"Şəmkirin bugünkü yüksəliş yoluna çıxmasının təməlində iqtisadi sahədə qazanılan nailiyyətlər dayanır"
25 iyul 2023 | 13:01
Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev sakinlərimizi narahat edən problemləri yerindəcə öyrənmək məqsədilə hər həftə rayonun müxtəlif qəsəbə və kəndlərində səyyar görüşlər keçirir, vətəndaşların problemləri ilə yerində tanış olur.
Növbəti səyyar qəbul Mehirli kəndində keçirilib.
Qəbuldan öncə icra başçısı Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq Şəmkir rayonunda görülən geniş abadlıq-quruculuq işlərindən və həyata keçirilən irimiqyaslı sosial infrastruktur layihələr barədə sakinlərə ətraflı məlumat verib.
Rəşad Tağıyev bildirib ki, Şəmkir rayonu bu gün sürətli və geniş quruculuq yolundadır. Bunu son illərin sosial-iqtisadi inkişaf göstəriciləri, statistik rəqəmlər də təsdiqləyir. Hazırda regionlarımızın sosial-iqtisadi inkişafına dair qəbul olunmuş Dövlət Proqramları Şəmkir rayonunda da uğurla həyata keçirilməkdədir: “Bu gün Şəmkirdə əksər sahələrin fəaliyyətində böyük canlanma müşahidə olunmaqdadır. Abadlıq işləri, əhalinin sosial-məişət problemlərinin həlli, yeni təhsil və səhiyyə müəssisələrinin tikintisi və yolların rekonstruksiyası istiqamətində görülən işlər bunun bariz nümunəsidir. Rayonun bugünkü yeniləşmə və yüksəliş yoluna çıxmasının təməlində hər şeydən əvvəl iqtisadi sahədə qazanılan nailiyyətlər dayanır”.
Daha sonra vətəndaşların müraciətləri, istək və təklifləri dinlənilib, kəndin ümumi problemləri müzakirə olunub. Sakinlərimizin səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə müvafiq qaydada araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Sakinlərlə ümumi görüşdən sonra icra başçısı fərdi müraciət etmək istəyənləri qəbul edib.