Şəmkirin xurma bağlarında ötən il 32 min, bi il isə 43 min tondan çox məhsul yığılıb
Şəmkir rayonunda kifayət qədər geniş potensiala malik istiqamətlərdən biri meyvəçilikdir.
Rayonumuzun xurma bağlarında məhsul yığımı demək olar ki, başa çatıb. Bu il havanın əlverişli olması və göstərilən aqrotexniki qulluq nəticəsində Şəmkirin hər yerində xurma bağlarında bol məhsul yetişdirilib.
Rayonun 1883 hektar (ötən il 1842 hektar) bar verən xurma bağlarından bu il 150-170 sentner məhsuldarlıq götürən təsərrüfat sahibləri alıcı sarıdan korluq çəkmirlər. Bağbanlar məhsulu elə yerindəcə, yəni, meyvə bağlarında müştərilərə satırlar.
Cari ildə Şəmkirdə mövcud olan xurma bağlarından bu günə qədər 43546.8 ton meyvə yığılıb. İstehsal olunan məhsulların əhəmiyyətli hissəsi xarici bazarlara ixrac olunur ki, bu da ölkəyə valyuta daxilolmalarının artırılmasına müsbət təsir göstərir.
Qeyd edək ki, ötən il rayondakı xurma bağlarından təsərrüfat sahibləri 32461.6 ton meyvə toplamışdı.
Onu da qeyd edək ki, Şəmkir rayonunda aqrar sektorun mühüm sahələrindən olan meyvəçiliyə maraq ilbəil artır. Hazırda rayonda 5 min hektardan çox meyvə və giləmeyvə bağları mövcuddur.