Tarixi
Azərbaycanın qədim, çoxəsrlik tarixə malik olan şəhərlərindən biri də Şəmkirdir. Şəmkir toponiminin mənası haqqında müxtəlif mülahizələr mövcuddur. Azərbaycan tarixçisi A.Bakıxanov Şəmkirin yaranmasını və etimologiyasını Təbəristan hökmdarı Şəmkir bin - Ziyadın adı ilə bağlı olmasını qeyd edərək,bu sülalənin altı hökmdarının 150 il müddətində İranın, o cümlədən Cənubi Qafqazın bir çox əyalətlərini fəth etdiyini, bu sülalənin ikinci hökmdarı olan və 935-967-ci illərdə şahlıq etmiş Şəmkir bin-Ziyadın Gəncə yaxınlığında şəhər saldırdığını və onu öz adı ilə adlandırdığı haqqında məlumat verir.Əslində bu mülahizə tarixi faktlarla uyğun gəlmir. Belə ki, qədim mənbələrin hamısında Şəmkirin adına X əsrdən xeyli əvvəlki dövrlərə aid mənbələrin hamısında rast gəlinir.Görünür A.Bakıxanov adların zahiri oxşarlığına əsaslanaraq belə bir nəticəyə gəlmişdir. Çünki əsərlərində VII əsr hadisələrini əks etdirən Ərəb müəllifləri Əl-Bəlazuri, İbn-əl-Fəqih və digərləri Şəmkür şəhərinin adını çəkmiş və onu qədim şəhər kimi xarakterizə etmişlər. Bütün bunlar göstərir ki, Şəmkir VII əsrdən əvvəl mövcud olmuşdur. Orta əsr ərəb və fars mənbələrində Şamkür, türk mənbələrində isə Şəmkür, Şəmkir kimi göstərilmişdir.
1924-cü ildə İstanbulda “Muxtəsər Azərbaycan tarixi” kitabını çap etdirən C. Zeynaloğlu bu adı aşağıdakı kimi izah etmişdir: “Şəmkir- Şəms-günəş və kir-tapınan mənasındadır, günəşə tapınanlar yurdu deməkdir”. Dilçi alim Cahangirov isə bu adı Şəmkür, yəni Kürqırağı kimi izah etmişdir. Şəmkir şəhəri Kiçik Qafqazın şimal-şərq yamacında – Gəncə-Qazax düzənliyində yerləşir.Şəmkir bölgəsinin əverişli təbii-coğrafi şəraiti bu ərazidə insanların çox erkən məskunlaşmasını şərtləndirmiş, hələ eneolit dövründə bölgədə erkən əkinçi-maldar qəbilələr yurd salmış, burada tunc və dəmir dövrlərində, eləcə də sonrakı dövrlərdə intensiv həyat olmuşdur. Bütün bunlar bölgənin çoxsaylı müxtəlif tipli arxeoloji abidələrində öz əksini tapmışdır. Belə abidələr sırasında eneolit dövrünə aid Keçili yaşayış yerini, tunc dövrünün müxtəlif mərhələlərinə aid qəbir abidələri (Osmanbozu, Qaracəmirli kurqanları), son tunc dövrünə aid Bitdili yaşayış yerini, alban dövrünə aid Alıqoca, II Keçili, Qanlıtəpə, Həsəntəpə, Tülkütəpə, Sarıtəpə, Saqqızlı, Üzümlütəpə yaşayış yerlərini, Bitdili və Daşbulaq qəbirlərini misal göstərmək olar.
Araşdırmalar göstərir ki, Şəmkir şəhəri Kür çayının sağ qolu olan Şəmkir çayının sahilində, çaydan 120 m aralıda salınmışdır. Şəhər qala yerinin sahəsi 28 ha olmuşdur. Şəhər qala yeri çayın sağ sahilində iki körpü vasitəsi ilə birləşdirilmişdir. Bu körpünün qalıqları da dövrümüzə qədər qalmaqdadır. Buradan tapılmış maddi-mədəniyyət abidələri və yazılı qaynaqlar qədim dövrdə və orta əsrlərdə Şəmkir ərazisində şəhər mədəniyyətinin formalaşdığını da sübut edir. Bu şəhər Cənubi Qafqazda ticarət yollarının üzərində yaranmış, inkişaf etmiş, Azərbaycanın ictimai-siyasi və iqtisadi həyatında mühüm rol oynamışdır. Hələ ötən əsrin 70-ci illərindən Şəmkirdə arxeoloji araşdırmalar aparılmış, 2007-ci ildən isə Şəmkir arxeoloji ekspedisiyası qədim şəhərin yerində qazıntı işlərini genişləndirmiş və şəhərin qədim tarixini öyrənmək baxımından bir çox maddi-mədəniyyət materialları aşkar etmişdir. Aparılan tədqiqatlar sübut edir ki, Şəmkir şəhəri əsrlər boyu bölgələrin həyatında,ticarət və iqtisadi əlaqələrində mühüm rol oynamışdır. Lakin bütün bu sadalananlara baxmayaraq sovetlər dönəmində Azərbaycanın bir çox qədim və orta əsr şəhərləri kimi Şəmkir şəhərinin də arxeoloji baxımından tədqiqinə və yazılı qaynaqlar əsasında öyrənilməsinə lazımi diqqət yetirilməmişdir.
