Şəmkirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Fevralın 26-da Ermənistanın Azərbaycana hərbi təcavüzü və ərazilərimizin işğalı dövründə azərbaycanlı mülki əhaliyə qarşı törədilmiş Xocalı soyqırımından 32 il ötür.
Ölkəmizin hər yerində olduğu kimi Şəmkir rayonunda da Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.
Anım tədbirində Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, RİH-in rəhbər heyəti və əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.
Əvvəlcə Şəmkir Şəhidlər Xiyabanında yerləşən Soyqırım Abidəsi və Şəhidlər Memorial Abidə Kompleksi ziyarət olunub, önünə tər çiçəklər düzülüb.
Daha sonra insanlıq əleyhinə ən böyük cinayətlərdən olan Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib.
Şəmkir RİH başçısı Rəşad Tağıyev çıxış edərək bildirib ki, Xocalı şəhəri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının yardımı ilə Ermənistan silahlı qüvvələri tərəfindən kütləvi artilleriyadan atəşə tutularaq işğal edildi və həmin gün tarixin ən dəhşətli qətliamlardan biri xocalılara qarşı törədildi.
İcra başçısı qeyd edib ki, bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra açıqlandı və Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verdi.
2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev isə Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı və bu gün Xocalı şəhidlərinin ruhları şaddır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsi, eləcə də uğurlu antiterror tədbirləri nəticəsində respublikamızın ərazi bütövlüyü və suverenliyi tam təmin olundu. Xocalı şəhəri separatçılardan təmizləndi və bu gün bütöv Azərbaycanın hər bir ərazisində şanlı bayrağımız dalğalanır.
Tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş filmə baxış keçirilib, məktəblilərin ifasında kompozisiyalar təqdim olunub.