Şəmkirdə Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirildi
26 iyun 2025 | 11:21
Şəmkir rayonunda yerləşən N saylı hərbi hissədə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 26 iyun-Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə tədbir keçirildi.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbi hissənin əsgər və zabitlərinin iştirak etdiyi tədbirdən öncə Ümummili lider Heydər Əliyevin N saylı hərbi hissənin qərargahı qarşısında ucaldılan abidəsi ziyarət olundu, Ulu Öndərin xatirəsi ehtiramla yad edildi.
Tədbirdə çıxış edən Rəşad Tağıyev bildirdi ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı: “Məhz elə buna görə də deyə bilərik ki, silahlı qüvvələrimizin inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verdi, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı”.
İcra başçısı qeyd etdi ki, Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı: “Bütün bu məqsədyönlü tədbirlər nəticəsinzə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz 2020-ci il 27 sentyabrda əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində Qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Döyüşlərdə bir addım da geri çəkilməyən Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq, 44 gün ərzində - noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi. 2023-cü ildə Antiterror tədbirləri çərçivəsində isə Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbənin şahidi oldu”.
General-mayor Bilal Çompuzov da çıxışında bildirdi ki, 1993-cü ildə Heydər Əliyevin xilaskarlıq missiyası ilə Azərbaycan hakimiyyətinə yenidən qətiyyətli qayıdışından sonra həyata keçirilmiş digər islahatlarla yanaşı, milli ordu quruculuğu da keyfiyyətcə yeni mərhələyə qədəm qoydu, qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdırıldı. Azərbaycan Ordusu müasir silah, sursat və hərbi texnikalarla təchiz edildi. Möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradıldı.
Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev də çıxşında Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatının daim ön planda saxlanıldığını və bu gün ordumuz dünyanın ən böyük orduları sıralarında olduğunu vurğuladı.
Çıxış edən digər natiqlər də Azərbaycan Silahlı qüvvələrinin bugünki gücündən, qüdrətindən danışdı, ordumuzla qürur duyduqlarını bildiriblər.
Tədbirdə Şəmkir Mədəniyyət Sektorunun bədii kollektivi tərəfindən hərbçilər üçün musiqilər səsləndirilib, bayram günü qeyd olunub.