Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın işğal olunmuş əraziləri

Ermənistanın hərbi təcavüzü respublikanın 17 min kv.km ən məhsuldar torpaqlarının işğalına, 900 yaşayış məntəqəsinin, 150 000 evin, 7000 ictimai binanın, 693 məktəbin, 855 uşaq bağçasının,  695 tibb müəssisələrinin, 927 kitabxananın, 44 məbədin, 9 məscidin, 473 tarixi abidələr, saraylar və muzeylərin, 40 000 muzey eksponatlarının, 6000 sənaye və kənd təsərrüfatı müəssisələrinin, 2670 km avtomobil yollarının, 160 körpünün, 2300 km su kommunikasiyalarının, 2000 km qaz kommunikasiyalarının, 15 000 km elektrik xətlərinin, 280 000 ha meşələrin, 1 000 000 ha kənd təsərrüfatı üçün yararlı torpaqların və 1 200 km irriqasiya sistemlərinin  dağıdılmasına səbəb olmuşdur.

Ermənistanın hərbi təcavüzü nəticəsində 20 min nəfər azərbaycanlı həlak olmuş, 100 min nəfər yaralanmış, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuş, 4011 nəfər itkin düşmüşdür.

Erməni təcavüzkarları işğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsini təşkil edən mədəniyyət obyektlərini xüsusi qəddarlıqla məhv  etmişlər. Ələ keçirdikləri ərazilərdə onlar 12 muzeyi və 6 rəsm qalereyasını, tarixi əhəmiyyətli 9 sarayı qarət etmiş və yandırmışlar. Nadir tarixi əhəmiyyətli  40 min muzey sərvəti və eksponatı talan olunmuş, 44 məbəd və 9 məscid təhqir edilmişdir. Dağıdılan və yandırılan 927 kitabxanada dörd milyon altı yüz min kitab və misilsiz əlyazma nümunələri məhv edilmişdir.

Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində ölkəyə dəymiş ziyan təxminən  500 milyard ABŞ dollarından çoxdur (bu rəqəm Beynəlxalq Qiymətləndiricilər Assosiasiyası tərəfindən dəqiqləşdirilir).

İlkin vaxtlarda 700 min nəfər məcburi köçkün 1600-dan çox sıx məskunlaşma obyektində, o cümlədən fin tipli qəsəbələrdə, ictimai binalarda, yataqxanalarda, yeraltı qazmalarda, təhsil müəssisələrində, tikintisi yarımçıq qalmış binalarda, sanatoriya, pansionat, istirahət evlərində, turist bazalarında və s. yerlərdə müvəqqəti məskunlaşmışdır.

Sıra № 

  Rayonun adı

Ərazinin işğal tarixi

Məcburi köçkünlərin  sayı

ailə

nəfər

1.  Xocavənd 02.10.1992 2 852 11 333
2.  Xocalı 26.02.1992 3 846 14 406
3.  Şuşa 08.05.1992 6 861 27 136
4.  Laçın 18.05.1992 19 151 72 298
5.  Kəlbəcər 02.04.1993 20 556 70 574
6.  Ağdam 23.07.1993 35 247 144 406
7.  Cəbrayıl 23.08.1993 16 294 66 833
8.  Qubadlı 31.08.1993 9 146 34 945
9.  Füzuli 23.08.1993 28 506 115 992
10.  Zəngilan 29.10.1993 10 605 38 907
11.  Cəbhə xəttinə yaxın yaşayış məntəqələrindən geri            çəkilən əhalinin sayı 54 837 192 120
 CƏMİ:  207 901 788 950

 

Ermənistanın 1988-1992-ci illərdə planlı şəkildə həyata keçirdiyi son etnik təmizləmə siyasəti nəticəsində tarixən həmin ərazidə yaşamış 250 min nəfər azərbaycanlı son nəfərədək öz doğma yurdlarından zorla qovulmuş və Azərbaycana pənah gətirmişdir.

Eyni zamanda, 1990-cı ildə Orta Asiyadan didərgin salınmış 50 min nəfərədək Axısxa türkü də Azərbaycanda sığınacaq tapmışdır.

