Şəmkirdə su ehtiyatlarından səmərəli istifadə mövzusunda təbdir keçirilib
18 aprel 2025 | 10:53
Şəmkirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, rayon İcra Hakimiyyətinin dəstəyi ilə su ehtiyatlarından səmərəli istifadə mövzusunda maarifləndirici tədbir keçirilib.
Şəmkir RİH başçısının İƏD üzrə nümayəndələrinin, bələdiyyələrin, Sudan İstifadə Edənlər Birliklərinin, sahibkarların iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan RİH başçısının müavini Rüfət Sahibsoy qeyd edib ki, qlobal iqlim dəyişmələri və iqtisadiyyatın inkişafı fonunda su resurslarının səmərəli idarə olunması sahəsində yeni çağırışlar formalaşıb.
Belə ki, bu istiqamətdə təkcə su ehtiyatlarından qənaətlə istifadə deyil, eyni zamanda alternativ su mənbələrinin yaradılması da mühüm əhəmiyyətə malikdir. Şəmkirin kənd təsərrüfatı məhsullarının həcminə görə respublikada lider olduğunu qeyd edən RİH başçısının müavini bu sahədə yeni suvarma texnologiyalarının tətbiqinin sudan qənaətlə istifadə olunması baxımından vacib olduğunu vurğulayıb.
Daha sonra çıxış edən ETSN-nin sektor müdiri Mikayıl Cabbarov, həmçinin Dövlət Su Ehtiyaları Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyinin məsul şəxsləri cənab Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş “Su ehtiyatlarından istifadəyə dair Milli Strategiya” haqqında geniş məlumat veriblər, müəyyənləşdirilimiş vəzifələrdən bəhs ediblər. Milli Strategiyanın icrası nəticəsində su resurslarının idarə olunmasının yeni mexanizminin yaradılacağı, resurslarının qiymətləndirilməsi, inteqrasiyalı idarə olunması sayəsində itkilərin minimuma endiriləcəyi, yeni texnologiyaların tətbiqi hesabına alternativ su mənbələrinin yaradılacağı qeyd olunub.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallara cavab verilib.