Şriftin ölçüsü :

Saytın rəngi :

"Dövlətim adından Azərbaycan xalqına təşəkkür edirəm" - Almaniya səfiri Şəmkirdə

06 noyabr 2019 | 16:00

Almaniyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Volfqanq Maniq Şəmkir rayonuna səfər edib.

Səfər çərçivəsində Volfqanq Maniq Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovla görüşüb.

Rayon İcra Hakimiyyətinin binasında baş tutan görüşdə Alimpaşa Məmmədov qonaqları salamlayıb və onları Şəmkirdə görməkdən məmnun olduğunu bildirib, qonaqlararayon haqqında ətraflı məlumat verib: “Şəmkir Azərbaycanın inkişaf etmiş rayonlarından biridir. Rayonumuzun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Azərbaycanda olan istixanaların böyük əksəriyyəti Şəmkirdə yerləşir. Biz ildə 10 min tondan çox pomidor və xiyar istehsal edib xarici bazarlara ixrac edirik. Rayonumuzda olan istixanalarda 15 mindən çox işçi çalışır”.

Alimpaşa Məmmədov Şəmkirdəki alman mədəniyyəti haqda da qonağa məlumat verib: “Rayonumuz Azərbaycandakı ən qədim alman məskənlərindən biridir. Şəmkirin 5 əsas küçəsi almanlar tərəfindən salınıb. Bu gün biz alman mədəniyyətini yüksək səviyyədə qoruyur, onların rayonumuzdakı kültürünə hörmətlə yanaşırıq. Tərəfimizdən 151 alman evi restarvasiya olunub”.

Almaniyanın ölkəmizdəki səlahiyyətli səfiri Volfqanq Maniq də öz növbəsində Şəmkirdə olmaqdan mənun olduğunu bildirib: “Rayonunuz çox gözəl və səliqəlidir. Buranın füsünkar təbiyyəti var. İlk dəfə rayonunuzda olmağıma baxmayaraq Şəmkirin gözəlliyini duya bildim”.

Almaniyalı diplomat Şəmkirdə alman mədəniyyəti bağlı görülən işləri də yüksək qiymətləndirib: “Bütün Almaniya dövləti adından sizlərə təşəkkürümü bildirirəm. Dövlətimiz gördüyünüz işləri yüksək qiymətləndirir. Bu tək bizim deyil, eyni zamanda Azərbaycan mədəniyyətinin də bir parçasıdır.”

Görüşün sonunda Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov səfir Volfqanq Maniq şəmkirlilər adından hədiyyə təqim edib. Daha sonra qonaqlar xatirə şəkli çəkdirib.

Keçidlər