Şriftin ölçüsü :

Saytın rəngi :

Rəşad Tağıyev şəhid qardaşların və şəhid Zaur Nəbiyevin il mərasimlərində iştirak edib

06 oktyabr 2021 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev rayonun Yenibad kəndində şəhidlik zirvəsinə ucalan Cavid və İlham Məmmədov qardaşlarının, Ələsgərli kəndində isə şəhid Zaur Nəbiyevin il mərasimlərində iştirak edib.

Yenibad kəndində keçirilən anım tədbirində Millət Vəkili Kamran Bayramov, Ələsgərli kəndində isə Millət Vəkili Nurlan Həsənov, şəhidlərin yaxınları, hərbiçi yoldaşları qəhrəmanların məzarlarını ziyarət edib, önünə gül dəstələri düzüblər.

Mərasimdə şəhid qardaşların döyüş yollarına nəzər salınıb.

Çıxış edən RİH başçısı Rəşad Tağıyev Cavid və İlham Məmmədov qardaşlarının Vətən sevgisindən, keçdikləri şərəfli döyüş yolundan danışıb. Bildirib ki, qardaşların taleləri də, həyat yolları da qoşa olub. Heç vaxt bir-birlərindən ayrılmayan bu qardaşlar bir yerdə böyüyüb, orta məktəbi bir oxuyub, hərbi xidmətə bir yollanıb, Vətən müharibəsində iştirak edərək Murovdağ istiqamətində bir yerdə döyüşüblər. Bu müqəddəs yolda eyni gündə şəhid olaraq doğulduqları Yeniabad kəndində torpağa tapşırılıblar: “Azərbaycan naminə şəhid olan qəhrəmanlar xalqımıza məxsus olan uca dəyərləri əbədiləşdirirlər. Şəhidlərin xatirəsini yad etmək hər bir vətəndaş üçün vacibdir. Belə qəhrəman oğulları böyüdən ata-anaların qarşısında baş əyirik.”

Tədbirdə çıxış edən Millət Vəkili Kamran Bayramov da bildirib ki, Cavid və İlham qardaşlarının timsalında bütün şəhidlərimizə borcluyuq. Çünki ən yeni tariximizi onlar öz qanları ilə yazdılar.

RİH başçısı Rəşad Tağıyev daha sonra Ələsgərli kəndində şəhid Zaur Nəbiyevin il mərasimində iştirak edib.

Şəhidin məzarı önündə keçirilən anım tədbirində Millət Vəkili Nurlan Həsənov, şəhidin ailə üzvləri və yaxınları qəhrəman şəhidin xatirəsini anıblar.

Vətən Müharibəsi qəhrəmanlarının xatirəsinə keçirilən anım tədbirində iştirkaçılar şəhidlərin ailə üzvləri ilə görüşüb, baş sağlığı veriblər. Şəhidlərimizin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Keçidlər