Şəmkir şəhərində kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin növbəti mərhələsi yekunlaşır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Şəmkir şəhərində əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə icra olunan layihə çərçivəsində şəhərin kanalizasiya sistemlərinin yenilənməsi layihəsinin növbəti mərhələsi yekunlaşmaq üzrədir.
Artıq şəhərdə kanalizasiya şəbəkələrinin tikintisinin növbəti mərhələsi çərçivəsində görülən işlər başa çatmaq üzrədir. Hazırda tullantı sutəmizləyici qurğunun inşası davam etdirlir.
Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla bu şəhərdə 45 min nəfərin kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb və əhalisi yeni yaradılmış infrastruktur hesabına fasiləsiz rejimdə içməli su ilə təmin olunacaq.
Eyni zamanda məhsuldarlığı sutkada 10 min kubmetr olan tullantı sutəmizləyici qurğunun tikintisi davam etdirilir.
Yaxın günlərdə kanalizasiya xətlərinin çəkildiyi küçələrdə asfalt örtüyünün bərpası işləri aparılacaq.
Layihə və podratçı təşkilatın nümayəndələri tikinti-quraşdırma işlərinin vaxtında və keyfiyyətli icrası üçün bütün lazımi tədbirlərin görüləcəyini bildiriblər.
Qeyd edək ki, yeni layihənin icrasına qədər Şəmkir şəhərində mövcud olmuş kanalizasiya şəbəkələri şəhəri tam əhatə etmirdi və istismara yararsız vəziyyətə düşmüşdü.