Şəmkirdə “Zəkaların mübarizəsi” olimpiadasının regional mərhələsi təşkil olunub
Heydər Əliyev Fondu ilə Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində reallaşdırılan “Zəkaların mübarizəsi” olimpiadasının Qazax–Tovuz regionu üzrə regional mərhələsi keçirilib.
Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Rəşad Tağıyev, Qazax–Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov, Qazax–Tovuz Regional Mədəniyyət İdarəsi, Qazax–Tovuz Regional Gənclər və İdman İdarəsi rəhbərliyi, eləcə də yerli həmkarlar təşkilatının sədirləri iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
RİH başçısı Rəşad Tağıyev çıxışında yarış iştirakçılarına uğurlar arzulayaraq ölkəmizdə təhsilə göstərilən diqqət və qayğıdan danışıb.
İcra başçısı bildirib ki, sosial-iqtisadi həyatın müasirləşdirilməsində təhsilin rolu təkcə təhsilalanın qazandığı bilik və bacarıqların iqtisadi amilə çevrilməsi ilə məhdudlaşmır. Təhsil prosesində əldə olunan bilik və bacarıqlar, həmçinin etik-əxlaqi norma və dəyərlər hər bir təhsilalanın cəmiyyətin layiqli üzvü olması üçün lazımi şərait yaradır, onu biliyi və etik davranışı sayəsində örnək ola biləcək həmkara, nümunəvi ailə üzvünə və vətəndaşa çevirir.
Qazax–Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov isə çıxışında olimpiadanın məqsədləri barədə ətraflı məlumat verib, tədbirin istedadlı şagirdlərin aşkarlanması və onların gələcək inkişafına dəstək göstərilməsi baxımından mühüm əhəmiyyət daşıdığını söyləyib.
Tədbir ədəbi-bədii kompozisiyalarla davam edib.
Daha sonra komandalar riyaziyyat-məntiq, rəqəmsal texnologiyalar, təbiət, humanitar elmlər, mədəniyyət və incəsənət olmaqla sualları cavablandırıblar.
Gərgin mübarizə şəraitində keçən yarışın yekununda Gədəbəy komandası birinci yerə layiq görülüb.
Qalib komanda may ayında keçiriləcək final mərhələsində regionumuzu təmsil etmək hüququ qazanıb.






