Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Nurlan Qasımovun xatirəsi təntənəli şəkildə anıldı

05 aprel 2017 | 16:00

Vətənpərvərliyin ən ali məqamı - şəhidlik!
Bu ucalığa yüksələnlərin ömür yolu nə qədər qısa olsa da, şərəfli və örnək sayılır. Azərbaycan torpaqları erməni daşnaklarının təcavüzünə məruz qalandan bu günə kimi xalqımızın vətənpərvər övladları, yaşından asılı olmayaraq, ana Vətənin harayına səs verdi - ölümün gözünə dik baxdılar!
Belə şərəfli ömür sahiblərindən biri də Qasımov Nurlan Cəmil oğludur. Vətənpərvərliyin ali zirvəsinə yüksəlməyi, adını Azərbaycanın Aprel Zəfərinə yazdırmağı bacaran Nurlanın bu gün vətən uğrunda canından keçməsinin birinci ildönümü doğulub boya-başa çatdığı Şəmkirin Tatarlı kəndində anılıb.
O Nurlan ki, nə düşməndən, nə mərmidən, nə döyüşdən, nə ölümdən qorxmadan düşmən üstünə gedərək vətən uğrunda canından keçib.
Nurlan yəqin ki, qəhrəmanlıq edəcəyini, “biz azad, müstəqil Azərbaycanı qoruyacağıq”, – deyə şəhid olacağını, bir ananın oğulluğundan çıxıb Azərbaycan, Şəmkir oğlu olacağını düşünməmişdi. Düşündüyü o olmuşdu ki, Vətəni onun kimi qəhrəman oğullar qorumalıdır. Və elə buna görə də belə bir müqəddəs vəd vermişdi. Düşünmüşdü ki, Ulu Öndərin memarı olduğu müstəqil Azərbaycanın sərhədlərini qorumaq bir hərbçi kimi onun da borcudur. Bu borcu belə erkən – gənc yaşında qanıyla, canıyla şərəflə yerinə yetirəcəyini, yəqin ki, düşünməmişdi. Axı qəhrəmanlıq planlaşdırılmır. O, bir anın içində doğulur. Nurlan Qasımov cəbhə bölgəsində sinəsini düşmən gülləsinə sipər edərək 2016-cı ilin 2 aprel tarixinə öz adını şəhid adı ilə qoşa yazdırdı Vətən daşına.
Ömrünün bahar fəslində şəhidlik məqamına yüksələn Nurlan Qasımovun xatirəsi bu gün şəmkirlilər tərəfindən təntənəli şəkildə anıldı. Onun əziz və unudulmaz xatirəsi bütün rayon ictimaiyyəti tərəfindən ehtiramla yad edildi.
Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Millət Vəkili Sona Əliyeva, İH başçısı Aparatının şöbə müdirləri, əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin rəisi, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, Şəhidin hərbiçi yoldaşları, kənd sakinləri, şəhidin yaxınları, Şəmkirdə yerləşən məktəbəqədər və orta təhsil, səhiyyə və digər müəssisələrinin, ictimai birliklərin nümayəndələri, rayon ziyalıları iştirak ediblər.
Tədbirdə çıxış edənlər qəhrəmanın keçdiyi qısa, lakin mənalı və şərəfli həyat yolundan danışıb.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov çıxış edərək bildirib ki, Nurlan öz qəhrəmanlığı ilə tarixin yaddaşına qızıl hərflərlə bir ad yazdı ki, o adı zaman tarixdən-tarixə, əsrdən-əsrə özü ilə yaşadacaq. Zaman-zaman qəhrəmanlıq dastanı kimi oxunacaq, qürur verəcək. Nurlan kimi qəhrəman övladlarımızın şəhidlik zirvəsinə ucalması xəbəri bir xalqın acısına, kədərinə, fəxarətinə səbəb olur.
İcra başçısı qeyd edib ki, şərəfli ömrün uzunu, qısası olmur. Nurlan Qasımov da belə bir şərəfli ölümlə xalqının qəhrəmanına çevrildi.

Keçidlər