Şəmkirdə şəhid övladları üçün bayram tədbiri keçirilib
03 iyun 2024 | 14:47
İyunun 1-də Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin övladları üçün bayram şənliyi təşkil edilib.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev əvvəlcə bütün şəhid övladlarını bayram münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb.
İcra başçısı bildirib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan uşaq-gənclər siyasəti ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir, uşaqlara hərtərəfli qayğı göstərilir. Eyni zamanda, şəhidlərimizin ailə üzvləri və onların yadigarları dövlətin hər cür diqqət və qayğısı ilə əhatə olunub. Bu gün baş tutan tədbir şəhidlərimizin əziz xatirəsinə olan dərin hörmət və ehtiramımızın kiçik bir təzahürüdür.
Şənlikdə şəhid övladları üçün maraqlı səhnəciklər, oyunlar, müsabiqələr təşkil olunub, şəhid övladları klounların, nağıl qəhrəmanlarının çıxışlarını maraqla izləyiblər.
Şəhid ailələri uşaqların könlünü oxşayan belə bir tədbirin təşkil olunduğuna görə ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sonda şəhid övladları ilə xatirə fotoları çəkilib.