YAP Şəmkir rayon təşkilatının yeni sədri ictimaiyyətə təqdim edilib
08 iyul 2026 | 10:27
Yeni Azərbaycan Partiyasının Şəmkir rayon təşkilatının yeni təyin olunmuş sədri Zamir Güvəndiyev rayon ictimaiyyətinə təqdim edilib.
Təqdimat mərasimində Şəmkir Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Rəşad Tağıyev, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının məsul əməkdaşı Araz Salmanov, ərazi partiya təşkilatlarının sədrləri və partiya fəalları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Sonra təqdimat mərasimi Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının inzibati binasında davam etdirilib.
Tədbirdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynadığını, Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyanın dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, davamlı inkişafın təmin olunması və cəmiyyətin rifahının yüksəldilməsi istiqamətində uğurlu fəaliyyət göstərdiyini qeyd edib. Rayon təşkilatının da bu siyasi xəttə sadiq qalaraq qarşıda duran vəzifələrin icrasında bundan sonra da fəal iştirak edəcəyinə əminliyini ifadə edib.
İcra başçısı uzun müddət Yeni Azərbaycan Partiyasının Şəmkir rayon təşkilatının sədri vəzifəsində çalışmış Fəxrəddin Vəliyevin rayonun ictimai-siyasi həyatında, dövlət qulluğunda və partiya fəaliyyətində səmərəli xidmətlərini yüksək qiymətləndirərək ona təşəkkürünü bildirib, RİH başçısının Fəxri Fərmanını və xatirə hədiyyəsini Fəxrəddin Vəliyevə təqdim edib.
Göstərilən yüksək diqqət və etimada görə minnətdarlığını bildirən Fəxrəddin Vəliyev uzun illər Yeni Azərbaycan Partiyasının Şəmkir rayon təşkilatına rəhbərlik etməsinin onun üçün böyük məsuliyyət və şərəf olduğunu qeyd edib. O, fəaliyyət göstərdiyi müddətdə daim partiyanın prinsiplərinə sadiq qaldığını, Prezident İlham Əliyevin müəyyən etdiyi siyasi kursun yerlərdə uğurla həyata keçirilməsi istiqamətində üzərinə düşən vəzifələri vicdanla yerinə yetirməyə çalışdığını bildirib. Fəxrəddin Vəliyev birgə fəaliyyət göstərdiyi partiya fəallarına, rayon ictimaiyyətinə və bütün əməkdaşlara təşəkkürünü ifadə edərək, yeni təyin olunan sədr Zamir Güvəndiyevə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının məsul əməkdaşı Araz Salmanov çıxışında partiyanın keçdiyi inkişaf yolundan, ölkənin ictimai-siyasi həyatındakı aparıcı mövqeyindən və rayon təşkilatlarının üzərinə düşən vəzifələrdən danışıb. O, təşkilati işin daha da təkmilləşdirilməsi, partiya üzvləri ilə səmərəli fəaliyyətin təşkili, gənclərin partiya sıralarında fəallığının artırılması və dövlət başçısının müəyyən etdiyi siyasi kursun təbliğinin qarşıdakı dövrün əsas prioritetləri olduğunu vurğulayıb.
Çıxış edən partiya fəalları da Yeni Azərbaycan Partiyasının Şəmkir rayon təşkilatının fəaliyyətinin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliklərini ifadə edərək, yeni təyin olunan sədr Zamir Güvəndiyevə uğurlar diləyiblər.
Zamir Güvəndiyev isə ona göstərilən etimada görə təşəkkürünü bildirərək, Yeni Azərbaycan Partiyasının prinsiplərinə sadiq qalacağını, qarşıya qoyulan vəzifələrin layiqincə icrası istiqamətində bütün imkanlarını səfərbər edəcəyini bildirib.






