13-cü küçə əsaslı şəkildə yenidən qurularaq sakinlərin istifadəsinə verildi.
06 fevral 2026 | 12:02
Yol infrastrukturunun yenidən qurulması ilə vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində Şəmkir şəhərində rayon İcra Hakimiyyəti tərəfindən mühüm əhəmiyyətə malik küçə və prospektlərin təmir-tikinti işləri davam etdirilir.
2025-ci ildə həyata keçirilən layihə çərçivəsində şəhərimizin ən işlək yollarından hesab edilən Nəriman Nərimanov (13-cü küçə) küçəsi yenidən qurulub.
Yenidənqurma işlərindən öncə həmin küçədə yaranan problemlər sakinlərin rahat gediş-gəlişinə mane olurdu. Çünki küçə boyu yolun hərəkət hissəsində çalalar və torşəkilli çatlar əmələ gəlmişdi.
Sadalanan problemlərin aradan qaldırlması istiqamətində Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən uzunluğu 1.8 km olan Nəriman Nərimanov küçəsində aparılan yenidənqurma və bərpa işləri uğurla yekunlaşdırılıb.
Aparılan işlər çərçivəsində köhnə asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılıb. Bunun əvəzində yararlı material tökülərək yenidən kipləşdirmə işləri aparılıb və əsas yenidən bərpa edilib, hamarlayıcı qat asfalt-beton örtüyü döşənib.
Yenidənqurma işlərinə baxış zamanı Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyevə bildirilib ki, asfaltlanma işləri çərçivəsində küçəyə iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtyü döşənib, yer qurluşuna uyğun olaraq küçənin eni bəzi yerlərdə 9 m, bəzi yerlərdə isə 11 metrə qədər genişləndirilib.
İşlərin sonuncu mərhələsində küçə boyu hərəkətin normal təşkili üçün üfiqi nişanlanma xətləri çəkilib.
Qeyd edək ki, bütün işlər mövcud tikinti norma və qaydalarına əsasən Şəmkir RİH-in nəzarəti altında aparılıb.
Məlumat üçün onu da qeyd edək ki, RİH tərəfindən 2026-cı ildə tərtib olunmuş plana əsasən sutkanın qaranlıq saatlarında 13-cü küçəni işıqlandırmaq üçün ayrıcı zolaq boyu yeni işıqlandırma sisteminin qurulması, növbəti illdə isə yolun kənarlarında abadlıq-quruculuq işlərinin aparılması planlaşdırılır.






