Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş anım tədbirləri keçirilir

26 fevral 2026 | 09:59

Ermənistanın Azərbaycana hərbi təcavüzü və ərazilərimizin işğalı dövründə azərbaycanlı mülki əhaliyə qarşı törədilmiş Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə Şəmkir rayonunda silsilə tədbirlər keçirilir.
Şəmkir Rayon İcra Hakimiyyəti, YAP Şəmkir rayon təşkilatı və Şəmkir təhsil sektorunun birgə təşkilatçılığı ilə Məhəmməd Füzuli adına məktəb-liseydə keçirilən anım tədbirində çıxış edənlər bildirib ki, Xocalı şəhəri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının yardımı ilə Ermənistan silahlı qüvvələri tərəfindən kütləvi artilleriyadan atəşə tutularaq işğal edildi və həmin gün tarixin ən dəhşətli qətliamlardan biri xocalılara qarşı törədildi.
Qeyd olundu ki, bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra açıqlandı və Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verdi.
Xüsusilə vurğulandı ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsi, eləcə də uğurlu antiterror tədbirləri nəticəsində respublikamızın ərazi bütövlüyü və suverenliyi tam təmin olundu. Xocalı şəhəri separatçılardan təmizləndi və bu gün bütöv Azərbaycanın hər bir ərazisində şanlı bayrağımız dalğalanır və həmin ərazilərə aparılan abadlıq-quruculuq işləri ilə yeni həyat qaytarılır.
Tədbirdə şagirdlər Xocalı faciəsinə həsr edilən şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.
Onu da qeyd edək ki, tarixin ən böyük faciələrindən olan Xocalı soyqırımın 34-cü ildönümü münasibətilə Şəmkir rayonunda keçirilən silsilə tədbirlər çərçivəsində təhsil müəssisələrində xüsusi dərslər keçirilir, tədbirlər təşkil olunur, faciə qurbanlarının xatirəsinə məscidlərdə təşkil olunan mərasimlərdə dualar oxunur.

Keçidlər