Şriftin ölçüsü :

Saytın rəngi :

Təbriz küçəsi yenidən qurularaq sakinlərimizin istifadəsinə verildi

01 aprel 2026 | 10:05

Şəmkir rayonunda vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə yol infrastrukturunun yenidən qurulması, mühüm əhəmiyyətə malik küçə və prospektlərdə təmir-tikinti işlərinin aparılması rayon İcra Hakimiyyəti tərəfindən daim diqqət mərkəzində saxlanılır.
Ölkəmizdə elan olunmuş "Şəhərsalma və Memarlıq İli" çərçivəsində aparılan ardıcıl işlərin məqsədi Şəmkir şəhərində yol infrastrukturunun müasirləşdirilməsi, nəqliyyatın təhlükəsiz, fasiləsiz hərəkətinin təmin olunması və dayanıqlı şəhər mühitinin formalaşdırılmasıdır.
Bu istiqamətdə həyata keçirilən layihələr çərçivəsində şəhərimizin küçələrində asfalt-beton örtüyünün salınması və cari təmir işlərinin növbəti mərhələsi artıq yekunlaşıb.
Nəriman Nərimanov, Xəqani İbrahimli küçələrindən sonra bu dəfə Təbriz küçəsi yenidən qurularaq sakinlərin istifadəsinə verilib. Yeni asfalt örtüyü salınan küçəyə ilkin olaraq qum-çınqıl qatışığı tökülüb, xüsusi texnika vasitəsilə kipləşdirmə işləri aparılıb və yüksək keyfiyyətli, iki qatlı asfalt-beton örtüyü salınıb. Eyni zamanda nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə müvafiq yol nişanlanma xətləri çəkilib.
Təbriz küçəsinin yenidən qurulması ilə yanaşı, mövcud problemlərin aradan qaldırılması məqsədilə tikinti norma və qaydalarına uyğun olaraq Əhməd Cavad və Zaur Sarıyev küçələrində də cari təmir işləri aparılıb.
Onu da qeyd edək ki, rayonda görülən abadlıq-quruculuq işləri, xüsusilə də yolların təmiri tərtib olunmuş fəaliyyət planına uyğun davam etdiriləcək.

Keçidlər