Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə Zəfər Marafonu təşkil olundu.

07 noyabr 2023 | 14:50
Şəmkir rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr-Zəfər Gününə həsr olunmuş Zəfər Marafonu təşkil olundu.
Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərə həsr olunmuş tədbirdə rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların nümayəndələri, idmançılar, könüllülər iştirak etdilər.
Şəmkir RİH başçısı Rəşad Tağıyev yarış iştirakçılarını salamlayaraq bildirdi ki, Marafonun keçirilməsində məqsəd qələbə əhval-ruhiyyəsini yaşamaq, igid əsgərlərimiz və qəhrəman şəhidlərimizə hörmət və ehtiramı nümayiş etdirməkdir.
İcra başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqımıza bəxş etdiyi tarixi Zəfərin əhəmiyyətindən bəhs edərək Marafon iştirakçılarına uğurlar arzuladı: "Xalqımız bu tarixi Qələbəni öz müdrik rəhbərinin başçılığı ilə qazandı. Azərbaycanın 44 günlük Vətən müharibəsi zamanı tarixi torpaqlarımızın azad olunması , ölkəmizin ərazi bütövlüyünün və ədalətin bərpa edilməsi, heç şübhəsiz, xalqımızın çoxəsirlik dövlətçilik tarixinin ən şərəfli səhifələrindən biridir”.
Rəşad Tağıyev qeyd etdi ki, 30 illik münaqişəni 44 günə sona çatdıran bu qısa müharibə dünya hərb tarixinə də misli görünməmiş savaş kimi düşdü. Azərbaycan Ordusunun gücünü, Azərbaycan xalqının qüdrətini bəşəriyyətə sübut etdi. Ona görə 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaqdır. Bu ədalət savaşımızda şanlı Zəfəri Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında, şəhidlərimizin qanı-canı bahasına, qazilərimizin fədakarlığı sayəsində qazandıq. Bu gün yaşadığımız sevinci, qüruru biz onlara borcluyuq".
Daha sonra Zəfər Marafonuna start verildi. Marafonda 300 nəfərdən çox şəxs iştirak etdi. Yarış iştirakçıları Şəmkir şəhərində yerləşən Bayraq Meydanından Şəhidlər xiyabanınadək olan məsafəni qət etdilər.
Yarışda final xəttini ilk olaraq Turac Əliyev, ikinci Həsən Məmmədov keçdi. 3-cü yerin qalibi isə Əsəd Məmmədov oldu.
İlk üç yerin qalibləri RİH tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırıldı.
Qaliblərə mükafatları Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev təqdim etdi
Keçidlər