Şəmkirdə “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” adlı tədbir keçirilib
26 may 2023 | 16:42
Şəmkirdə rayon İcra Hakimiyyəti və Şəmkir Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” adlı tədbir keçirilib.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, rayonda fəaliyyət göstərən dövlət qurumlarının nümayəndələri əvvəlcə Ümummilli liderin Şəmkir Heydər Əliyev Mərkəzində yerləşən abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbirin rəsmi hissəsisində Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəmkir RİH başçısı Rəşad Tağıyev çıxış edərək bildirib ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı: “Heydər Əliyev şəxsiyyəti bugünkü Azərbaycanın uğurlu inkişafının təməlində dayanan bir amildir. Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir”.
İcra başçısı bildirib ki, Ulu Öndər Heydər Əliyev bütün varlığı, bilik və bacarığı ilə xalqına, torpağına bağlı dahi şəxsiyyət idi. Onun sayəsində Azərbaycan parçalanmaqdan, dövlət kimi yox olmaq təhlükəsindən xilas oldu. Güclü və qüdrətli Azərbaycanın gələcək nailiyyətləri məhz Ulu Öndərin adı ilə bağlıdır. Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü siyasət bizi daha da qüdrətli və yenilməz bir dövlətə çevirir.
Tədbirdə çıxış edən YAP Şəmkir Rayon Təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir Regional Mədəniyyət idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Nürəddin Mehdiyev də çıxışlarında Azərbaycanın müstəqilliyinin bərpa edilməsindən sonra ölkəmizdə dövlətçilik ənənələrinin formalaşdırılması istiqamətində Ulu Öndər Heydər Əliyev tərəfindən həyata keçirilən mühüm işlərdən, xalqımız qarşısında xidmətlərindən danışıblar.
Bildirilib ki, zaman keçdikcə Ümummilli Lider Heydər Əliyevin şəxsiyyəti daha möhtəşəm görünür, tarix inamla onun dövlətçilik ideallarını və azərbaycançılıq nəzəriyyəsini bir daha təsdiq edir.
Tədbirin sonunda yerli mədəniyyət işçiləri tərəfindən Ulu öndər Heydər Əliyevin sevdiyi musiqilər səsləndirilib, məktəblilərin ifasında şeirlər təqdim olunub.