Şəmkirdə Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı tədbir keçirilib
Tədbirlərdə rayon icra hakimiyyətlərinin rəhbər şəxsləri, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların mülki müdafiə işinə məsul əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəmkir RİH başçısının birinci müavini Süleyman Zeynallı çıxış edərək Ümumdünya Mülki Müdafiə Gününün tarixindən danışıb. Bildirib ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatının müvafiq qərarı ilə hər il martın 1-i bütün dünyada kütləvi humanitar tədbir kimi qeyd olunur.
İcra başçısının birinci müavini Ulu Öndər Heydər Əliyev tərəfindən ölkədə mülki müdafiə işininin etibarlı şəkildə təşkili istiqamətində atılan addımların əhəmiyyətindən danışıb, bu sahənin daim diqqətdə saxlandığı vurğulayıb. Qeyd edib ki, Ümummilli Liderin mütərəqqi siyasətini uğurla davam etdirən ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən əhalinin mühafizəsinin etirbarlı təşkili, fövqəladə hallarla bağlı vətəndaşların hazırlığının yüksək səviyyədə təmin edilməsi məsələləri mülki müdafiə qurumları qarşısında əsas vəzifə kimi qoyulub.
S.Zeynallı bildirib ki, Şəmkir Rayon İcra Hakimiyyəti başçısı yanında yaradılan Fövqəladə Hallar Komissiyası da bu istiqamətdə üzərinə düşən vəzifələrin icrasını intensiv və sistemli şəkildə həyata keçirir, rayonda mülki müdafiə işinin təşkilinin yüksək səviyyədə təmin edilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirir.
Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin mülki müdafiə idarəsinin rəisi Bəhayi Nəsirov da çıxışında tədbirin məqsədi, mülki müdafiənin inkişaf istiqamətləri, bu sahədə tətbiq olunan innovativ texnologiyalar barədə məlumat verib.
Bildirib ki, belə tədbirlərin keçirilməsində əsas məqsəd əhalinin diqqətini fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, fərdi mühafizə vasitələrindən istifadə, kollektiv mühafizə qurğularında daldalanmaq qaydalarını nəzəri və əməli cəhətdən öyrətməkdir.
Digər natiqlər də çıxışlarında mülki müdafiə sisteminin əhəmiyyəti, təhlükəsizlik xidmətləri kompleksində rolu, təbii fəlakətlərin, istehsalat qəzalarının və digər bədbəxt hadisələrin qarşısının alınması ilə bağlı məlumatlar veriblər.
Toplantıda, həmçinin fövqəladə hallar zamanı davranış, ilk tibbi yardımın göstərilməsi, mülki müdafiənin mühafizə vasitələrindən istifadə qaydaları izah edilib, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, kimyəvi kəşfiyyatın təşkili ilə bağlı görülməli olan işlər haqqında ətraflı məlumatlar verilib, eyni zamanda qəza-xilasetmə və digər təxirəsalınmaz işlər zamanı tətbiq olunan texnika və avadanlıqların funksiyalarından danışılıb.
Tədbirlərdə, həmçinin bu sahədə fəaliyyət istiqamətləri haqqında videoçarx nümayiş olunub, suallar cavablandırılıb.






