Şriftin ölçüsü :

Saytın rəngi :

Xəqani İbrahimli parkı təmirdən sonra

01 fevral 2024 | 09:28
Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş plana əsasən şəhərimizin ən gözəl istirahət guşələrindən biri olan Xəqani İbrahimli adına parkda cari təmir və abadlıq işləri yekunlaşıb.
Abadlıq və yenidənqurma işləri çərçivəsində parkın elektrik sistemi tam yenilənib, işıq lampaları yeni və müasir standartlara uyğun lampalarla əvəzlənib, işıq dirəkləri rənglənib, elektrik sisteminin idarə olunması üçün müvafiq avadanlıq quraşdırılıb.
Həmçinin parkın ərazisindəki fəvvarə təmir olunub, yeni tullantı qutuları qoyulub, skamyalar yenilənib, aqlay üzlüklərin cilalanması, o cümlədən sıradan çıxmış üzlüklərin dəyişdirilməsi və digər işlər icra olunub.
Məlumat üçün bildiririk ki, Xəqani İbrahimli parkında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən məşhur azərbaycanlı geoloq, görkəmli alim, geologiya-mineralogiya elmləri doktoru Fərman Salmanovun heykəlinin qoyulması istiqamətində işlər davam etdirilir.
Onu da qeyd edək ki, yaxın zamanlarda Şəmkir RİH tərəfindən şəhid qəhrəman Xəqani İbrahimli parkda büstünün qoyulması da təmin ediləcəkdir. Artıq bununla bağlı işlərə başlanıb, şəhidin ailəsinin iştirakı ilə büstün yeri müəyyən edilib.
Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən sakinlərimizin asudə vaxtının səmərəli keçirilməsi, istirahətinin təmin olunması, şəhərimizin abadlaşdırılması və gözəlləşdirilməsi məqsədilə aparılan işlər bundan sonra da davam etdiriləcəkdir.
Keçidlər