"Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir" - Şəmkirdə Anım Günü tədbiri keçirildi
27 sentyabr 2024 | 16:15
Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr - Anım Günü tədbiri keçirildi.
Tədbirdə Şəmkir RİH başçısı Rəşad Tağıyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Tədbir iştirakçıları əvvəlcə 50 metr uzunluğunda Şanlı Azərbaycan bayrağını rayon mərkəzindən Şəhidlər Xiyabanına gətirib, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən əsgər və zabitlərimizin xatirəsinə ucaldılmış Abidə Kompleksinin önünə əklil qoydular.
Anım tədbirində çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev bildirdi ki, tarixi Azərbaycan torpağı olan Qarabağa ermənilərin çar Rusiyası zamanı köçürüldüyü dövrdən etibarən xalqımıza qarşı başlamış düşmənçilik siyasəti 200 ildir davam edir. Xarici havadarları tərəfindən silahlandırılan ermənilər Azərbaycan ərazisinin 20%-ni işğal etmişdi. İşğal zamanı yaşayış məntəqələri dağıdılmış, dinc əhali amansızcasına qətlə yetirilmişdir. Dinc azərbaycanlılara qarşı törədilən qətliamlar içərisində Xocalı qətliamı xüsusi qəddarlığı ilə seçilir. Ermənilərin tarixi ərazilərimizdə həyata keçirdikləri soyqırımı siyasətinə ilk dəfə Ümummilli Lider Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilmişdir.
İcra başçısı qeyd etdi ki, 30 il ərzində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olmuşdur. Torpaqlarımızın işğalı azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmaqla yanaşı, ölkəmizin iqtisadiyyatına və mədəni irsinə ağır zərbə vurmuşdur. Ermənistan bu müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salmış, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv etmişdir.
Rəşad Tağıyev çıxışında Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyilə 44 günlük Vətən müharibəsində aparılan uğurlu əməliyyatlardan da danışdı: ““Dəmir Yumruq” əməliyyatı zamanı qazanılan Şanlı Qələbə ordumuzun əsgər və zabitlərinin misilsiz qəhrəmanlığı, hərbi şücaəti, xalqımızın arxa cəbhədəki fədakarlığı sayəsində mümkün oldu. 2023-cü ilin sentyabrın 19-da qanunsuz erməni hərbi birləşmələrinin tərksilah edilərək, ərazilərimizdən çıxarılması məqsədilə ordumuz tərəfindən keçirilən lokal xarakterli antiterror tədbirləri çərçivəsində də şücaətli ordumuzun yüksək peşəkarlığı sayəsində qısa müddətdə düşmənin hərbi birləşmələri üzərində böyük qələbə qazanıldı”.
İcra başçısı vurğuladı ki, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərimizə dərin ehtiram əlaməti olaraq İkinci Qarabağ savaşının başlandığı günün - sentyabrın 27-nin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə hər il şəhidlərin əziz xatirəsinin Anım Günü kimi qeyd olunması təsadüfi deyil. Çünki 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın qətiyyətli mövqeyinin, xalqımızın məğrurluğunun, yenilməzliyinin, torpağa bağlılığının, Vətən sevgisinin təqdimatı oldu.
Rəşad Tağıyev çıxışının sonunda bildirdi ki, Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdi. Azərbaycan Ordusu şəhidlərin qanını aldı: “Biz şəhidlərin qisasını döyüş meydanında aldıq. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib. Biz bundan sonra Ali Baş Komandanın rəhbərliyi ilə qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq və azad edilmiş torpaqları quracağıq, bərpa edəcəyik.
Şəhid ailələri isə çıxışlarında qəhrəman övladlarının döyüş yolundan danışıb, onlarla qürur duyduqlarını bildirdilər.
Daha sonra mədəniyyət işçilərinin, məktəblilərin təqdimatında şəhidlərin xatirəsinə həsr edilmiş əbədi-bədii kompozisiya təqdim olundu.
Saat 12:00-da isə rayon ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb, avtomobillərdən səs siqnalları verildi. İnsanlar şəhid əsgər və zabitlərimizin ruhları qarşısında baş əyib, onların xatirəsinə dərin ehtiramlarını bir dəqiqəlik sükutla ifadə etdilər.