Şəmkir şəhərinin 13 küçəsi cari təmirdən, Elpərəst Hüseynov küçəsi isə yeniləndikdən sonra istifadəyə verildi
16 yanvar 2025 | 17:00
Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən cari ildə həyata keçirilən layihə çərçivəsində şəhərimizin küçələrində asfalt-beton örtüyünün salınması və cari təmiri işləri aparıldı.
Texnoloji ardıcıllığa uyğun aparılan işlər nəticəsində bu dəfə Elpərəst Hüseynov küçəsi yenidən quruldu, 13 küçənin Səməd Vurğun (1-ci küçə), Həzi Aslanov (2-ci küçə), M.Ə.Sabir (3-cü küçə), Nizami Gəncəvi (4-cü küçə), İsrafil Məmmədov (5-ci küçə), Rəşad Sadıqov (Şəmkir Şəhər Parkının arxası), Əhməd Cavad (H.Əliyev prospektindən Şəhidlər Xiyabanına olan hissə), Məhəmməd Füzuli (1-ci 13-cü küçənin arası 3-cü döngə), M.Paşayev (1-ci 8-ci küçənin arası 2-ci döngə), Mübariz İbrahimov (6-cı küçənin üst döngəsi), M.Ə.Rəsulzadə (8-ci küçə), Şəmistan İbrahimov küçələrində və Dəllər qəsəbə yolunda ümumu uzunluğu 5 kilometr olan hissəsində cari təmiri işləri başa çatdırılaraq sakinlərimizin istifadəsinə verildi.
Yeni asfalt örtüyü salınan küçələrə ilkin olaraq qum-çınqıl qatışığı töküldü, xüsusi texnika vasitəsilə kipləşdirmə işləri aparılaraq yüksək keyfiyyətli, iki qatlı asfalt-beton örtüyü salındı. Eyni zamanda nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə müvafiq xətlər çəkildi.
Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən görülən işlər sakinlərimizin və şəhərimizin qonaqlarının rahat gediş-gəlişinin təmin olunmasına və yol infrastrukturunun yenilənməsinə yönəlmişdir.
Onu da qeyd edək ki, rayonda görülən abadlıq-quruculuq işləri, xüsusilə də yolların təmiri gələcəkdə də davam etdiriləcək.