"SEVGİ VƏ BARIŞ ÜÇÜN"
"SEVGİ VƏ BARIŞ ÜÇÜN"
Ana, mənə biraz atamdan danışarsan?
Atandan?
Atam necə idi?
Qızım, axı biz danışmışdıq.
Olsun. Sən yenə də danış. Atamın yerişindən, duruşundan, baxışından...
Ana, gözlərin dolmasın. Axı atam indi bizlərlədi. Müəlliməm ən sevdiyin valideynin haqqında inşa yazmağı tapşırıb, mən də atam haqqında yazmaq istəyirəm. Nə olar, susma, danış.
Atan uca boylu, şax qamətli biri idi. Qorxmaz, mərd oğul idi. Cəsarəti və şücaətiylə adını tarixə yazdıranlardandır.
Ana sən hər gecə atamın şəklinə baxıb, ağlayırsan. Mən artıq istəmirəm sən ağlayasan. Sənin üzündə gülüşü heç görməyəcəm?
Görəcəksən, qızım, görəcəksən.
Bəs, nə zaman?
Sən atana layiq övlad olduqdan sonra.
O günə hələ çox var?
Az qalıb, balam. Sən oxu, savadlı ol. Cəmiyyətə faydalı övlad ol. Anan və atan səninlə qürur duyacaqlar.
Gözəl qızım bu torpaqların hər bir qarışında atalarınızın xatirəsi var. Bu diyarların hər zərrəsində onların qoxusu gəlir. Onlar əbədi olaraq, bizim qəlbimizdə yaşayacaqlar. Sənin kimi uşaqların atalarının sayəsində artıq Qarabağımızda Azərbaycanın bayrağı dalğalanır. Tarixən dəyişilməyən bir şey olacaq. Yaşınız hər neçə olsada, daima atanızın qoxusunu bu vətəndə axtaracaqsınız. Çünki "VƏTƏN ATA QOXUYAR"
P.S: Bəlkə də nə 5 yaşlı Sevgi, nə də 8 yaşlı Barış cəmiyyətə necə mesaj verdiklərini, insanlığın qəlbini necə parçaladıqlarını dərk etmirlər!
Bəlkə onlar heç atalarının bu millət üçün nələrdən keçdiyini, bu millətin başını uca tutmaq, namusunu hifz etmək üçün hansı qəhrəmanlıqlar etdiyini də anlamırlar.
Bəli, Tural və bütün qəhrəman şəhidlərimiz tarixi torpağımız Qarabağımızda barış və sevgi uğrundan canlarından keçdilər.
Bu uşaqlar da atalarının qoxusunu elə bu "VƏTƏN"də axtaracaqlar. Onların Azərbaycan kimi güclü anası var. Onu qoruyacaq ona sahib çıxacaq.
Bizim də millət olaraq bu dəyərlərə, bu dəyərli əmanətlərə sahib çıxmaq vətəndaşlıq borcumuzdur.
Xəbər: Şəhid qardaşımız Tural Abbasovun əziz xatirəsi doğum günündə məzarı önündə anılıb.
Anım mərasimində Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələri, qazilər, hərbiçilər və müharibə iştirakçıları, şəhidin yaxınları iştirak edirdilər.
Tədbirin sonunda Vətən müharibəsi şəhidlərinin xatirəsinə futbol turniri keçirilib, qaliblər mükafatlandırılıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Günel Ağayeva