Şriftin ölçüsü :

Saytın rəngi :

"ŞƏMKİR"i ÇEMPİON təmsil edəcək

13 yanvar 2018 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi, Şəmkir Rayon Gənclər İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən futbol üzrə rayon birinciliyinin qalibi Zəyəm qəsəbəsinin eyniadlı komandası bu gündən “Şəmkir” Futbol Klubunu AFFA-nın təşkilatçılığı ilə keçirilən “Region Liqası”nda təmsil edəcək.

Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov Zəyəm qəsəbəsində komandanın baş məşqçisi Firdovsi Əhmədov və futbolçularla görüşüb. Onlara uğurlar arzulayan icra başçısı, “Şəmkir” kimi tarixi kökləri olan bir komandanı təmsil etməyin şərəfli bir iş olduğunu bildirib: “Bu gün rayonumuz bütün sahələrdə olduğu kimi idmanda da uğurlar qazanır. “Şəmkir” klubu da Azərbaycanın futbol tarixinə adını qızıl hərflərlə yazdırmağı bacarıb. Bu gündən siz həmin tarixin davamını yazmaq üçün yaşıl meydanlara çıxacaqsınız. Hər birinizə futbolumuzun inkişafı naminə uğurlar arzulayıram”.

Qeyd edək ki, “Zəyəm” komandası Şəmkir birinciliyində məğlub olmadan finala kimi addımlaya bilmiş, finalda isə Şəmkir şəhərinin “Qaryağdı” komandasını 0:5 hesabı ilə məğlub edərək çempion adını qazanmışdı.

Artıq “Şəmkir” adı altında “Region Liqası”nda mübarizə aparacaq komandanın futbolçuları baş məşqçi Firdovsi Əhmədovun rəhbərliyi ilə çempionata hazırlığa da strat verib. Komandanın ilk oyunu fevral ayının 17-si keçiriləcək.

“Region Liqası”nda rayonumuzu təmsil edən “Şəmkir” Futbol Klubu Şimal Qərb və Qərb zonası üzrə qrupda oynayır. Komandamızın qrupunda aşağdakı klublar birinci yer uğrunda mübarizə aparırlar:
Şimal Qərb və Qərb zonası
“Şəmkir” FK
“Şəki”
“Gümrük” (Qax)
“Oğuz”
“Şirvan” (Ağdaş)
“Energetik” (Mingəçevir)
“Göyəzən” (Qazax)
“Xəmsə” (Gəncə)
Onu da qeyd edək ki, “Region Liqası”nın oyunları 3 zona üzrə (Paytaxt və Şimal; Cənub və Mərkəz, Şimal-Qərb və Qərb) keçirilir. Hər birində 4 və ya 5 iştirakçı olmaqla komandalar 2 qrupda mübarizə aparır. Bu mərhələ 4 dövrədən ibarətdir.

Hər zona üzrə qalibi müəyyənləşdirmək üçün qrup mərhələsini birinci pillədə başa vuran komandalar arasında pley-off qarşılaşması təşkil ediləcək. Qalib komandalar yarımfinala vəsiqə qazanacaqlar.

Yarımfinal mərhələsində 3 zonanın qalibi ilə yanaşı, Naxçıvan Muxtar Respublikası üzrə birinci yeri tutmuş komanda da iştirak edəcək.

Qarşılaşmalar neytral meydanda keçiriləcək və bir oyundan ibarət olacaq. Final və üçüncü yer uğrunda oyun da neytral meydanda keçiriləcək.

 

 

Keçidlər