Şəmkirdə yeniyetmə və gənclər üçün maarifləndirici tədbir keçirilib
14 oktyabr 2022 | 11:19
Şəmkir rayonunda "Narkomaniyaya qarşı mübarizə", "Dini radikalizm və ekstremizmə qarşı mübarizə" və "Erkən nikah problemləri və ona qarşı mübarizə yolları" adlı tədbir keçirilib.
Tədbirdə narkomaniyanın bu gün bəşəriyyətin ən ciddi və ağrılı problemlərindən olduğu, xüsusilə yeniyetmə və gənclər üçün “ağ ölüm” adlandırılan bu bəlaya düçar olanlar daim mənəvi, tibbi, iqtisadi və sosial problemlər məngənəsində boğulduğu, narkomaniyanın acı nəticəsi təkcə ölkələrə vurulan maddi və mənəvi zərərlə yox, milyonlarla insanın məhvi ilə ölçüldüyü bildirilib.
Yeniyetmə və gənclərin iştirakı ilə keçirilən toplantıdakı məruzə və çıxışlarda ölkəmizdə bu bəlaya qarşı mübarizənin dövlət siyasəti səviyyəsinə qaldırıldığı vurğulanıb. Bu sahədə xalqımızın sosial problemlərini, əhalinin sağlamlığını, xüsusən gənclərin sağlam mühitdə böyümələrini diqqət mərkəzində saxlayan Ümummilli Lider Heydər Əliyevin 1996-cı il 26 avqust tarixli “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” Fərmanı, 1999-cu il 29 iyul tarixli “Narkotik vasitələrin və prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu, bu fərman və qanunun icrası üçün Dövlət Komissiyasının yaradılması və sair ölkəmizdə bu bəlaya qarşı ciddi və ardıcıl mübarizə aparıldığını göstərir.
"Dini radikalizm və ekstremizmə qarşı mübarizə" sahəsində aparılan təhlillərlə dini radikalizm və ekstremizmin əsas qurbanlarının əsasən yeniyetmə və gənclər olduğu müəyyən edilib. Bu fakt nəzərə alınaraq keçirilən maarifləndirmə tədbirlərinə gənclərin cəlb olunmasına xüsusi diqqət yetirilir. Həmçinin Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanlar qardaşlıq, dostluq və qarşılıqlı hörmət şəraitində yaşadıqları, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə riayət olunması, dini durumun sabitliyi və dini etiqad azadlığı sahəsində Konstitusiya prinsiplərinin qorunması bildirilərək, Milli və dini ayrı-seçkiliyə, Azərbaycana yad olan təriqətlərə qarşı maarifləndirmə işləri aparılır.
"Erkən nikah problemləri və ona qarşı mübarizə yolları" sahəsində bildirilmişdir ki, Azərbaycanda nikah yaşı 18-dir. Erkən evliliyə həm qızlar, həm də oğlanlar cəlb edilir. Qızlar daha çox erkən evliliyə cəlb olunur. Erkən evlilikdə valideynlərin rolu böyükdür. Onlar övladlarının gələcəyini düşünmür, elə hesab edirlər ki, ailə qurmaqla işlərini tamamlamış olurlar. Sonradan isə əksəriyyəti acı nəticələrlə qarşılaşır. Erkən evliliyə təhrik olunanlar çox ciddi sağlamlıq problemlərinə məruz qalır. Hətta bəzən ana və körpə ölümünə səbəb olur. Çünki bu yaşda olan qızlar nə psixoloji, nə də fizioloji cəhətdən ana olmağa hazır deyillər. Ümumiyyətlə erkən qurulan ailələrdə nikahın pozulması, xəstə uşaqların dünyaya gətirilməsi, məişət zorakılığı, fiziki-psixoloji çətinliklər kimi hallar daha çox müşahidə olunur.
Sözügedən problemlərə qarşı mübarizə sahəsində vətəndaşlar dövlət orqanları ilə birlikdə fəal iştirak etməli, bu sahədə ictimai nəzarətin formalaşdırılmasına öz töhfələrini verməli olduqları bildirilərək, rayonda həyata keçirilən tədbirlərdən, aparılan təbliğat işlərindən də ətraflı danışılıb.
Görüşdə yeniyetmə və gəncləri maraqlandıran suallar cavablandırılıb.