zəngilan - 29.10.1993-cü il
1991- 1993-cü ilin birinci yarısında Azərbaycan Respublikasının xarici siyasətində, səriştəsizlikdən və laqeydlikdən, başlica istiqamətlər dürüst müəyyənləşdirilmədi. Azərbaycan Respublikasının xarici siyasətində 1993-cü ilə qədər yeridilən siyasi xətt nəinki özünü doğrultmadı, əksinə, yeni qurulmaqda olan dövlətin imicinə ağır zərbə vurdu. Yalnız 1993-cü ilin ortalarından - Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsindən sonra xarici siyasət sahəsində fəaliyyət müsbət məcraya yönəldi. Buraxılmış səhvlərin nəticələri tədricən və ardıcıl şəkildə aradan qaldırılmağa başlandı. 1992- ci ildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ATƏT-in (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) Minsk qrupu yaradılmışdır. Ən nüfuzlu beynəlxal təşkilatlardan biri olan BMT Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində addımlar atmışdır. BMT Təhlükəsizlik Şurası tərəfindən dörd qətnamə qəbul edilmişdir. Azərbaycanın Kəlbəcər rayonunun işğalından sonra BMT- nin Təhlükəsizlik Şurası 30 aprel 1993-cü il tarixində özünün 822 saylı qətnaməsini, Ağdam rayonunun işğalından sonra 29 iyul 1993-cü il tarixində 853 saylı qətnaməsini, Cəbrayıl, Füzuli və Qubadlı rayonlarının işğalından sonra 14 oktyabr 1993-cü il tarixində 874 saylı qətnaməsini, Zəngilan rayonunun işğalından sonra isə 12 noyabr 1993-cü il tarixində 884 saylı qətnaməsini qəbul etdi. Qətnamələrin hər birində Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı və ərazilərin zor gücünə zəbt edilməsinin yolverilməzliyi təsdiq olunur, erməni hərbi birləşmələrinin işğal etdikləri ərazilərdən qeyd-şərtsiz çıxmalan birmənalı şəkildə tələb olunurdu. Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq prinsiplər çərçivəsində həlli üçün ATƏT-in 1994-cü il Budapeşt, 1996-cı il Lissabon, 1999-cu il İstanbul sammitləri keçirilmişdir.
Münaqişə başlanandan indiyədək keçən dövr ərzində münaqişənin həllinə səy göstərilsə də, Ermənistan Respublikasının qeyri-konstruktiv mövqeyi nəticəsində heç bir nəticə əldə edilməmişdir. Azərbaycan Respublikasının torpaqları hələ də Ermənistan Respublikasının işğalı altındadır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev görüş və çıxışlarında dəfələrlə qeyd etmişdir ki, «Azərbaycanın ən ağrılı problemi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsidir». Dövlətimizin başçısının konseptual səciyyə daşıyan bəyanatlarında Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olması birmənalı şəkildə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmışdır. Cənab Prezident qətiyyətlə bildirir ki, «Azərbaycan heç vaxt torpağında ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəkdir. Azərbaycan bütün imkanlarını səfərbər edib, diplomatik, siyasi, iqtisadi, hərbi imkanlardan istifadə edib öz doğma torpaqlarını azad edəcəkdir». «Azərbaycan torpaqları danışıq predmeti ola bilməz». Azərbaycan Prezidentinin müəyyən etdiyi siyasi kursa əsaslanan ölkəmizin diplomatik korpusu Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında danılmaz işlər aparır. Bunun sayəsində Ermənistanın beynəlxalq hüquq normaları və prinsiplərinə məhəl qoymayan işğalçı dövlət olması faktı artıq əksər dünya dövlətləri tərəfindən qəbul edilmişdir. Bu da Ermənistanın siyasi mövqelərinə ciddi zərbə deməkdir. Hazırda beynəlxalq təşkilatlar münaqişənin həlli ilə bağlı fəaliyyətini xeyli dərəcədə gücləndirmiş, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə daha obyektiv mövqedən diqqət ayırmağa başlamışlar. BMT, ATƏT, Avropa Şurası, Avropa Birliyi kimi nüfuzlu beynəlxalq qurumlar problemin ərazi toxunulmazlığı prinsipi əsasinda həllini dəstəkləyirlər. Prezident İlham Əliyev bütün çıxışlarında Dağlıq Qarabağ probleminin ədalətli həllindən bir an belə kənarlaşmayacağını, Qarabağ torpaqlarının azad edilməsi üçün bütün vasitələrdən istifadə ediləcəyini birmənalı şəkildə bəyan edir. Təsadüfi deyil ki, nifuzlu beynəlxalq qurumlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycan tərəfinin fikirlərini daha prioritet hesab edirlər. Prezident ilham Əliyevin böyük qətiyyətlə apardığı xarici siyasət Azərbaycan Respublikasının milli maraqlarına tam cavab verməklə respublikanın beynəlxalq aləmdə daha geniş miqyasda tanınmasına xidmət edir. Azərbaycanın sürətli inkişaf yolunda olması Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində uğurlu nəticə əldə ediləcəyinə böyük inam yaradır. Prezident İlham Əliyev ölkəmizin ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması məqsədilə dəfələrlə beynəlxalq səviyyəli görüşlər keçirmiş, danışıqlar aparmışdır. O, davamlı olaraq ATƏT-in Minsk qrupunun ABŞ, Fransa və Rusiya Federasiyasıdan olan həmsədrlərini qəbul edir və münaqişənin həlli ilə bağlı konstruktiv ədalətli təkliflər irəli sürür.
Ermənistanın və onun havadarlarının hərbi birləşmələrinin Azərbaycan Respublikasının ərazilərinə, onun əzəli və əbədi bir parçası olan Dağlıq Qarabağa, həmçinin ona bitişik bölgələrə hərbi təcavüzü zamanı Azərbaycanın qəhrəman oğulları göstərdikləri igidliklərə görə ölkə rəhbərliyi tərəfindən Vətənin yüksək mükafatlarına layiq görülmüş, onların adları əbədiləşdirilmişdir. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti və Ali Baş Komandan İlham Əliyevin Azərbaycanda ordu quruculuğu sahasəndə həyata keçirdikləri böyük tədbirlər, ölkəmizin iqtisadi qüdrətinin daha da yüksəldilməsinə yönəldilmiş beynəlxalq layihələrin müvəffəqiyyətlə həyata keçirilməsi, Azərbaycanın dünya dövlətləri birliyinə inamlı inteqrasiyası, uğurla apanlan daxili və xarici siyasət gələcək qələbələrimizə böyük zəmin yaratmışdır. Ulu Öndərimiz Heydər Əliyevin siyasi kursunu inamla və ardıcıl olaraq həyata keçirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bütün beynəlxalq görüşlərində və çıxışlarında Dağlıq Qarabağla bağlı Azərbaycan xalqının arzu və istəklərinin həyata keçirilməsini birmənalı şəkildə bəyan edir. Azərbaycan xalqı əmindir ki, onun hörmətli Prezidenti ölkəmizin ərazi bütövlüyünün tezliklə təmin edilməsi üçün bütün qüvvələri səfərbər edəcəkdir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasının müstəqilliyi və tərəqqisi naminə müstəsna xidmətləri olan xalqımızın qəhrəman oğullarının ali dövlət mükafatlarına layiq görməsi ölkədə böyük ruh yüksəkliyi doğurmuş, tezliklə Qarabağ torpaqlarına qayıdacağımıza inamı gücləndirmişdir.