Şəmkir qalasının divarlarının bünövrəsi çay daşı ilə gil məhlulundan istifadə olunmaqla qoyulub. Tikilinin bu hissəsi təxminən 1-2 metrdir. Daha sonra seysmik qurşaq yaradılıb, yəni ağacdan lay təbəqə qoyulub ki, bu da zəlzələyə davamlılığı artırıb. Qala divarları çiy kərpicdən hörülüb. Binanın hündürlüyü 5 metrə çatır. Otaqların isə təyinatından asılı olaraq ölçüləri dəyişir. Hər üç otağın qapıları aşkar edilib. İki otağın qapısı sütunlu həyətə, bir otağın qapısı isə cənuba doğru dəhlizə açılır. Monumental binanın şimal divarı tam açılaraq tədqiq olunub. Müəyyən edilib ki, şərq və cənub divarları kimi, şimal divar da qəsr divarı kimi inşa edilib, yəni mərkəzdə, şərqdə və qərbdə dairəvi bürclərlə möhkəmləndirilib. Görünür ki, şimal-qərb bürcündə müəyyən uçqun olduğundan əlavə möhkəmləndirmə işləri aparılıb, divara dayaq inşa edilib. Bu, bina fəaliyyət göstərəndən təxminən yüz il sonra baş verib.
Orta əsr Şəmkir qalasının tarixi öyrənilməklə yanaşı, bu qədim memarlıq abidəsinin qorunub gələcək nəsillərə ötürülməsi üçün bərpa işləri də görülür. Söz yox ki, bu da gələcəkdə Şəmkir qalasının turizm marşrutuna daxil edilməsinə əsas verəcək.
Yuxarıda qeyd olunanlarla yanaşı 2006-2007-ci illərdə Azərbaycan-Almaniya-Gürcüstan Beynəlxalq arxeoloji ekspedisiyası tərəfindən Şəmkir rayonunun Qaracəmirli kəndi ərazisində yerləşən İdealtəpə abidəsində aparılan arxeoloji qazıntı işlərini də vurğulamaq yerinə düşərdi. Buradan İran Əhəmənilər dövləti (e.ə. 550-330) memarlığı üçün səciyyəvi olan monolit daş sütunaltlığı tapılmışdır. Burada aparılan ilkin tədqiqatlar göstərir ki, e.ə. I minilliyin ortalarında salınan yaşayış yeri Əhəməni və erkən ellinizm dövrünə aid maddi mədəniyyət qalıqlarını özündə əks etdirir.
Orta əsr Avropa və Şərq səyyahlarının qeydlərində Şəmkirin zəngin mədəniyyəti, təsərrüfatı və sənətkarlığı haqqında qiymətli məlumatlar verilmişdir. Həmin səyyahlar Arran şəhərindən danışarkən Şəmkirin də adını çəkmiş,onun təsvirini vermiş və şəhərin abad olduğunu göstərmişlər. Şəmkir şəhərinin tarixi müstəqillik dövründə ilk dəfə olaraq kompleks şəkildə tədqiq edilmiş,nəticədə Şəmkirin Azərbaycan tarixində oynadığı tarixi rol,tutduğu yer müəyyən edilmişdir. Beləliklə, maddi və yazılı mənbələr Şəmkir şəhər yerinin qədim yaşayış məskəni olduğunu, erkən orta əsrlərin əvvəllərində şəhər kimi meydana gəldiyini, onun hərbi-inzibati və iqtisadi mərkəzə çevrildiyini bir daha təsdiq edir.
Şəmkirin strateji mövqeyi bütün tarixi dönəmlərdə, həmçinin orta əsrlərdə buranın xarici işğalçıların hücum, döyüş meydanına çevrilməsinə gətirib çıxarmışdır. Bu baxımdan türk-Bizans münasibətlərinin həlli zamanı,ərəb-monqol istilalarında bir çox tarixi mənbələrdə Şəmkirin nə qədər vacib bir məkan olduğu dəfələrlə xüsusi olaraq vurğulanmışdır. Digər tərəfdən bu yerlərin maddi nemətlərlə bolluğu, təbii gözəlləyi, memarlıq abidələri də bu diyara daim istilaçıların diqqətini çəkməsinə gətirib çıxarmışdır. Təsərrüfat yollarının kəsişdiyi yerdə yerləşən Şəmkir həm də ayrı-ayrı zamanlarda iqtisadi yüksəliş dövrünü yaşamışdır.Orta əsr mənbələrində Şəmkir adına ilk dəfə “Albaniya tarixi”ndə rast gəlinir. Hələ 588-ci ildə sabir tayfalarının böyük bir qismi Cənubi Qafqaza köç etmiş, Sasani hökmdarı Xosrov Ənuşirəvan onları Kür çayının sol sahilində, Şəmkirlə Ağstafa arasında yerləşdirmişdir.Burada məqsəd Gürcüstanla sərhəddin möhkəmləndirilməsinə xidmət etmişdir.Sasani imperiyasında mərkəzi hakimiyyətin zəifləməsi,əsarət altında olan xalqların müstəqillik meyllərinin güclənməsi Sasani imperiyasının zəifləməsinə və ərəb işğallarının genişlənməsinə gətirib çıxardı. Ərəblərin azərbaycana ilk hücumu 642-ci ildə baş verdi və özlərinin də etiraf etdikləri kimi Azərbaycanın işğalını bir əsrə yaxın müddətə başa vurdular. Digər Azərbaycan şəhərləri kimi Şəmkir də IX əsrin ortalarına qədər Ərəb Xilafətinin tərkibində qalmışdır.Tarixi faktlara görə Ərəb xilafəti Azərbaycanın qərb torpaqlarının işğalı prosesində Şəmkirin ələ keçirilməsinə və oradan strateji məqsədlər üçün istifadəsinə xüsusi əhəmiyyət vermiş və VII əsrin ortalarında Ərəb sərkərdəsi Salman İbn Rəbiə tərəfindən şəhər zəpt edilmişdir. Bu dövrdə şəhərin yüksəlişinə ərəblərə qarşı çıxış edən savartilərin (siyavudilər)üsyanı mane olmuşdu.Onlar 752-ci ildə Şəmkiri dağıtmışdılar.Görünür ərəblər şəhərin strateji əhəmiyyətini yüksək qiymətləndirərək onun bərpasına xüsusi fikir verirdilər.Əslən türk olan sərkərdə Buğa-Əl-Kəbr 854-cü ildə şəhəri azad edib,onu bərpa etdirdi və şəhəri Abbasi xəlifəsi Mütəfəkkiliyyənin şərəfinə Mütəfəkkiliyyə adlandırdı.Ərəb tarixçələrinin də etiraf etdiyi kimi şəhərin adı sonralar özünə qaytarılmışdı. Bu, yerli əhalinin öz keçmişinə bağlılığı ilə, digər tərəfdən Azərbaycanda Ərəb xilafəti hakimiyyətinin zəifləməsi və müstəqil dövlətlərin meydana gəlməsi ilə əlaqələndirilir.
Xilafətin zəifləməsi nəticəsində ıx-xı əsrlərdə Azərbaycanda başlanan siyasi və mədəni oyanış,müstəqil dövlətlərin yaranması Şəmkir şəhərinin də yüksəlişinə təkan verdi. Ümumiyyətlə Şəmkir haqqında yazan bütün tədqiqatçıların yekdil fikri belədir ki, şəhərin çiçəklənmə dövrü ıx -xı əsrlərə təsadüf edir. Bu dövrdə Şəmkir əvvəlcə Sacilərin (879-941), Salarilərin (941-981), sonra isə Şəddadilər (971-1088) dövlətinin tərkibinə daxil olmuşdur. Sacilər dövlətinin varlığı ərzində Şəmkir şəhəri əvvəlki şöhrətini saxlamış, ticarət və sənətkarlıq mərkəzi kimi inkişaf etmişdir.Həmin dövrdə Şəmkir şəhərində zərbxana da var idi. Ölkədə yaranmış nisbi sabitlik Şəmkirdə iqtisadi həyatın canlanmasına səbəb olmuşdur. Sacilər sülaləsinin süqutundan sonra Arranın idarəsi Salarilərin əlinə keçdi və Şəmkir şəhəri də Salarilərin hakimiyyəti altına düşdü. Tezliklə şəhər, onun ətrafı Şəddadilər sülaləsinin hakimiyyəti altına düşdü. Mənbələrə əsasən Şəmkir şəhərini Salarilərdən Şəddadi hökmdarı Ləşgəri alıb öz dövlətinin tərkibinə birləşdirmişdi.Şəmkirin tutulması Şəddadilər üçün çox vacib hadisə idi.Çünki Azərbaycanın qərb torpaqlarını daim təhlükədə saxlayan xristian blokuna qarşı Şəmkir əsl səngərə və qalaya çevrilmişdi.
XI əsrdə Azərbaycana olan Səlcuq axınları nəticəsində Şəmkir də digər Azərbaycan şəhərləri kimi Səlcuqlar tərəfindən zəbt olunmuşdur. Səlcuqlar oğuz türkləri idilər. Səlcuq türklərinin axınları Azərbaycanın qərb torpaqlarını (Gəncə-Qazax) ələ keçirməyə çalışan erməni və gürcü feodallarının qəsbkarlıq planlarının puça çıxmasında, xalqımızın formalaşmasının başa çatmasında, Azərbaycan xalqının Cənubi Qafqazda əsas etnik-siyasi amilə çevrilməsində əhəmiyyətli rol oynadı.
