Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda kəndlərə və əhaliyə dəymiş ziyanın hesablanmasına başlanılıb

23 iyul 2020 | 16:00

.

İyulun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Tovuz rayonunun Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Bu Sərəncamla dövlət qurumlarına Tovuz rayonunda mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın qısa müddətdə qiymətləndirilməsi tapşırılıb.

Bu məqsədlə mütəxəssislərdən ibarət İşçi Qrup yaradılıb. Vəziyyətlə bilavasitə yerində tanış olmaq və qiymətləndirmə işlərinin aparılması məqsədilə mütəxəssislər Tovuz rayonuna ezam olunublar.

Hazırda mütəxəssislər hücuma məruz qalmış yaşayış məntəqələrində hərbi təcavüzdən zərər çəkmiş dinc əhalinin, onların əmlakının, dövlət obyektlərinin vəziyyəti öyrənilir, müvafiq müayinə və ekspertiza işləri aparılır. Dəymiş ziyanın qısa müddətdə qiymətləndirilməsi təmin ediləcək.

Əsas ziyanın Tovuz rayonunun 6 yaşayış məntəqəsinə - Ağdam, Əlibəyli, Dondar Quşçu, Vahidli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərinə dəydiyi məlumdur. İlkin qiymətləndirmələrə görə, bu kəndlərdə dinc əhaliyə məxsus 35 ev və yardımçı tikililərin, habelə vətəndaşların şəxsi əmlakının və əkin sahələrinin müxtəlif dərəcədə ziyan gördüyü müəyyən edilib. İntensiv atəş nəticəsində dövlət əmlakına da zərər dəyib. Bu əsasən, kəndlərə çəkilən qaz boruları, elektrik naqilləri, sosial və rabitə infrastrukturudur.

Dəymiş ziyan tam həcmdə müəyyən edildikdən və qiymətləndirmə aparıldıqdan sonra dinc əhaliyə, yaşayış ərazilərinə, dövlət və bələdiyyə əmlakına, təsərrüfatlara, infrastruktura dəymiş ziyanın aradan qaldırılması ilə bağlı hökumət tərəfindən Tədbirlər Planı hazırlanacaq, zərər vurulmuş obyektlərin və yaşayış evlərinin tam bərpası işlərinin sürətlə həyata keçirilməsi üçün təkliflər Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcək.

Dəymiş zərərin müəyyənləşdirilməsi və qiymətləndirilməsinin qısa müddətdə başa çatdırılması üçün mütəxəssislər qrupuna bütün zəruri dəstək göstərilir. İşlərin gedişi dövlət başçısının şəxsi nəzarətindədir.

Azərbaycan dövləti vətəndaşlarının təhlükəsiz yaşamasının qarantıdır. Vətəndaşlarımızın, qəhrəman hərbçilərimizin arxasında güclü Azərbaycan dövləti dayanır. Tovuza rayonuna dəyən zərərin tezliklə aradan qaldırılması bunun daha bir göstəricisi olacaq.

Keçidlər