Abidələr Parkı təmirdən sonra
17 aprel 2024 | 15:37
Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş plana əsasən cari təmir işləri aparılan parklarımızdan biri də Abidələr Parkıdır.
Parkda aparılan yenidənqurma işləri çərçivəsində bütöv Azərbaycanın tarixi binalarının miniatürləri yeniləri ilə əvəzlənib. Eyni zamanda Azərbaycan xəritəsi formasında hazırlanan parkda Xəzər dənizini təcəssüm etdirən fəvvarələrlə bəzədilmiş hovuzda əsaslı təmir işləri aparılıb.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev görülən işlərlə yerində tanış olub. İcra başçısına bildirilib ki, Abidələr Parkında sakinlərin rahat və xoş istirahəti üçün elektrik sisteminin yenilənməsi, sıradan çıxmış lampaların yeni, müasir standartlara uyğun lampalarla əvəzlənməsi, yeni tullantı qutularının qoyulması, skamyaların yenilənməsi və digər işlər də icra olunub.
Bildirilib ki, parkda bütün tarixi abidələrin yeni miniatürləri xəritədəki yerlərinə uyğun olaraq yerləşdirilib və işıq sistemi ilə təmin olunub. Abidələr Parkının giriş və çıxış hissələrində parkın adı yazılan bilbordlar quraşdırılıb.
Qeyd edək ki, rayonumuzda aparılan yenidənqurma işlərinin məqsədi Şəmkir şəhərinin küçə və prospektlərində, parklardakı şəraiti daha da yaxşılaşdırmaq, ən müasir dövrün tələblərinə uyğun şəkildə əhalinin istifadəsinə verməkdir.
Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən sakinlərimizin asudə vaxtının səmərəli keçirilməsi, istirahətinin təmin olunması, şəhərimizin abadlaşdırılması və gözəlləşdirilməsi məqsədilə aparılan işlər bundan sonra da davam etdiriləcəkdir.