XII əsrdə Eldənizlərin (1136-1225) hakimiyyəti dövründə Şəmkirin tərəqqisinə xüsusi diqqət yetirilirdi.Bu dövrdə gürcülərin Azərbaycan torpaqlarına qarşı təcavüzkarlıq planları genişlənmiş, Atabəylərə qarşı gürcü-şirvan ittifaqı yaranmışdı. 1194-cü ildə Şəmkir yaxınlığında baş vermiş döyüşdə Atabəy hökmdarı Əbu-Bəkr qardaşı Əmir Əmiran Ömərin və gürcülərin birləşmiş qoşunları tərəfindən məğlubiyyətə uğradıldı, Şəmkir şəhəri və ətrafındakı qalalar Əmir Əmiran Ömərin ixtiyarına keçdi.Onun ölümündən sonra 1195-ci ildə Şəmkir yaxınlığında baş vermiş döyüşdə Şirvanşahlar Atabəy Əbu Bəkri məğlub etdilər və bu hadisədən sonra Şirvanşahlar dövlətinin ərazisi qərbdə Gəncə, Şəmkir, Qax, Zaqatala və Şəkiyə qədər uzandı. Atabəylərin süqutundan sonra Azərbaycanın digər torpaqları kimi Şəmkir də Xarəzmşah Cəlaləddinin hakimiyyəti altına düşdü. Lakin Cəlaləddinin Azərbaycanda ağalığı uzun sürmədi. XII əsrin sonu XIII əsrin əvvəllərində siyasi pərakəndəliyin güclənməsi, Azərbaycan Atabəylər dövlətinin zəifləməsi ilə artmış xarici hücumlar, xüsusilə Gürcü hökmdarlarının və Xarəzmşah qoşunlarının basqınları adi hala çevrilmişdi. Həmin dövrdə azərbaycanda alınmazlığı ilə fərqlənmiş, xarici hücumların dəf olunmasında böyük rol oynamış bir çox qalalar var idi ki, onlardan biri də məhz Şəmkir qalası idi. Mənbələr və tədqiqat əsərləri siyasi pərakəndəlik dövründə belə Şəmkir şəhərinin mühüm bir şəhər olduğunu, onun sənətkarlıq və ticarət mərkəzi kimi fəaliyyət göstərdiyini təsdiq edir.
XIII əsrdə monqol işğalları ilə Azərbaycan tarixində yeni bir dövr başlandı.
Monqol istilaları ərəfəsində Azərbaycanda Atabəylər (1136-1225),Şirvanşahlar(861-1538) və Ağsunqurilər(1108-1227) dövlətləri var idi.Monqol işğalçılarına qarşı qanlı döyüş gedən Azərbaycan şəhərlərindən biri də o zaman Atəbəylər dövlətinin tərkibibndə olan Şəmkir şəhəri olmuşdur. Monqollar Gəncəni tutduqdan sonra Şəmkirə doğru irəliləyərək şəhəri mühasirəyə almış və qazılmış müdafiə xəndəklərini qumla dolduraraq qala divarlarına qalxmışlar. Həmin vaxtı Şəmkir Bəhrama və onun oğlu Aqbuna məxsus idi. Bu zaman şəhər əhalisi samana od vurub yandırdı. Monqollar odu söndürüb şəhərə soxuldular.Şəhər əhalisi hakim Bəhramdan işğalçılara qarşı ciddi müqavimət göstərməyi tələb etmişdi. Bəhram öz hərbi qüvvələrinin monqol qoşunları ilə müqayisədə zəif olduğunu görüb döyüşməkdən imtina etdi, hətta oğlu Aqbunun döyüşməsinə mane oldu. Nəticədə şəhər 1235-ci ildə ələ keçirilərək yandırıldı, əhali isə qılıncdan keçirildi. Bakı, Tovuz şəhərlərində də qanlı döyüşlər oldu. 1239-cu ildə Dərbənd şəhərinin tutulması ilə Azərbaycanın monqollar tərəfindən işğalı başa çatdırıldı. Bu dövrdə Şəmkir şəhərinin sosial-iqtisadi inkişafında geriləmə və tənəzzül dövrünü yaşandı. XIII əsrin əvvəllərində Azərbaycanda Monqol istilası nəticəsində abad şəhərlər, kəndlər, mədəniyyət abidələri, suvarma sistemləri, şəhərlər, təsərrüfat dağıdıldı. Buna baxmayaraq Şəmkir adı unudulmadı və sonrakı tarixi dövrdə coğrafi ərazi anlamında işlədilməyə başladı. Şəmkir bölgəsi adlandırılan bu ərazi Azərbaycan tarixində mühüm rol oynamışdır. Hülakular (1258-1357) dövlətinin mövcudluğu dövründə Şəmkir digər şəhərlər kimi dövlətin, ölkənin iqtisadi, mədəni həyatında özünəməxsus yerini tapdı. Qeyd etdiyimiz kimi monqol yürüşləri zamanı Şəmkir şəhəri bərpa edilmədi. Keçmiş Şəmkir şəhəri ərazisi və ətrafı əvvəlcə Qaraqoyunlu dövlətinin (1410-1468),sonra isə Ağqoyunlu dövlətinin (1468-1503) tərkibində olunmuşdur.
