Şəmkirdə su ehtiyatlarından səmərəli istifadəyə dair tədbirlər davam etdirilir
Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2025-ci il tarixli, 320 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq Şəmkir rayonu ərazisində məqsədəmüvafiq işlər aparılır. Məlum olduğu kimi, son illər yağıntıların kəskin azalması və bəzi iri təsərrüfatlarda hələ də qeyri-intensiv suvarmanın tətbiq edilməsi suvarma suyunda müəyyən çatışmazlıqların yaranmasına gətirib çıxarır. Bunun qarşısının alınması, sudan səmərəli və qənaətli istifadə olunmasına nail olunması məqsədilə rayon ərazisində mütəmadi tədbirlər həyata keçirilir. Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev kütləvi görüşləri ilə yanaşı hər həftə təşkil olunan səyyar qəbullarında bu barədə vətəndaşlara tövsiyələrini çatdırır və suvarmada müasir suvarma texnologiyalarından istifadənin vacibliyini qeyd edir.
19 may 2025-ci il tarixində Şəmkir Rayon İcra Hakimiyyəti başçısının tapşırığına əsasən şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklər ərazilərində fəaliyyət göstərən iri fermerlərlə görüşmüş və qarşıdan gələn yay aylarında sudan səmərəli və qənaətli istifadə olunmasına nail olunması məqsədilə müasir suvarma texnologiyalarından istifadənin vacibliyinə dair onları maarifləndirmişdir.
Görülən tədbirlərin və keçirilən görüşlərin nəticəsi olaraq ötən il rəsmi bəyan edilmiş əkinlərdə 1933.38 hektar pivot suvarma sistemlərindən, 2682.54 hektar bağlar və 228.43 hektar digər bitkilər olmaqla damlama üsulundan, 181.69 hektar isə yağış yağdırma üsulundan istifadə edilməklə ümumi 5026 hektarda müasir suvarma texnologiyalarından istifadə edilməklə əkinlər suvarılmışdır






