Şriftin ölçüsü :

Saytın rəngi :

Baramaçılıqda yüksək məhsuldarlıq əldə etmək üçün hansı şərtlərə əməl olunmalıdır? - ARAŞDIRMA

25 sentyabr 2018 | 16:00

Bu gün ölkəmizin hər yerində olduğu kimi Şəmkir rayonunda da baramaçılığın inkişaf etdirilməsi üçün tədbirlər həyata keçirilir. Dövlət başçısının ölkədə baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələr rayonda müvəffəqiyyətlə icra olunur.

Bəs ipəkqurdundan yüksək məhsuldarlıq əldə etmək üçün hansı şərtlərə əməl olunmalıdır?

Gəlin ilk olaraq tut tinglərinin əkimindən başlayaq…

Əvvəlcə qeyd edək ki, tut ağacının yarpağı ipəkqurdunun tək qidasıdır.

 

Tut tinglərinin ilk əkimi


Tut tingləri ilk dəfə əkilirsə, əsasən bu xüsusiyyətlərə diqqət edilməlidir.

Tut tinglərni payızda ağcların yarpaqlarını tökməyə başldığı vaxtdan yazda ağacların gövdəsi oyanana qədər əkmək olar. İqlimin münasib olduğu yerlərdə isə payız aylarında əkilməsi daha münasibdir.

Məlumat üçün bildirək ki, Şəmkir rayonunda da iqlim şəraiti tut tinglərinin payızda əkilməsinə şərait yaradır.

Tut tingləri əkiləcək bağlarda ağaclar əkim sıxlığına görə işarələnir və 40, 50 santimetr genişlikdə və dərinlikdə quyular qazılır.

Quyuların içərisindən çıxarılan torpaq gübrə ilə qarışdırılır və bir miqdar quyunun dibinə atılır. Əkiləcək tinglərin kökü üzərində olan yaralı və xəstə çubuqlar kəsilərək torpağa basdırılır. Sonda ağaca su verilir.

Tut tingləri düz və məhsuldar torpaqlarda daha yaxşı yetişir.

Əgər barama istehsalında yüksək məhsuldarlıq əldə etmək istəyirsinizsə, tut bağları kümxanalara yaxın və asan sulana biləcək yerlərdə olmalıdır.

Dərmanlanan bağların yanı, tozlu yolların ətrafı və zəhərli qazlar buraxan zavodların yaxınlığında tut bağları salmaq məqsədə uyğun deyildir.
Tut tinglərinin əkilmə sıxlığı iqlimə, torpağa və ağacın böyüklüyünə görə müəyyənləşdirilir.

Ağacların bir-birinin inkişafına mane olmaması vacib amillərdəndir. Eyni zamanda yarpaqların işıq almasının təmin edilməsinə xüsusi diqqət edilməlidir.

Əgər tut bağında ağacların baxımı traktorla aparılacaqsa, onlar arasındakı məsəfə traktorun genişliyinə uyğun olmalıdır.

Tut tingləri digər meyvə ağacları ilə birgə əkiləcəksə, tinglər arasındakı məsafə 10 və ya 15 metr olmalıdır.

Tarlalarda sərhəd ağacları kimi əkilən tut tingləri isə geniş gövdəli olmalı və 2-3 metr aralıqlı məsafələrlə əkilməlidir.


Yarpaq yığımı


Barama üçün tut yarpağı yığımının günün sərin vaxtında aparılması daha məqsədəuyğundur. Yarpaqlar yığıldıqdan sonra gözlədilmədən ipəkqurdunun bəsləndiyi yerlərə aparılmalıdır.

Günün isti vaxtlarında toplanan yarpaqlar qısa zamanda təzəliyini itirdiyindən ipəkqurdunun bəslənməsi üçün olan keyfiyyəti aşağı düşəcəkdir.

Kümxanalarda toplanan yarpaqlar qısa zaman üçün qoruna bilər. Yarpaqların qorunduğu yer 18-20 dərəcə tempraturda, sərin, təmiz olmalıdır.

 

Tut ağaclarının budanması


Tut tinglərinin budanması yarpaq yığımından sonra budağın gövdəyə birləşdiyi yerlərdən aparılır.

Budamadan 15-20 gün sonra yarpaqlar yenidən inkişaf edir və onların dirçəlməsi payıza kimi davam edər. Növbəti yaz aylarında isə gövdə üzərində bol miqdarda yarpaq yetişməyə başlayar.

Tut ağacları ipəkqurdu yetişdirmək üçün istifadə olunursa, hər il mütəmadi olaraq budama işləri aparılmalıdır. Əgər ağaclar sərbəst inkişafa buraxılarsa, artıq ipəkqurdunun inkişafı üçün keyfiyyətini itirmiş olacaq.

 

Tut bağlarının baxımı


Barama istehsalı üçün istifadə olunan tut bağlarında hər il yarpaq yığımından sonra torpaqda külli miqdarda qida maddəsi itmiş olur. Keyfiyyətli ipəkqurdu əldə etmək üçün tut ağaclarına mütəmadi olaraq qulluq edilməlidir.

Bunun üçün torpaq gübrələnməli, torpağın nəmliyini qorumaq üçün suvarılmalı və yabanı otlardan təmizlənməlidir.

Tut bağında gübrələmə işləri yazda, yayda və payızda olmaqla 3 mövsüm aparılır. Yaz gübrələməsi ipəkqurdu bəslənməsi bitdikdən sonra aparılır və illik istifadə olunacaq gübrənin 60 faizi torpağa verilir.

Kimyəvi gübrələr ağacların sıra aralarında torpaqla qarışdırılaraq verilir.

Yeni salınan tut bağları tez-tez suvarılmalıdır.

Böyük ağacların yerləşdiyi bağlarda da sulama işləri vaxtı-vaxtında aparılmalıdır.

Xüsusilə ipəkqurdu yetişdiriləcək bağlar yay aylarında 2-3 dəfə sulanmalıdır. Bağlarda torpaq işlənməsi də yaz, yay və payız aylarında 3 dəfə olmalıdır.


Bütün bu qeyd etdiklərimiz zamanında aparılarsa, kümçülər ipəkqurdu istehsalında yüksək məhsuldarlıq əldə edəcəklər.

 

 

 

Keçidlər