Şəmkirdə "Şuşa İli"nə həsr olunmuş tədbir keçirildi, festivalın qalibləri mükafatlandırıldı
Şəmkir Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə Dövlət Himni səsləndirildikdən sonra Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə iştirak edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev çıxış edərək bildirib ki, Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. “Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynayıb”.
İcra başçısı bildirib ki, Prezident cənab İlham Əliyevin məhz zəfər və quruculuq ili olan 2021-ci ilin ardınca 2022-ci ilin "Şuşa İli" elan edilməsi haqqında Sərəncamı bir daha dövlət başçısının qətiyyətinin və uzaqgörənliyinin nəticəsidir: “Belə bir Sərəncam, əslində, Azərbaycanın tarixən mədəniyyət paytaxtı olan Şuşanın beynəlxalq aləmdə tanıdılması baxımından çox önəmlidir. Prezidentimiz cənab İlham Əliyevin 2022-ci ili "Şuşa İli" elan etməsi ölkə vətəndaşlarının ürəyincə oldu.
Prezidentin bu qərarı tarixi, siyasi və mənəvi baxımdan mühüm əhəmiyyətə malikdir və bir neçə strateji hədəfə çatmağa hesablanıb. İlk növbədə məqsəd Qarabağın tarixini dünya ictimaiyyətinə yeni çalarlarla çatdırmaqdır”.
İcra başçısı bildirib ki, 2022-ci ilin "Şuşa İli" olması o deməkdir ki, il ərzində əsas diqqət və resurslar ölkəmizin mədəniyyət paytaxtı olan Şuşanın bərpasına və yenidən qurulmasına yönəldiləcək: “Bir sözlə, Müzəffər Ali Baş Komandanımızın 2022-ci ilin "Şuşa İli" elan edilməsi haqqında Sərəncamı İkinci Qarabağ müharibəsində əldə etdiyimiz tarixi Qələbəni iqtisadi, siyasi və diplomatiya müstəvisində daha da möhkəmləndirməyə xidmət edir”.
Digər çıxış edənlər də erməni vandallarının işğalı altında olduğu dövrdə Şuşada yüzlərlə tarixi və mədəniyyət abidələrinin dağıdıldığını, Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Şuşa şəhərini işğaldan azad etdiyi və tariximizə Zəfər Günü kimi yazılan 2020-ci il noyabrın 8-dən sonra xalqımızın mədəni həyatında müstəsna yeri olan şəhərin yeni həyatının başladığını və aparılan tikinti-quruculuq işlərindən bəhs ediblər.
Daha sonra Şəmkir Regional Mədəniyyət İdarəsi tərəfindən tədbir haqqında qonaqlara məlumat verilib.
Bildirilib ki, Şuşa şəhəri tarixən Azərbaycanın mədəni həyatının mühüm mərkəzlərindən biri, ölkəmizin mədəniyyət beşiyi, Qafqazın konservatoriyası olmuşdur.
Bütün bunları nəzərə alaraq regionda musiqi təhsilinin inkişaf etdirilməsi, gənc nəsilin milli ruhda yetişməsi, onlara yüksək vətənpərvərlik hisslərinin aşılanması, milli musiqi ənənələrininin qorunub saxlanılaraq şagirdlərə ötürülməsi, istedadlı uşaqların aşkara çıxarılması onların dəstəklənməsi və yaradıcılıq potensialının yüksəldilməsi məqsədi ilə Şəmkir Regional Mədəniyyət İdarəsi tərəfindən 2022-ci ilin mart ayının 11 də xalq çalğı alətləri ifaçıları, xanəndəlik, fortepiano ixtisasları və xor kollektivləri arasında Şuşa Musiqi Festivalının II tur mərhələsi keçirildi.
Şəmkir şəhər Heydər Əliyev Mərkəzində keçirilən II turda Şəmkir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən 8 Uşaq musiqi, incəsənət və aşıq məktəblərindən 9 ixtisas üzrə 32 nəfər şagird uğurla çıxış etdi.
Tədbirdə Şəmkir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət işçilərinin və şagirdlərin ifasında musiqili ədəbi-bədii kompozisiyalar təqdim edilib.
Sonda isə Şuşa Musiqi Festivalının qalibləri mükafatlandırılıb.