Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində tikinti və şəhərsalma proseslərində qanun pozuntularına qarşı mübarizə mövzusunda tədbir keçirildi

21 may 2026 | 16:10
Şəmkir Rayon İcra Hakimiyyətinin (RİH) təşkilatçılığı ilə Şəmkir Rayon Prokurorluğunun, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının, inzibati ərazi dairələri üzrə nümayəndələrin və bələdiyyə sədrlərinin iştirakı ilə tədbir keçirildi.
Tədbirdə Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar olaraq Şəmkir rayonu ərazisində tikinti və şəhərsalma proseslərində qanun pozuntularına qarşı birgə mübarizə tədbirləri müzakirə edildi. Bununla yanaşı, şəhərsalma və tikinti fəaliyyəti sahəsində rayonda görülən işlər, qanun pozuntularının vaxtında aşkar olunaraq aradan qaldırılması, qanunsuz tikililərin qarşısının alınması istiqamətində tətbiq olunan qanunvericilik tələbləri barədə iştirakçılara ətraflı məlumat verildi.
Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Süleyman Zeynallı çıxış edərək bildirdi ki, rayonda tikinti və şəhərsalma proseslərində qanunvericiliyin tələblərinə əməl olunması daim diqqət mərkəzində saxlanılır, bu sahədə dövlət nəzarətinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
S.Zeynallı qeyd etdi ki, inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri qanunsuz tikililərlə mübarizə tədbirlərini daha da gücləndirməli, aidiyyəti qurumlarla koordinasiyalı fəaliyyəti təmin etməli və bu məsələyə xüsusi həssaslıqla yanaşmalıdırlar.
İcra başçısının birinci müavini tikinti və şəhərsalma sahəsində qanunvericiliyin tələblərinə əməl olunmasının vacibliyini vurğulayaraq, rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən nəzarət tədbirləri, aşkar edilən qanun pozuntularına qarşı görülən hüquqi tədbirlər barədə də ətraflı məlumat verdi.
Sonda mövzu ətrafında hüquq-mühafizə orqanlarının nümayəndələri ilə birgə müzakirələr aparıldı, iştirakçıları maraqlandıran suallar cavablandırıldı.
Keçidlər