Şəmkirdə Yeni Azərbaycan Partiyasının yaradılmasının 33 illiyinə həsr olunan tədbir keçirilib
Şəmkir Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Rəşad Tağıyev, şəhid ailələri və təşkilat rəhbərləri əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini və Şəhidlər Memorial Abidə Kompleksini ziyarət edib, önünə gül dəstləri düzüblər.
YAP Şəmkir rayon təşkilatının inzibati banısanda keçirilən tədbirin rəsmi hissəsində Dövlət Himnimiz səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
RİH başçısı Rəşad Tağıyev çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır: “Düz 33 il bundan öncə Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər”.
İcra başçısı qeyd edib ki, Ulu Öndər Heydər Əliyev rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasını qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevirdi, inkişaf etdirdi və özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi: “Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir. Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir”.
Ulu Öndər Heydər Əliyevin siyasi xəttini dövlətimizin başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğulayan Rəşad Tağıyev qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı dünyada misli görünməmiş tarixi, siyasi və hərbi zəfərə imza atdı. Ordumuzun şücaəti, rəşadəti, qətiyyəti və peşəkarlığı, xalqımızın birliyi və həmrəyliyi sayəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad edildi.
Tədbirdə çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev partiyanın yaranma tarixindən, keçdiyi şərəfli yoldan, gələcək hədəflərindən danışıb. Vurğulayıb ki, YAP tarixdə çox nadir siyasi təşkilatlardan biri hesab oluna bilər ki, yarandıqdan 6 ay sonra iqtidar partiyasına çevrilib. Bu hadisənin özü xalqın Ümummilli Lider Heydər Əliyevə inam və etimadını ifadə edən mühüm faktdır. 33 illik zəngin və şərəfli inkişaf yolu keçən YAP ötən müddət ərzində ümumxalq partiyasına çevrilərək möhtəşəm nailiyyətlər əldə edib.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına Fəxri Fərmanlar təqdim edilib.