XVI əsrdə Azərbaycan Səfəvi dövləti (1501-1736) yaradıldıqdan sonra Şəmkir və Şəmkir ətrafı ərazilər mərkəzi Gəncə şəhəri olan Qarabağ bəylərbəyliyinin tərkibinə daxil edilmiş, Şəmkir mahalı Zülqədər tayfa başçılarının irsi hakimiyyətinə keçmişdi. Səfəvi-Osmanlı müharibələrinin ikinci mərhələsi dövründə (1578-1590) Şəmkiri zəpt edən osmanlılar burada yeni qalanın tikilməsini məqsədəuyğun hesab edirlər. Bu fakt Şəmkirin Səfəvilər dövlətində əhəmiyyətsiz olduğu fikrini alt-üst edir və şəhərin bu dövrdə strateji bir ərazi olduğunu təsdiqləyir. Bu dövrdə Şəmkir mühafizə qalası rolunu oynamışdı.
Səfəvilərin hakimiyyətlərinin son dövrlərində (1736) yüksələn Nadir xan Əfşar Gəncə - Qarabağ torpaqlarını ələ keçirməyə nail oldu. O,1736-cı il Suqovuşanda Şah elan olduqdan sonra Ziyadoğluların onun şah seçilməsinə qarşı çıxan tayfalardan biri olduğunu bəhanə edərək bu tayfaya zərbə vurmağı qərara aldı.Bu məqsədlə Ziyadoğlular Xorasana və Əfqanıstana sürgün edildi, onlara məxsus Qazax, Şəmkir və Şəmşəddil mahalları isə Gürcüstan valisinə tabe edildi. Yenə də Şəmkir mahalı növbəti dəfə yadelli əsarəti altına düşdü.
Nadir şahın ölümündən sonra XVIII əsrin ortalarından Azərbaycanda xanlıqlar dövrü başlandı. Bu dövrdə Şəmkir mahal olaraq Gəncə xanlığının tərkibində olmuşdur. Şəmkir şimali Azərbaycanın Qərb bölgəsində yerləşdiyi üçün dəfələrlə gürcü hakimlərinin hərbi yürüşlərinə məruz qalmışdır.
XVIII əsrin sonu - XIX əsrin əvvəllərində Cənubi Qafqazda Rusiya işğalları başlandı və 1803-cü il noyabrın 29-da rus qoşunları tərəfindən tutulan Şəmkir Çar Rusiyasına birləşdirildi. İşğal dövründə Şəmkirin bir daha xatırlanması İkinci Rus-İran müharibəsi (1826-1828) dövrünə təsadüf edir. Belə ki,1826-cı ilin 3 sentyabrında müasir Şəmkir şəhərinin yaxınlığında, Şəmkir çayın sahilində döyüş baş verdi. Azərbaycan valisi Abbas Mirzənin 60 minlik ordusunun 40 minlik əsas hissəsi rusların Təbriz - Tiflis yolu üstündəki dayaq məntəqəsi olan Şuşa qalasını mühasirəyə alır, qalan 20 minlik qoşunla Tiflisə tərəf hərəkət edir.Tiflis üzərinə yeriyən Abbas Mirzənin qoşunlarının avanqardı 10 min əsgər, 4 top, 20 falkonetlə, avqustun əvvəlində Şamxoru tutdu. Əlahiddə Rusiya Qafqaz korpusunun komandanı general Yermolovun başçılığı altında olan 12 minlik nizami qoşun(2 draqun alayı, 150 kazak) və 2 minlik Qazax süvari yığması, Abbas Mirzəni məğlub etmək,onun Tiflisə yürüşünün qarşısını almaq və Şuşanın mühasirəsinin qaldırılması üçün hərəkət edir. Sentyabrın 3-də rus ordusunun 4300 nəfərlik əlahiddə dəstəsi 12 topla və 2 min Qazax süvarisi ilə Mədətovun komandanlığı altında,Tiflisdən hərəkət edərək,Şamxor yaxınlığındakı döyüşdə Abbas Mirzənin avanqardını məğlub edir. Süvarilərin təqib etdiyi Abbas Mirzənin qoşunları Şəmkir çayın, Tiflisin üzərinə yeriyən əsas qüvvələrin cəmləşdiyi sağ tərəfinə keçdilər.Abbas Mirzənin qoşunları cinahlarında qeyri-nizami süvarilər (qulamlar) olmqala, düşmənə qarşı qabaran aypara formasında düzülmüşdü. Arxada toplar və falkonetlər düzülmüşdü. Ruslar, rəqibin say üstünlüyünə baxmayaraq, dayanmadan onun mövqelərinə hucum etdi. Topların dəstəyi ilə süvarilər cinahlarda döyüşə girişdilər, piyadalar isə süngü hucumu ilə Abbas Mirzənin qoşunlarının mərkəzini vurub keçdi. Süvarilər Abbas Mirzənin qoşunlarını təqib etməyə başladı. Abbas Mirzə 2 min əsgərini itirdi, rusların itkiləri dəfələrlə az idi. Şəmkir döyüşünün taleyini piyadaların, süvarilərin və topların hərəkətlərinin uzlaşması həll etdi. 5 sentyabrda Abbas Mirzə Şuşa qalasının mühasirəni götürdü.O,sentyabrın 13-də Gəncə (Yelizavetpol) yaxınlığında yenidən növbəti dəfə məğlub oldu və bu məğlubiyyət İkinci Rus-İran müharibəsinin taleyini həll etdi.