Ermənistan silahlı qüvvələri tərəfindən 1988-ci ildən başlayaraq Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın azərbaycanlılar  yaşayan 126 yaşayış məntəqəsindən onların zorla çıxarılması planı həyata keçirildi. Şuşa rayonu 1992-ci il mayın 8-də, Xocavənd rayonu isə 1992-ci il oktyabrın 2-də erməni silahlı qüvvələri tərəfindən işğal edildi.

Məhz bu dövrdə -1992-ci il fevralın 26-da XX əsrin ən faciəli hadisələrindən biri törədildi - Dağlıq Qarabağda 6000 nəfər azərbaycanlının yaşadığı Xocalı şəhəri keçmiş Sovet ordusunun 366-cı alayının köməyi ilə Ermənistan silahlı qüvvələri tərəfindən bir gecədə darmadağın edildi, 613 nəfər dinc sakin, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü, 1000 nəfərdən artıq adam şikəst oldu, 1275 nəfər əsir alındı, 8 ailə bütövlüklə məhv edildi, 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla diri-diri yandırıldı, başları kəsildi, gözləri çıxarıldı.

Beləliklə, 1988-ci ildən başlayaraq, Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi - Dağlıq Qarabağın, eləcə də ona bitişik olan 7 rayonun (Laçın-1992-ci il 18 may tarixdə, Kəlbəcər-1993-cü il 2 aprel tarixdə, Ağdam-1993-cü 23 iyul tarixdə, Cəbrayıl-1993-cü il 23 avqust tarixdə, Füzuli-1993-cü il 23 avqust tarixdə, Qubadlı-1993-cü il 31 avqust tarixdə, Zəngilan-1993-cü il 29 oktyabr tarixdə) ərazisi işğal olunmuş, Dağlıq Qarabağdan, ətraf rayonlardan, həmçinin Ermənistanla və ya Dağlıq Qarabağla həmsərhəd olan yaşayış məntəqələrindən 700 min nəfərədək azərbaycanlı öz daimi yaşayış yerlərindən məhrum olaraq məcburi köçkün düşmüş və  respublikanın 62 şəhər və rayonunda, 1600 - dən çox sıx məskunlaşma obyektində  müvəqqəti məskunlaşmışdır.

Azərbaycan torpaqlarının 20 faizi, o cümlədən Dağlıq Qarabağ, eləcə də ona bitişik olan 7 rayon -Ağdam (ərazisinin 62,8 faizi işğal altındadır), Cəbrayıl, Füzuli (ərazisinin 79,3 faizi işğal altındadır), Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan və Ermənistanla həmsərhəd bir sıra yaşayış məntəqələri - Naxçıvan Muxtar Respublikasının 1 (Kərki), Tərtər rayonunun 13 (Çardaxlı, Umudlu, Ortakənd, Talış, Həsənqaya, Şıxarx, Çanyataq, Çaylı, Ağdərə, Kiçikqarabəy, Qızıloba, Ağabəyyalı, Uluqarabəy) və Qazax rayonunun 7 (Yuxarı Əskipara, Aşağıəskipara, Baqanis Ayrum, Xeyrimli, Barxudarlı, Soflu, Qızılhacılı) kəndləri artıq 24 ildir ki, Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

Hal-hazırda ölkədə bir milyon 200 min 500 nəfər qaçqın, məcburi köçkün və “qaçqın” satusu almaq niyyətində olan sığınacaq axtaran şəxs vardır.  O cümlədən

 1.   Ermənistandan qaçqınlar  350 min nəfər    
 2.   1990-cı ildə Orta Asiyadan didərgin salınmış Axısxa türk qaçqınları  60 min nəfər
 3.   Ermənistan silahlı qüvvələrinin 1988-1993-cü illərdə ölkəmizə hərbi təcavüzü nəticəsində Dağlıq  Qarabağdan, eləcə də ona bitişik olan 7 rayondan,  həmçinin Ermənistanla və ya Dağlıq Qarabağla  həmsərhəd olan yaşayış məntəqələrindən zorla qovulmuş məcburi köçkünlər  789 000 nəfər
 4.   “qaçqın” statusu almaq niyyətində olan sığınacaq axtaran şəxslər  1 500 nəfər
                                                                                                                           CƏMİ:  1 200 500 nəfər 

 

Keçidlər