Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində abadlıq-quruculuq işləri davam etdirilir

31 avqust 2026 | 17:37
Hər il olduğu kimi, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində də Şəmkir rayonunda şəhər infrastrukturunun yaxşılaşdırılması, küçə və prospektlərin müasir görkəmə gətirilməsi, ərazilərin səliqəli saxlanılması ilə bağlı tədbirlər həyata keçirilir.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev bu dəfə Heydər Əliyev prospektində təmir-bərpa işləri aparılan və yeni görkəmə salınan fəvvarələrdə görülən işlərlə yerində tanış olub.
İcra başçısına fəvvarələrin bərpa olunması və ətraf ərazidə aparılan təmir işləri barədə məlumat verilib. Görülən işlərlə bağlı müvafiq tapşırıqlar verən RİH başçısı bildirib ki, rayonumuzda, xüsusilə də prospektdə həyata keçirilən yenidənqurma tədbirləri şəhərimizin mərkəzi hissəsinin ümumi görünüşünün yaxşılaşdırılması ilə yanaşı, sakinlər və şəhərə gələn qonaqlar üçün daha əlverişli ictimai mühitin formalaşdırılmasına xidmət edir.
Rəşad Tağıyev şəhid Xəqani İbrahimli parkında da olub. İcra başçısı Prezident İlham Əliyevin 9 iyul 2019-cu il tarixli Sərəncamına əsasən Qərbi Sibirin Tümen vilayətində nəhəng neft və qaz yataqlarını kəşf etmiş məşhur azərbaycanlı geoloq, görkəmli alim, geologiya-mineralogiya elmləri doktoru, Şəmkir rayonundan olan Fərman Qurban oğlu Salmanovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən ucaldılmaqda olan heykəldə aparılan işlərlə tanış olub, park ərazisinə baxış keçirib.
Baxış zamanı yaşıllıqların qorunması, ərazinin səliqəli vəziyyətdə saxlanılması və ictimai məkanın sakinlərin rahat istifadəsi üçün əlverişli şəraitdə olması ilə bağlı görülən işlər nəzərdən keçirilib, müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, rayonda həyata keçirilən abadlıq və yenidənqurma işləri şəhərin müasir inkişaf dinamikasına uyğunlaşdırılması ilə yanaşı, tarixi-mədəni dəyərlərin qorunmasına da xidmət edir. Şəmkir rayonunun küçə və prospektlərində, park və digər ictimai məkanlarda görülən işlər mərhələli şəkildə bundan sonra da davam etdiriləcəkdir.
Keçidlər