XIX əsrin əvvəllərində Rusiyanın Azərbaycan ərazisinə müdaxiləsindən sonra indiki Şəmkir rayonunun bir hissəsinin Şamxor mahalında, bir hissəsinin Dağ mahalında, bir hissəsinin isə Şəmşəddil bölgəsində olduğunun şahidi oluruq. 1840-cı ildən Şəmkir mahalı ləğv olundu və bu mahalın ərazisi Yelizavetpol (Gəncə) qəzasına qatıldı. Bu dövrdən başlayaraq bütün rəsmi sənədlərdə Şəmkir adı əvəzinə Şamxor adı üstünlük təşkil edir. 1930-cu ildə indiki Şəmkir rayonu inzibati rayon kimi təşkil olunmuş və bu hal 1991-ci il Şəmkir adının bərpasına qədər davam etmişdir.
Çar Rusiyasının işğalı dövründə Şəmkirin həyatında daha bir mühüm hadisə baş verdi. XIX əsrin əvvəllərində Napoleon müharibələrindən sonra Almaniyanın ağır siyasi-iqtisadi vəziyyətə düçar olması, əkin sahələrinin azalması, ölkənin xırda krallıqlara və hersoqluqlara parçalanması əhalinin vəziyyətini xeyli ağırlaşdırmışdı. Bu özünü xüsusilə Vürtenburq krallığında daha qabarıq göstərirdi. 1816-cı ildə burada baş verən aclıq, ağır mükəlləfiyyətlər, xalqın kütləvi surətdə ölkəni tərk etməsinə səbəb oldu. Kolonistlərin öz tarixi vətənlərindən köçməsinin bir səbəbi də dini motivlər idi. Həmin dövrdə Qafqazın Baş Hakimi olan Yermolovun təşəbbüsü ilə, yerli camaata əməksevərlik nümunəsi göstərmək, ən yaxşı əkinçilik və şərabçılıq üsullarını öyrətmək məqsədilə Cənubi Qafqaza köçürülən almanların bir hissəsi Şəmkir ərazisində yerləşdirildi və orada ikinci alman koloniyası-Annenfeld (indiki Şəmkir şəhəri ərazisi) salındı. Bununla bərabər onlar yeni məskunlaşdıqları torpaqlarda, azərbaycanlılar arasında xristian (protestant) dinini yaymağa cəhd göstərirdilər. İlk Alman koloniyası Yelenendorfun (indiki Göy Göl şəhəri) əsası isə 1819-cu ildə qoyulmuşdu.
1888-ci ildə isə Şəmkir çayı sahilində yeni bir alman məskəni Georqsfeld (indiki Çinarlı qəsəbəsi) salınır.1906-cı ildə Gürcüstan ərazisində məskunlaşmış almanlar da Şəmkir yaxınlığında torpaq sahəsi alıb Eygenfeld (vaxtilə Engelskənd kimi tanınan indiki İrmaşlı kəndi) koloniyasını təşkil etdilər. Beləliklə almanlar indiki Şəmkir ərazisində dinc ömür sürür, təsərrüfat fəaliyyəti ilə məşğul olurdular. Lakin ikinci dünya müharibəsi bu firəvan həyata son qoydu. Keçmiş SSRİ-də hökm sürən siyasi terror və deportasiya siyasəti almanlardan da yan keçmədi. Müdafiə Nazirliyinin 1941-ci il 8 oktyabr tarixli 744 saylı əmrinə əsasən, Azərbaycanda yaşayan 23 min alman ölkənin Şərq rayonlarına sürgün olundu. Həmin fərman SSRİ-nin digər ərazilərində yaşayan almanlara da şamil edildi və Şəmkirdə yaşayan almanlar 1941-ci ilin sentyabr-oktyabr aylarında sürgün olundular.
