Şəmkirdə Su Təsərrüfatı və Meliorasiya İşçilərinin Peşə Bayramı qeyd olunub.
05 iyun 2026 | 18:22
Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Süleyman Zeynallının da iştirak etdiyi tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə tər gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbirdə çıxış edən icra başçısının birinci müavini su təsərrüfatı və meliorasiya sahəsində çalışan əməkdaşları peşə bayramları münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O, ölkəmizdə su təsərrüfatı və meliorasiya sahəsinə göstərilən dövlət qayğısından, bu istiqamətdə həyata keçirilən mühüm layihələrdən, su ehtiyatlarından səmərəli istifadənin əhəmiyyətindən, eləcə də rayon ərazisində suvarma sistemlərinin təkmilləşdirilməsi məqsədilə görülən işlərdən bəhs edib.
Su təsərrüfatı və meliorasiya işçiləri də öz növbəsində çıxışlarında bildirib ki, əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması, əkin sahələrinin suvarma suyu ilə fasiləsiz təmin edilməsi, mövcud meliorasiya və su təchizatı sistemlərinin qorunub saxlanılması istiqamətində qarşıya qoyulan vəzifələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün bundan sonra da bütün imkan və bacarıqlarını səfərbər edəcəklər.






