"Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 18-ci ildönümüdür"
"Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 18-ci ildönümüdür"
Bütün varlığı ilə xalqına bağlı olan, istiqlal yolumuzu və istiqbalımızı nurlandıran, millətini zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan müdrik lider Heydər Əliyev şərəfli ömür yolunu ölkəmizin tərəqqisinə və millətimizin parlaq gələcəyinə həsr etmişdir.
Ümummilli Lider dövlətçiliyimizin ideoloji-siyasi əsaslarını yaratmaqla, xalqını əsl müstəqilliyə qovuşduraraq hafizələrdə əbədiyaşarlıq qazanıb.
1987-ci ilin oktyabrından 1993-cü ilin iyununda növbəti dəfə hakimiyyətə qayıdışınadək olan dövrdə ölkədə yaranmış özbaşınalığın, anarxiyanın, xaosun, hakimiyyət nümayəndələrinin xalq və dövlətin deyil, ayrı-ayrı şəxslərin maraqlarına xidmət etməsinin iqtisadiyyatımızın tənəzzülə uğraması, ictimai-siyasi sabitliyin pozulması, eləcə də tarixi torpaqlarımızın işğal olunması ilə nəticələndi, vətəndaş müharibəsi və müstəqilliyimizin itirilməsi təhlükəsini yarandı. Yalnız dahi şəxsiyyət Heydər Əliyevin xalqın israrlı tələbi ilə qayıdışından sonra hər şeyin müsbətə doğru dəyişdi.
Azərbaycanın müasir tarixinin həlledici dönüş nöqtəsi hesab edilən bu böyük qayıdışdan sonra vətəndaş müharibəsinin, eləcə də müstəqilliyimizin itirilməsi təhlükəsinin qarşısı qətiyyətlə alındı, cinayətkar dəstələr zərərsizləşdirilib, separatçı meyillərə son qoyulub, ölkənin iqtisadi və siyasi böhrandan xilasını təmin edən digər zəruri tədbirlər görülüb, bununla da Azərbaycan sürətli inkişaf yoluna qədəm qoyub.
Ulu öndər Heydər Əliyevin Azərbaycanın işıqlı gələcəyinə hesablanmış siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə son 18 ildə ölkəmizdə müstəsna əhəmiyyətli nəhəng işlər görülüb, hərtərəfli köklü islahatlar həyata keçirilib, bütün sahələrdə misli görünməmiş uğurlar əldə olunub.
Prezident İlham Əliyevin qətiyyəti və yorulmaz fəaliyyəti sayəsində, eləcə də hakimiyyətlə xalq arasında olan sıx bağlılığın nəticəsində iqtisadiyyatımız daha da güclənib, ölkəmiz hərtərəfli inkişaf edib, qüdrətli Silahlı Qüvvələrimiz formalaşdırılıb.
Məhz bu məqsədyönlü siyasət nəticəsində ölkəmiz bütün sahələrdə mühüm nailiyyyətlər əldə edib və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən işğal altında olan torpaqlarımız düşmən əsarətindən azad olunub.
Millətinə xidməti həyat amalına çevirmiş Prezident İlham Əliyevin verdiyi bütün vədləri əməlləri ilə doğruldaraq, hər bir azərbaycanlının Prezidenti olduğunu sübuta yetirməklə xalqın sonsuz məhəbbətini qazandı.
Heydər Əliyev və Şəmkir
Heydər Əliyev Azərbaycanda hakimiyyətdə olduğu hər iki dövrdə ( 1969-1982 və 1993-2003-cü illər) ölkənin regionlarının inkişafına xüsusi qayğı göstərmişdir. Bu qayğının nəticəsi idi ki, Şəmkir rayonu da bu dövrdə Azərbaycanın inkişaf etmiş bölgələrindən birinə çevrildi.
Şəmkir SES və Yenikənd SES-lərin tikilməsi və istifadəyə verilməsi Heydər Əliyev siyasətinin nəticəsi idi.
Ulu öndəri böyük dövlət xadimi və vətənpərvər insan kimi səciyyələndirən ən önəmli xüsusiyyətlərdən biri ondan ibarətdir ki, o daim Respublikanın bütün rayonlarına səfərlər edir, problemlər və onların həlli ilə yerindəcə məşğul olurdu.
Ümumilli Lider Azərbaycana birinci rəhbərliyi zamanı (1969-1982) Şəmkirə də iki dəfə səfər etmişdir. 1972-ci ildəki birinci səfərində Şəmkir SES-in təməlqoyma mərasimində iştirak etmiş, 1979-cu ildə isə tikintinin gedişinə nəzarət etmək üçün ikinci dəfə Şəmkirdə səfərdə olmuşdur.
Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycanın bütün bölgələrinin, o cümlədən Şəmkirin həyatında yeni tərəqqi və yüksəliş başladı.
Heydər Əliyev Respublikaya ikinci rəhbərliyi dövründə ( 1993-2003) 1998-ci ilin oktyabrında Şəmkirə yeni səfər etdi. Bu səfər zamanı həm ötən dövrlərə obyektiv qiymət vermiş, həm də yeni tarixi şəraiti hərtərəfli qiymətləndirmişdir.
Ulu öndər 2000-ci ilin may ayında Şəmkirə daha bir səfər etmişdir. Bu tarixi səfər zamanı Şəmkirdə Yenikənd Su-Elektrik Stansiyasının açılış mərasimində iştirak etmişdir.
Heydər Əliyevin Şəmkirə qayğısı öz bəhrəsini vermiş, Azərbaycanın bu qədim və tarixi bölgəsi ölkənin ən inkişaf etmiş bölgələrindən birinə çevrilmişdir.
Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi və bütün şəmkirlilər adından Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla anırıq!!!
ALLAH RƏHMƏT ELƏSİN!!!