Zaqafqaziya Komissarlığının tələbi əsasında buraxılmış rus hərbi hissələri Cənubi Qafqazı tərk edərkən silahlarını təhvil verməli, həmin silahlar milli hissələrin təchiz olunmasına yönəldilməli idi. Lakin Rus qoşun hissələrinin çoxu silahları təhvil vermək istəmir, təxris olunmalarına baxmayaraq, hətta ağır silahları belə özləri ilə Rusiyaya aparmağa cəhd göstərirdilər. Gürcüstan və Azərbaycandan keçib, şimala gedən hərbi eşalonların bir qismi bolşeviklərin, digər qismi isə rus qoşunlarında olan erməni hərbçilərinin təhriki ilə silahlarını Bakıda Stepan Şaumyanın başçılıq etdiyi bolşevik-daşnak qüvvələrinə təhvil verirdilər. Daşnaklar rus eşalonlarından pulla da xeyli silah alırdılar. Hərbi eşelonların Şamxor yaxınlığında tərk-silah edilməsinə razılıq vermiş Zaqafqaziya Komissarlığının qərarı Millətlərarası Şura tərəfindən də bəyənilmiş və onun həyata keçirilməsi üçün 100 nəfərlik dəstə, həmçinin zirehli qatar göndərilmişdir.Tərk-silah və silahların toplanması əməliyyatınında yaxından iştirak edən Yelizavetpol Müsəlman Milli Komitəsinin fəalları bu işi dinc yolla həyata keçirməyə çalışdılar. Danışıqların aparılması üçün müəyyən adamlar da seçilmişdi. Silahlarını könüllü təhvil verəcəkləri halda hərbçilərin ərzaq və digər zəruri əşyalarla təmin edilib yola salınması nəzərdə tutulmuşdu. Lakin dinc danışıqlar nəticə vermədiyi üçün silahlı qarşıdurma yarandı və hər iki tərəfdən itkilər oldu. Qırğın 1918-ci il yanvarın 9-na kеçən gеcə baş vеrdi. Şamxor dəmiryol stansiyasına yaxın bir yеrdə dəmiryol xətlərinin hər iki tərəfində qazılmış xəndəklərdə gizlənmiş polkovnik Moqolovun komandanlıq еtdiyi 10 min nəfərlik əksinqilabi (ağqvardiyaçı) qüvvələr qəflətən vaqonlardakı rus ordu hissələrinə hücum еtdilər. Bu zaman müsavatçıların topçu dəstələrinə rəhbərliyi ağqvardiyaçı rus zabitləri еdirdilər. Qarşıdurma zamanı həm hərbi qatar, həm də əks xətt ilə gələn sərnişin qatarı tamamilə yandı. Döyüşdə və döyüş zamanı baş vermiş yanğın zamanı hər iki tərfdən minlərlə insan həlak oldu. Hərbi eşalonların tərk-silah olunmasında polkovnik Süleyman bəy Əfəndiyevin komandir olduğu 5-ci Yelizavetpol nişançı alayı da yaxından iştirak etmişdi. Şamxor hadisələri zamanı hərbi eşalonlardan 20 ədəd top, 70 ədəd pulemyot və 15000 tüfəng götürülmüşdür. 1918-ci ilin yanvarında dəmir yolu vasitəsilə Qafqaz cəbhəsindən qayıdan rus ordusu məhz Şəmkir stansiyasında tərk-silah edilməsi erməni daşnakları və bolşeviklər qarşısında əliyalın qalmış dinc əhalinin silahlanmasında müstəsna rol oynamışdır. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi bütün ölkənin, o cümlədən Şəmkirin həyatında mühum hadisə oldu. Əslən Şəmkirdən olan məhşur şair Əhməd Cavadın poeziyası istiqlaliyyət dövrünün simvoluna çevrildi. AXC Şəmkirin əhəmiyyətini nəzərə alaraq xüsusi Şəmkir qəzası təsis etməyi qərara almışdı. Lakin bolşeviklər tərəfindən 1920-ci il 28 Aprel işğalı ilə AXC – nin süqut etməsi buna imkan vermədi.
Sovet hakimiyyətinin ilk dövrlərində də Şəmkir antisovet çıxışların mərkəzlərindən biri olmuşdur. 1930-cu il martın 17-18-də Şəmkirin Bitdili kəndində (hazırda Yeniabad kəndi) Sovet Rusiyasının zorakı kollektivləşdirmə siyasətinə qarşı Bitdili imamı adı ilə məlum olan çıxış baş verdi. Bununla yanaşı XX əsrin 30-cu illərinin repressiyası da Şəmkirdən yan keçməmiş, istiqlal şairimiz Əhməd Cavad da repressiyanın qurbanlarından olmuşdur.
kinci dünya müharibəsi illərində şəmkirlilər faşizmə qarşı mübarizədə böyük qəhramanlıqlar göstərmişlər. Məhz ilk dəfə Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüş azərbaycanlı İsrafil Məmmədov (1919-1946) əslən şəmkirli idi.
