Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə soyuducu anbarların fəaliyyəti və inkişaf imkanları nəzərdən keçirilib.

26 oktyabr 2026 | 11:09
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev rayon ərazisində fəaliyyət göstərən soyuducu anbarlara baxış keçirib, onların mövcud vəziyyəti, saxlama imkanları və fəaliyyətinin genişləndirilməsi perspektivləri ilə maraqlanıb. Sahibkarlarla görüşlərdə bu sahənin inkişafı və mövcud imkanlardan səmərəli istifadə məsələləri müzakirə olunub.
Bildirilib ki, soyuducu anbarlar kənd təsərrüfatı məhsullarının keyfiyyətinin qorunması, itkilərin azaldılması və satış müddətinin uzadılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu infrastruktur fermerlərə məhsullarını bazar tələbatına uyğun vaxtda satışa çıxarmağa, qiymət dəyişikliklərinin mənfi təsirlərini azaltmağa və gəlirlərini artırmağa imkan verir. Eyni zamanda, müasir saxlama şəraiti yerli məhsulların ixrac imkanlarının genişlənməsinə və rəqabətqabiliyyətinin yüksəlməsinə şərait yaradır.
Baxış zamanı sahibkarlara 2026–2030-cu illər üçün kənd təsərrüfatı və balıqçılığın inkişafına dair Dövlət Proqramı çərçivəsində nəzərdə tutulan tədbirlər və mövcud dövlət dəstəyi mexanizmləri barədə məlumat verilib. Məhsulların saxlanması və satış infrastrukturunun təkmilləşdirilməsi, müasir texnologiyaların tətbiqi və ixrac potensialının artırılması imkanlarından yararlanmağın vacibliyi vurğulanıb.
Qeyd olunub ki, soyuducu anbar təsərrüfatlarının inkişafı yeni iş yerlərinin yaradılmasına və rayonun aqrar iqtisadiyyatının gücləndirilməsinə də töhfə verir. Bu baxımdan sahibkarların təşəbbüslərinin dəstəklənməsi və istehsalçılarla satış bazarları arasında əlaqələrin möhkəmləndirilməsi əhəmiyyətlidir.
Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən fermerlərlə mütəmadi görüşlərin keçirilməsi, onların təklif və müraciətlərinin dinlənilməsi, qarşılaşdıqları çətinliklərin öyrənilməsi və həlli istiqamətində tədbirlərin görülməsi diqqətdə saxlanılır.
Keçidlər