Şəmkirdə "Zəfər Marafonu" keçirilib
Şəmkirdə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “8 Noyabr-Zəfər Günü”nə həsr olunmuş "Zəfər Marafonu" keçirilib.
“Qarabağ Azərbaycandır”, “Zəfər Tariximiz”, “Bu Zəfəri bizə yaşadanlar üçün birləşək” şüarları altında keçirilən tədbirdə rayonda fəaliyyət göstərən idarə, müsəssisə və təşkilatların nümayəndələri, idmançılar, könüllülər iştirak ediblər.
Şəmkir RİH başçısı Rəşad Tağıyev yarış iştirakçılarını salamlayaraq bildirib ki, Marafonun keçirilməsində məqsəd qələbə əhval-ruhiyyəsini yaşamaq, igid əsgərlərimiz və qəhrəman şəhidlərimizə hörmət və ehtiramı nümayiş etdirməkdir.
İcra başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqımıza bəxş etdiyi tarixi Zəfərin əhəmiyyətindən bəhs edib, Marafon iştirakçılarına uğrular arzulayıb: "44 günlük Vətən müharibəsi tariximizin qızıl hərflərlə yazılan, qürur yaşadan səhifələridir. Bu ədalət savaşımızda şanlı Zəfəri Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında, şəhidlərimizin qanı-canı bahasına, qazilərimizin fədəkarlığı sayəsində qazandıq. Bu gün yaşadığımız sevinci, qüruru biz onlara borcluyuq".
Daha sonra marafona start verilib. Marafonda 300 nəfərdən çox şəxs iştirak edib. Yarış iştirakçıları Şəmkir şəhərində yerləşən Bayraq Meydanından Şəhidlər Xiyabanınadək olan məsafəni qət ediblər.
Yarışda finiş xəttini ilk olaraq N saylı Hərbi Hissənin hərbi qulluqçusu Sənan Qocayev, ikinci isə idmançı Fərhad Zamanov keçib. 3-cü yerin qalibi isə 11-ci sinif şagirdi Əli Əliyev olub.
İlk üç yerin qalibləri hədiyyələrlə mükafatlandırılıb.
Qaliblərə mükafatları Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev təqdim edib.