Şəmkirin geniş sosial-iqtisadi potensialına baxmayaraq, müharibədən sonrakı dövrdə ondan kifayət qədər istifadə olunmurdu.Bu sahədə əsaslı dönüş Ümummilli Lider Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə (1969-1982-ci illər) başladı. Şəmkirdə xalq təsərrüfatının bütün sahələrində canlama baş verdi. Şəmkir SES silsiləsinə daxil olan Şəmkir (1982) və Yenikənd (2000) SES-lərin tikilməsi və istifadəyə verilməsi Heydər Əliyevin Azərbaycan strategiyasının mühüm tərkib hissələrindəndir. Şəmkirdəki böyük quruculuq işlərində burada yaşayan və çalışan insanların əmək hünəri də böyük rola malik idi. Bu dövrdə Maral Quliyeva (1971-ci il), Nəzixə Zeynalova (1981-ci il) Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdü.
1980-ci illərin sonlarında ermənilərin Qarabağı Azərbaycandan qoparmaq uğrunda başladıqları separatizm hərəkatı genişlənməyə başladı.Bu zaman Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizə genişləndi. Bu mübarizədə Şəmkirdən 282 nəfər şəhidlik zirvəsinə yüksəldi, 145 nəfər isə əlil oldu.Şəmkirdən olan Abdıyev Taryel 1990-cı il 20 Yanvar hadisələrində şəhid oldu. Şəmkirdən iki nəfər Aznaurov İskəndər (1995-ci il 15 yanvar) və Sarıyev Zaur (1995-ci il 4 aprel ) ən yüksək fəxri ada - Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşlər.
Heydər Əliyevin Azərbaycana ikinci rəhbərliyi dövründə (1993-2003) bütün ölkədə olduğu kimi Şəmkirdə də torpaq islahatı uğurla həyata keçirildi, kənd təsərrüfatının bütün sahələri üzrə müsbət göstəricilərə nail olundu.Özəlləşdirilmə proqramının reallaşdırılmasında uğurlar əldə edildi. Sənaye və sosial obyektlərin tikintisində ciddi irəliləyişlər baş verdi. 2003-cü ilin oktyabrında İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə Ümummilli Liderin siyasi kursunun uğurla davam etdirilməsinin qarantına çevrildi. Ölkə rəhbərinin yürütdüyü uğurlu daxili siyasətin nəticəsidir ki, respublikamızın digər şəhər və rayonları kimi Şəmkir də dinamik inkişafı ilə seçilən, gündən-günə abadlaşan bir diyara çevrilməkdədir.
2015-ci ilin 12-28 iyun tarixlərində Azərbaycanın paytaxtı Bakı şəhərində tarixdə ilk dəfə olaraq dünyanın 50 ölkəsindən olan idmançıların iştirak etdiyi I Avropa Oyunları keçirilmiş, oyunların rəmzi olan Məşəl 20.05.2015-ci il tarixində Şəmkir şəhərinə gətirilmişdir.
Azərbaycanın "Gənclər Paytaxtı"nın seçilməsi “Azərbaycan gəncliyi 2016-2020-ci illərdə" Dövlət Proqramına müvafiq olaraq müsabiqə yolu ilə həyata keçirilir və hər il ölkənin bir rayon və ya şəhəri Azərbaycanın "Gənclər Paytaxtı" elan edilir. 2016-cı ildə Şəmkir şəhəri Azərbaycanın Gənclər Paytaxtı seçilmiş və 03.02.2016-cı il tarixində rəmzi Açar Şəmkir şəhərinə gətirilmişdir.
2017-ci il 12-22 may tarixlərində Azərbaycanın paytaxtı Bakı şəhərində dünyanın 54 ölkəsindən olan idmançıların mübarizə apardığı IV İslam Həmrəyliyi Oyunları çərçivəsində oyunların rəmzi olan Su Səhəngi 21.04.2017-ci il tarixində Şəmkir şəhərinə gətirilmişdir.
Sadalananlarla yanaşı Şəmkir rayonu ərazisində yerləşən Azərbaycan mədəniyyəti və tarixini özündə əks etdirən mədəni-tarixi abidələr də mühüm əhəmiyyət kəsb edir. Bunlardan xüsusi olaraq Muxtariyyə kəndində VI-VII əsrlərə aid Şəmkir qalası, Şəmkir körpüsü, xı əsrə aid Şəmkir minarəsi, Şəmkir şəhər xarabalığı, Səlcuq axınları ilə bağlı olan (xı əsr) Yuxarı Seyfəli, Tatarlı kəndində “Qız qalası”,Yeni Həyat kəndində xvıı əsrə aid “Didvan” bürcü, Dağ-Daşbulaq kəndində yerləşən Alban abidəsi, Pir daha çox diqqət çəkir. Zəyəm çayı üzərindəki körpü, Şəmkir şəhərində “Koroğlu” qalası, 1909-cu ildə inşa edilmiş Alman kilsəsi (Şəmkir şəhəri) əsrlərə sirdaş,tariximizin zəngin yaddaşıdır. Bir sözlə Şəmkir tarixlə müasirliyin vəhdətini özündə əks etdirən Vətənimizin dilbər guşəsidir desək, yanılmarıq...