Şəmkirdə taxıl tədarükü ilə bağlı seminar-müşavirə keçirilib
23 may 2022 | 09:31
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Bu çərçivədə, DYNX dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın hadisələrinin qarşısının alınması, eləcə də meşələrin yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə Şəmkir rayonunda seminar-müşavirə keçirib.
Tədbirlərdə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Süleyman Zeynallı, FHN-in Şəmkir Dövlət Yanğından Mühafizə hissəsinin və Dövlət Aqrar İnkişaf mərkəzinin, Meşə mühafizəsi və bərpası müəssisəsinin, "Aqrolizinq" ASCnin, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları, nümayəndə və bələdiyyə sədrləri, fermer təsərrüfatı sahibləri iştirak ediblər.
Seminar-müşavirələrdə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə, eləcə də meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyinin təmin edilməsi, həmçinin rayonların ərazisində açıq sahələrdə yanğın təhlükəsi yaradan quru ot, kol-kos, məişət tullantılarının vaxtında təmizlənməsi istiqamətində aidiyyəti təşkilatlar qarşısında məsələlər qaldırılıb və yanğın təhlükəsizliyi ilə bağlı qaydalar izah olunub.
Tədbirlərdə mövzu ilə bağlı geniş müzakirələr aparılıb, zəruri tövsiyələr verilib, suallar cavablandırılıb.