Şəmkirdə “Vətən müharibəsi qəhrəmanları ilə bir gün” mövzusunda məktəblilərlə Vətən müharibəsi qazilərinin görüşü keçirilib.
05 noyabr 2026 | 15:52
Tədbirin keçirilməsində əsas məqsəd gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, Vətən müharibəsində qazanılmış tarixi Zəfərin əhəmiyyətinin şagirdlərə çatdırılması, eləcə də qəhrəmanlıq və fədakarlıq nümunələrinin gənclər arasında təbliğ edilməsi olub.
Görüşdə Vətən müharibəsi qaziləri keçdikləri döyüş yolu, ön cəbhədə yaşadıqları çətinliklər, Azərbaycan Ordusunun şücaəti və xalqımızın həmrəyliyi barədə məktəblilərlə fikirlərini bölüşüblər.
Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Qələbə Azərbaycan xalqının birliyinin, dövlətimizin qətiyyətli siyasətinin və rəşadətli ordumuzun gücünün təntənəsi olub.
Şagirdlər qazilərin həyat hekayələrini maraqla dinləyib, onları maraqlandıran sualları ünvanlayıblar. Qazilər isə gənclərə yaxşı təhsil almağı, milli-mənəvi dəyərlərə bağlı olmağı, Vətənə layiqli vətəndaş kimi yetişməyi tövsiyə ediblər.
Səmimi söhbət şəraitində keçən görüş məktəblilərdə böyük maraq doğurub.






