Şəmkirdə vətəndaşlara ödənişsiz hüquqi yardım aksiyası keçirilib
25 iyun 2025 | 17:45
Şəmkir rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Milli Məclisin sədri, 102 saylı Şəmkir şəhər seçki dairəsindən deputat Sahibə Qafarovanın təşəbbüsü ilə vətəndaşlara hüquqi yardım aksiyası keçirilib. Aksiya çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri tərəfindən rayon sakinlərinə ödənişsiz hüquqi yardımın göstərilib.
Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Süleyman Zeynallı aksiyanın açılış tədbirində çıxış edərək, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar və onların uğurlu nəticələri barədə danışıb.
Daha sonra aksiya barədə məlumat verilərək bildirilib ki, Azərbaycan müasir, demokratik, hüquqi dövlət kimi, fundamental hüquq və azadlıqların səmərəli müdafiəsinin təmin olunmasını özünün əsas prioriteti elan edib. Bu istiqamətdə möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkəmizdə hüquq sisteminin modernləşməsini və inkişafını təmin edib. Azərbaycan dövləti hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verir.
Bununla belə, seçici müraciətlərində qaldırılan bir sıra məsələləri araşdıranda məlum olur ki, bu problemlər daha çox vətəndaşın həmin məsələ ilə bağlı lazımi məlumata malik olmamasından irəli gəlir. Xüsusilə, hüquqi məsələlərlə əlaqədar olan müraciətlərin bir çoxunda bu tendensiya müşahidə olunur. Seçicilərə hüquqi yardım göstərilməsi ilə bağlı tədbirlərin keçirilməsinin bu məsələlərin həllinə dəstək olacağını bildirib.
Tədbirdə çıxış edən Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov bu kimi aksiyaların keçirilməsinin əhəmiyyətini qeyd edərək, tədbirin təşkilinə görə Milli Məclisin sədrinə minnətdarlığını bildirib.
A.Bağırov qeyd edib ki, bu cür ödənişsiz hüquqi yardımın həyata keçirilməsində Vəkillər Kollegiyasının üzvləri fəal iştirak edirlər. Bu aksiyada da Kollegiyanın üzvləri, təcrübəli hüquqşünaslar seçicilərin suallarını cavablandıracaq, onlara hüquqi yardım göstərəcəklər.
Aksiya zamanı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri fərdi qaydada hər bir seçicinin müraciətini dinləyərək, onlara hüquqi yardım göstəriblər.