Şəmkirdə şəhid övladları üçün bayram tədbiri keçirildi
31 dekabr 2024 | 11:30
Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanların övladları üçün 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir keçirildi.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyevin də iştirak etdiyi tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların və 25 dekabr tarixində təyyarə qəzasında həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edən Rəşad Tağıyev şəhid əmanətlərini bayram münasibətilə təbrik edərək 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi gününün tarixindən və əhəmiyyətindən danışdı. Bildirdi ki, bu tarix xalqımızın birlik günüdür.
İcra başçısı qeyd etdi ki, bu gün baş tutan tədbir şəhidlərimizin əziz xatirəsinə olan dərin hörmət və ehtiramımızın kiçik bir təzahürüdür. Tədbirin keçirilməsində əsas məqsəd uşaların psixoloji inkişafına dəstək olmaq, onları Həmrəylik günündə yalnız buraxmamaqdır.
Sonda Şəmkir RİH tərəfindən şəhid övladlarına bayram hədiyyələri verildi, xatirə fotoları çəkildi.