“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Şəmkir şəhərində aparılan abadlıq işlərinin növbəti mərhələsi yekunlaşıb
12 may 2026 | 17:00
Hər il olduğu kimi, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində də Şəmkir şəhərində genişmiqyaslı abadlıq-quruculuq işləri davam etdirilir.
Şəmkir Rayon İcra Hakimiyyəti (RİH) tərəfindən həyata keçirilən tədbirlər planına uyğun olaraq şəhərin Mərkəzi Parkında, eləcə də İstiqlal və Xəqani İbrahimli parklarında aparılan abadlıq işlərinin bir hissəsi artıq yekunlaşıb.
Belə ki, həyata keçirilən işlər çərçivəsində Mərkəzi Parkda azyaşlı sakinlərin asudə vaxtının səmərəli təşkili məqsədilə müasir uşaq oyun meydançasına yeni attraksion və qurğular əlavə edilmiş, həmçinin müxtəlif yaş qruplarına aid vətəndaşların fiziki aktivliyinin artırılması üçün açıq hava şəraitində yeni idman qurğuları quraşdırılmışdır. Eyni zamanda park ərazisində yerləşən 10 ədəd körpü əsaslı təmir edilmişdir.
Bununla yanaşı, Mərkəzi Park və İstiqlal parkında yeni sanitar qovşaqlar tikilərək istifadəyə verilmiş, mövcud sanitar qovşaqlarda isə əsaslı təmir işləri həyata keçirilmişdir.
Xəqani İbrahimli parkında da abadlıq işləri davam etdirilərək yeni uşaq əyləncə qurğuları quraşdırılmış, sakinlərin istifadəsinə verilmişdir.
Qeyd edək ki, şəhər ərazisində yerləşən park və xiyabanlarda, istirahət məkanlarında aparılan abadlıq işlərinin əvvəlki mərhələsində elektrik təsərrüfatı tam yenilənmiş, istismara yararsız vəziyyətdə olan işıqlandırma sistemləri müasir standartlara cavab verən yeni avadanlıqlarla əvəz edilmiş, fəvvarələrdə təmir-bərpa işləri aparılmış, su nasosları yeniləri ilə əvəz olunmuşdur.
Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən şəhər ərazisində sakinlərin rahat istirahətinin təmin olunması, asudə vaxtının səmərəli təşkili, eləcə də şəhərin abadlaşdırılması və estetik görünüşünün daha da yaxşılaşdırılması istiqamətində tədbirlər ardıcıl olaraq davam etdirilir.






