Şəmkirdə YAP-ın təsis edilməsinin 30-cu ildönümü münasibətilə tədbir keçirilib
02 noyabr 2022 | 09:52
Noyabrın 1-də Şəmkir Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30-cu ildönümü münasibətilə tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla anıblar.
Sonra rayon Şəhidlər xiyabanı ziyarət olunub, şəhidlərin məzarları önünə gül dəstələri düzülüb.
Tədbir Dövlət Himninin səsləndirməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev YAP-ın yarandığı mürəkkəb tarixi-siyasi şəraitdən, keçdiyi çətin və şərəfli mübarizə yolundan, ulu öndər Heydər Əliyevin xalqın və dövlətin qarşısında göstərdiyi böyük xidmətlərdən danışıb.
İcra başçısı bildirib ki, bu gün sürətlə inkişaf edən müstəqil dövlətimizi uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının Sədri, Prezident cənab İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərir.
YAP Rayon rayon təşkilatının sədri Fəxrəddin Vəliyev çıxışında bildirib ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən ötən 30 il ərzində zəngin siyasi yol keçərək, müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsində və inkişafında böyük tarixi rol oynayıb: “Ümummilli lider Heydər Əliyevin zəngin irsi əsasında və Prezident, partiyamızın Sədri İlham Əliyevin rəhbərliyi altında dövlətimizin qüdrəti, beynəlxalq nüfuzu daha da artacaq.”
Milli Məclisin deputatı Kamran Bayramov çıxışında qeyd edib ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası bu gün yeni-yeni nailiyyətlərə imza atıb. YAP sadəcə ötən 30 ildə ölkəmizin uğurlu inkişafının aparıcı qüvvəsi deyil, həm də gələcək zəfərlərin zaminidir.
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvləri Millət vəkili Pərvin Kərimzadə və Ali Neft Məktəbinin rektoru Elmar Qasımov çıxışlarında ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının qarşısında göstərdiyi böyük xidmətlərdən danışıblar.
Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalı fəxri fərmanla təltif edilib. YAP sıralarına yeni qoşulmuş gənclərə üzvlük vəsiqələri medalları təqdim edilib.