Vətəndaşların bu müraciətləri təmin edildi
06 fevral 2025 | 14:40
Şəmkir rayon İcra Hakimiyyəti başçısı Rəşad Tağıyevin Zəyəm qəsəbəsi və Zəyəm Cırdaxan kəndində keçirdiyi səyyar qəbullar zamanı sakinlər tərəfindən qaldırılan və həlli vaxt tələb edən müraciətlər aidiyyəti təşkilatlar tərəfindən icra edilib.
Belə ki, Zəyəm qəsəbəsində sakinlərin istəyinə əsasən Şəmkir Elektrik Şəbəkəsi tərəfindən N.Gəncəvi və M.Ə.Sabir küçələrində 6 ədəd qəzalı elektik dirəyi yenisi ilə əvəz olunub.
Həmçinin Şəmkir Su Meliorasiya Sistemlərinin İstismarı idarəsi tərəfindən qəsəbədə yeraltı suların aşağı səviyyəyə düşməsi nəticəsində batan subartezian quyusu vətəndaşların müraciəti əsasında bərpa olunur və hazırda da bu istiqamətdə iş aparılır.
Zəyəmdə keçirilən səyyar qəbul zamanı vətəndaşların digər bir müraciətinə əsasən qəsəbədə yerləşən məktəbin yaxınlığındakı yolda hərəkətin təhlükəsizliyini təmin etmək üçün küçənin giriş hissəsində sürət tənzimləyicilər quraşdırılıb.
Zəyəm Cırdaxan kəndində keçirilən səyyar qəbul zamanı da vətəndaşların həlli vaxt tələb edən müraciətlərinə baxılıb. Belə ki, sakinlərin istəyinə uyğun olaraq Z.Yaqub və Q.Məmmədov küçələrində yararsız vəziyyətdə olan elektrik dirəkləri yenisi ilə əvəz olunub.
Həmçinin vətəndaşın müraciətinə əsasən fərdi yaşayış evinin qarşısında qaz sızmasının qarşısını almaq məqsədilə boru yenilənib.
Görülən işlərə görə sakinlər təşəkkürlərini bildiriblər.
Onu da qeyd edək ki, səyyar qəbullar zamanı vətəndaşları narahat edən problemlər yerindəcə öyrənilir və tədbirlər müəyyənləşdirilir. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilir.