Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirin mədəniyyət müəssisələrində Anım Günü ilə bağlı silsilə tədbirlər keçirilib

26 sentyabr 2026 | 13:52
27 Sentyabr – Anım Günü ilə əlaqədar Şəmkirdə rayon İcra Hakimiyyəti və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şəmkir rayon mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə silsilə tədbirlər keçirilib.
Şəmkir Heydər Əliyev Mərkəzində şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları ilə keçirilən görüşdən öncə Şəhidlər Xiyabanı ziyarət olunaraq şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Ziyarətdə Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəis vəzifəsini icra edən Səbuhi Xasməmmədov, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Abdullayeva, Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının sədri Zamir Güvəndiyev, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və müəssisə rəhbərləri iştirak ediblər.
Tədbirin rəsmi hissəsində çıxış edən Səbuhi Xasməmmədov 27 Sentyabr – Anım Gününün şəhidlərin xatirəsinə ehtiramın ifadəsi kimi xüsusi əhəmiyyət daşıdığını bildirib. Vətən müharibəsində Azərbaycan xalqının nümayiş etdirdiyi birlik və həmrəyliyin, Azərbaycan Ordusunun qəhrəmanlığının və fədakarlığının tarixi Qələbənin əldə olunmasında mühüm rol oynadığı qeyd edilib.
Aynur Abdullayeva çıxışında Vətən müharibəsinin xalqımızın milli həmrəyliyini və Vətən sevgisini nümayiş etdirən mühüm tarixi hadisə olduğunu vurğulayıb. Şəhid ailələrinə göstərilən diqqət və qayğının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğu, gənc nəslin şəhidlərin həyat və döyüş yolunu öyrənməsinin vacibliyi diqqətə çatdırılıb.
YAP Şəmkir rayon təşkilatının sədri Zamir Güvəndiyev isə Vətən uğrunda canından keçən şəhidlərin qəhrəmanlığının Azərbaycan xalqının yaddaşında daim yaşayacağını bildirib.
Anım Günü ilə bağlı Şəmkir Tarix-Diyarşünaslıq Muzeyində isə “Zəfərə aparan tarix” mövzusunda tədbir keçirilib.
Tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Muzeydə Şəmkir rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkil etdiyi şəhidlərə və vətənpərvərlik mövzusuna həsr olunmuş kitab sərgisinə baxış keçirilib. Sərgidə Vətən müharibəsinin qəhrəmanlıq salnaməsini, şəhidlərin həyat və döyüş yolunu əks etdirən müxtəlif nəşrlər nümayiş olunub.
Muzeyin direktoru Günel Rzayeva çıxış edərək Anım Gününün şəhidlərin xatirəsinin yad edilməsi və onların qəhrəmanlıq yolunun gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyətini qeyd edib.
Tədbirin bədii hissəsində Şəmkir şəhər Uşaq Musiqi Məktəbinin şagirdləri və Mədəniyyət Mərkəzinin ifaçıları tərəfindən Vətənə, şəhidlərə və tarixi Qələbəyə həsr olunmuş musiqi və şeir kompozisiyaları təqdim edilib.
Sonda Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən bəhs edən sənədli film nümayiş olunub.
Keçidlər